Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı adsız küçəyə Azərbaycanın Mili Qəhrəmanı Albert Aqarunovun adı veriləcək.

Onun haqqında çoxlu məlumatlar verilib, yazılar yazılıb. Amma belə bir qəhrəmanı hər zaman xatırlamaq lazımdır. Albert kim olub? Onun haqqında nələri bilmirik? Onu “Qarabağ”a gətirən nə idi?

Minval.info yəhudi əsilli Qarabağ döyüşçüsü Albert Aqarunov barədə kiçik araşdırmaq aparıb və maraqlı məlumatlar əldə edib.

Həmin məlumatları sizlərə təqdim edirik:

–  Adın nədir sənin?

–  Albert.

–  Albert, hansı millətin nümayəndəsisən?

–  Yəhudi.

–  Yəhudilərə Azərbaycan torpağını qorumağı nə məcbur edir?

–  Mən bu torpaqda doğulmuşam burada, yaşayıram da, ayrı heç nə məcbur eləmir.

–  Bir vətəndaş kimi öz borcunu nədə görürsən?

–  Gəlib torpağı qorumaq.

–  Nə qədər, təxmini, qalmaq fikrin var?

–  Müharibənin axırına kimi.

Bu sözləri Albert Aqarunov Mirşahin Ağayev və Çingiz Mustafayevin hazırladığı reportajda söyləmişdi. Asif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqi ilə maraqlanıb. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib.

İlgili resim

Lakin Albert gələcək həyatını musiqi üzərində qurmağa həvəsli deyildi. Qardaşı Rantik Aqarunovun sözlərinə görə, Albertin yeganə sevmədiyi şey aqressiya və özündən zəiflərə qarşı pis münasibət idi:

“Daxili adəti imkan verirdi ki, haqsızlıq gördüyü an düşünmədən haqlı tərəfin müdafiəsinə qalxsın. Öz vətənini qorumaq instinkti də, onu Qarabağ məsələsində bir xeyli hiddətləndirirdi”.

Qarabağ müharibəsi başlayanda, Aqarunovun cəbhəyə könüllü yazılması xəbərini alan ailəsində ani çaşqınlıq yaradıb. Onun ailəsi erkən yaşda Abertin həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı. Ailəsinin və onun İsrailə qayıtmaq üçün vizaları olsa da, müharibə bitməmiş Azərbaycanı tərk etməyəcəyini, dostlarını döyüş meydanında tək qoya bilməyəcəyini deyirdi: “Yəhudi olmağıma baxmayaraq, bu torpaqda doğulmuşam, bura mənim vətənimdir”.

Albert Aqarunov ile ilgili görsel sonucu

“Yəhudi buterbrodu”

Albert Şuşa cəbhəsində tank komandiri təyin edilib. İdarə etdiyi “T-72” tankı mürəkkəb olsa da, o öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Albertin tank döyüşündə xüsusi bir metodu vardı ki, yoldaşları bu taktikanı “yəhudi buterbrodu” adlandırırdılar. Bu taktika iki erməni zirehli texnikası bir-birinə yaxınlaşdıqda, bir top mərmisi ilə hər ikisinin məhv edilməsi idi.

İlgili resim

“Ermənilər onun başına pul mükafatı qoymuşdu”

Şuşaya hücum zamanı Albert 9 tank, 7 BMP və bir çox texnikanı məhv edib. Şuşaya Ermənistan bayrağını sancmağa gələn Qaqik Avşaryanın tankını öz 533 nömrəli tankı ilə gülləbaran edib. Ermənilər daha sonra bu tankı rəngləyib Şuşada təpəyə yerləşdiriblər. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Albert Aqarunov ile ilgili görsel sonucu

8 may 1992-ci ildə 23 yaşlı Albert Şuşa uğrunda döyüşlərdə həlak olub. Albert döyüş zamanı öz mövqeyini dəyişərkən şəhid olmuş əsgər yoldaşını kənara çəkmək üçün hərbi maşından çıxıb, elə bu zaman da erməni snayperinin gülləsinə tuş gəlib. Həmin ilin iyun ayında Albert Aqarunova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Albert torpağa tapşırılan zaman molla və ravvin eyni anda dua oxuyub.

Qardaşı Rantikinin sözlərinə görə, Albertin xatirəsi İsraildə də yad edilir: “Xüsusilə, Azərbaycanda doğulub, böyüyən, hazırda isə İsraildə yaşayan həmyerlilərimiz hər il qardaşımın anım gününü keçirirlər”.

Dəniz Kərimzadə

Minval.İnfo