“Qarabağ”ı izləyən Avropa nəhəngləriÇempionlar Liqasının I təsnifat mərhələsi başa çatdıqdan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, 449 komandanın yer aldığı cədvəldə cüzi dəyişikliklər olub.

Siyahıda Azərbaycanı təmsil edən klubların mövqeyində də bəzi dəyişikliklər baş verib. Mövqeyi dəyişməz qalan ən yaxşı təmsilçimiz “Qarabağ” Avropanın 64-cüsüdü.

Mərhələ adlamaqla hesabına daha 0,500 xal artıran Qurban Qurbanovun yetirmələri cari mövsümdə 2,000 xal əldə edib. Son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalı isə 21,000-a bərabərdi.

Avropada 64-cü olan “Qarabağ”ın ən yaxın izləyiciləri “İnter” (20,000), “Selta” (19,000), “Qalatasaray”, Vyana “Rapid”i, “Leypsiq” (hamısı 18,500), “Valensiya”dı (18,000). Ağdam klubunun arxada qoyduğu komandalar arasında adlı-sanlı “Milan”, həmçinin “Sampdoriya”, “Everton”, Moskva “Spartak”ı kimi klublar var.

“Qarabağ” 63-cü olan BATE-dən yarım xal geri qalır. Lakin Belarus təmsilçisi də mübarizəni davam etdirdiyindən fərqi aradan qaldırmaq asan olmayacaq. 60-cı yerə şərik olub, Azərbaycan çempionunu 1 xal qabaqlayan üç komandadan ikisi avrokubokların iştirakçısıdı. Bunlar “Feyenoord” və “Styaua”dı. Cari mövsüm qitə arenasına çıxmayan “Lester”lə 3 xallıq fərqi 1-ə endirən ağdamlılar İngiltərə klubunu keçməyə də iddia edir.

Azərbaycanın digər klubu “Qəbələ” 156-cıdı. Komandanın 6,250 xalı var.

“Keşlə”, “Neftçi”, “Kəpəz” və “Zirə” 3,450 xalla 255-ci yerə şərikdi. Bu komandalar 5 pillə geriləyib.

Qeyd edək ki, siyahıya “Real” başçılıq edir – 131,000 xal.