“Xama Billiat üçün bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

CAR-ın “Mamelodi Sandauns” klubunda çıxış edən Xama Billiatı uzun müddətdi “Qarabağ”ın transfer etmək istədiyi deyilir. CAR mediasnın yaydığı məlumatda transferin reallaşmaq üzrə olduğu bildirilirdi. Qeyd edilir ki, yayda “Mamelodi Sandauns”u 2 futbolçu – Persi Tau və Xama Billiat tərk edəcək. Hər iki oyunçu Avropaya köçəcək. Belə ki, Taunun İsveç, Billiatın isə Azərbaycana yollanması gözlənilir.

Qurban Qurbanov yeni transferlərlə bağlı da danışıb: “Açıq deyim, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelər üzrə danışıqlar apardığımız futbolçular var”.

Baş məşqçi “Qarabağ”da Çinə transfer olunan Dino Ndlovununyerinin görünməsi ilə bağlı fikirlərlə razılaşmayıb: “Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odu ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiyim hamı komandadadı”.