İlham müəllim: “Film lenti ilə ifa etdiyim musiqidən sonra hamı hissə qapıldı, hücuma keçib ermənilərinn postlarını darmadağın etdik”. 

Ötən yazımızda “Kunq-Fu” ustası İlham Kərimli barədə reportajın bir hissəsini diqqətinizə çatdırmışdıq. Bu dəfə onun qeyri-adi bacarığından söhbət açacağıq. Eyni zamanda 50 yaşlı idman ustasının həm Qarabağ döyüşlərindəki iştirakından, həm də musiqiçilik qabiliyyətindən danışacağıq.

İlham müəllim bizimlə söhbəti zamanı qeyri-adi bacarığının olduğu söyləyib: “Elə olub ki, hansısa idarəyə getmişəm və davranışları o qədər əsəbləşdirib ki, istəmişəm bir anlıq oranı bir-birinə qatım. Çox şükür Allah səbr verib, özümü sakitləşdirmişəm. Hətta demişəm, elə çığıraram yerə yıxılarsan. Mən ultrasəslə qarşımdakını yerə yıxmağı bacarıram. Bunu illərdir çəkdiyim əziyyətlə əldə etmişəm”.

İlham Kərimli əməkdaşımıza bəzi fəndləri izah edir

İdman ustasının sözlərinə görə, başqa müəllimlər onun fəndlərindən istifadə edirlər: “Bəzi müəllimlər var ki, mənə deyirlər “haqqınızı halal edin, sizin “Youtube”dakı videolarınıza baxıb, oradakı fəndlərdən istifadə edib tələbələrimizə məşq keçirik”. Vallah, mən istəmişəm kimsə Azərbaycanda məndən bir addım öndə olsun, baxım ondan nəsə öyrənim. Amma bunu heç vaxt görmədim. İnsanlar məni sosial şəbəkələrdə görüb məşqlərə yazılırlar. Yaxud parkda idman edərkən ağaclara güclü zərbələr vururam, bu da diqqət çəkir”.

İlham müəllim əvvəlki yazıda qeyd etdiyimiz kimi həm də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib: “Hələ ermənilərlə münaqişə yeni başlamışdı. O vaxt Şuşada kimdə tüfəng varıydı hamısını yığdılar. Bizi tamamilə tərki-silah etdilər. Ermənilərə daş atırdıq. Belə qarışıq zamanda ölkə daxilində siyasi partiyalar bir-biri ilə atışırdı. 1988-ci ildə hərbi xidməti bitirdim və milli orduda silah çatışmazlığı olduğundan könüllü olaraq milis batalyonuna yazıldım. Müxtəlif istiqamətdə gedən döyüşlərdə iştirak etmişəm”.

Müsahibizim döyüşlər zamanı başına gələn hadisə barədə danışıb: “Qarabağ döyüşləri zamanı hücum üçün əmr gözləyirik. Deməli, qar dizə qədər idi və oturmuşduq, yerdən film lentini götürdüm və onun vasitəsilə “ay duman gəl” Baş sarıteli ifa etdim. Hamının beyni döndü, komandirin əmri olmadan, hücuma keçdik, ermənilərin postlarını darmadağın etdik. Komandir bundan sonra məni qucaqladı, dedi, “mən Əfqanıstanda döyüşmüşəm belə şey görməmişəm”. Heç kimin burnu belə qanamadı”.

“Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla bir təhər dolanırıq”

İ.Kərimli eyni zamanda musiqi alətlərində ifa etmək bacarığına sahibdir: “Gözümü açıb evdə musiqi alətləri görmüşəm. Qarmon, nağara, gitarada ifa etməyi bacarıram. Əvvəllər Şuşada qarmon ifaçısı kimi toy məclislərində iştirak edirdim. Oradakı dostlarımı, yaxınlarımı itirdiyim üçün bu fəaliyyətimi dayandırdım. Toylarda musiqiçi kimi iştirak etsəm, onların ruhu şad olmaz. Heç istəsəydim də, qarmonda ürəkdən ifa edə bilməyəcəkdim. Köçkün gələndən sonra elə “Kunq-Fu” idman növü üzrə məşqlər keçirəm. Heç kəsdən bir şey almamışam və kimdənsə nəsə istəməmişəm. Tələbələrimin çoxuna pulsuz məşq keçirəm. Yeri gəlmişkən qeyd edim ki, tələbələrimə əxlaqı və cəmiyyətə nümunə olmağı da aşılayırıq. İmkanı olmayanı geri göndərmirəm. Belə bir misal var, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla bir təhər dolanırıq.

Kiçik otaqda tələbələrinə məşqlər keçən İlham müəllim böyük idman zalınının olmasının arzulayır.

Müsahibizim övladlarının da onun yolunun davam etməsini istəyir: “Ailəmiz 5 nəfərdən ibarətdir. İki oğul, bir qız övladım var və hamımız bir otaqlı evdə yaşayırıq. Burada hər şey pulla olduğundan övladlarımın universitetə daxil olmaqlarının tərəfdarı deyiləm. Hansısa sənətə yiyələnməklərini məsləhət görürəm. Oğlanlarım ikisi də musiqi alətlərində ifa etməyi bacarırlar. Həmçinin bu idman növünü öyrənirlər”.

İlham Kərimli tələbəsi olmuş Çingiz Mustafayevin onun haqqında çəkdiyi sənədli filmi minval.info-ya təqdim edib. Ekran işində idman ustasının həyatından bəhs edilir.

İ.Kərimli filmdə Şuşadan köçərkən başına gələn dəhşətli hadisə barədə söhbət açıb: “Mənim anam xəstə idi. O, maşına minə bilmirdi. Anamı əlimdə aparırdım. Qayanın üstü ilə gedirdik. Snayperçilər isə arxadan atəş açırdı. Mən fikirləşdim ki, güllə mənə dəyərsə və mən ölərəmsə anam girov düşə bilər. Bədənimdə bir istilik hiss etsəydim biləcəkdim mənə güllə dəyib. O zaman anamın ermənilərin əlinə düşməməsi üçün onu qayadan aşağı atmağı düşünürdüm. Bu xəyallarla anamı aparırdım…”

Film barədə daha ətraflı təqdim etdiyimiz videoda baxa bilərsiniz.

Samir Mirzə

Fotolar: Fərid Özay