Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”, dünən Albaniyanın “Kukesi” klubu üzərindəki inamlı qələbəsi ilə sözügedən turnirin 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı.

Minval.info-nun məlumatına görə, təmsilçimizin bu mərhələdəki rəqibi isə Belarus təmsilçisi BATE olacaq.

Son illərdə “Qarabağ” Azərbaycan futbolu üçün nə məna kəsb edirsə, BATE də Belarus futbolu üçün həmin mənanı kəsb edir. Klub 1973-cü ildə  Borisov şəhərinin avtomobil zavodu tərəfindən qurulub. Komanda 2014-cü ildən ev oyunlarını Borisov Arenada keçirir.

BATE abreviaturasının açılışı isə “Borisov Automobile and Tractor Electronics”dir (Borisov Avtobomil və Traktor Elektroniksı). 1996-cı ildən yenidən qurulan klub UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak etməyə başladı.

İlk dəfə 2008-ci ildə Çempionlar Liqasına vəsiqə qazanan BATE bu sevinci yaşayan ilk və hələki tək Belarus komandası oldu. 2015-ci ilə qədər mötəbər turnirin qrup mərhələsinə 5 dəfə vəsiqə qazanan BATE, iki dəfə isə Avropa Liqanın qruplarında mübarizə aparıb. 2010-11 və 2012-2013-cü ildə Avropa Liqasında qrup səddini keçərək son 32 komanda arasına adını yazmağı bacarmışdı.

Qeyd edək ki, Alaksandr Bahanın yetirmələri 2-ci təsnifat mərhələsində Finlandiyanın HİK kollektivini mübarizədən kənarlaşdırmışdı.

Əcəmi Əsədulla

Minval.İnfo