Laşa Şuşanaşvili, Merab Canqveladze və…

İspaniya  polisinin Marbelye şəhərindəki restoranlardan birində keçirdiyi əməliyyat zamanı həbs edilən “rus mafiyası” liderləri barədə yeni sensasion məlumatlar var. Virtualaz.org xəbər verir ki, həbs edilənlərin adları Rusiya mənbələri tərəfindən açıqlanıb. Üstəlik, məlum  olub ki, onlar “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifovun adamını aradan götürmək üçün plan qururmuşlar.

Marbelyedə həbs edilənlər “Artyom Saratovski” ləqəbli erməni “vor zakon” Artyom Sərkisyan, habelə Laşa Barateli (“Çia”) və İrakli Pipiyadır (“İki Suxumski”). Onlar “Rövşən Lənkəranski”nin klanına daxil olan “Merab Suxumski” ləqəbli Merab Canqveladzenin adamlarıdır. “Rosbalt”ın əldə etdiyi məlumata görə, tutulanlar rəqib qruplaşmanın, yəni “Lotu Quli”nin klanının İspaniyaya getməyə və orada bu ilin iyun ayında darmadağın edilmiş mütəşəkkil qruplaşmanı yenidən təşkil edərək Avropada güc nümayiş etdirməyə hazırlaşan üzvünü aradan götürmək üçün plan qurublar.

İyun ayında İspaniyada MDB ölkələrindən olan 129 mütəşəkkil cinayətkar qruplaşma üzvü həbs edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, 2010-cu ilə qədər “rus mafiyası”nın Avropa “obşakı”ına Laşa və Kaxaber Şuşanaşvili qardaşlarının klan üzvləri nəzarət edirdi. Həmin il klanın onlarla üzvü, o cümlədən Kaxa həbs edilib.

Kaxa 2016-cı ildə 10 il həbs cəzası alıb. Qardaşı isə Yunanıstanda həbs edilib, amma 2015-ci ildə azadlığa çıxıb. Bu ilin aprelində Laşanı Yunanıstanda yenidən həbs ediblər.

“Yeni Müsavat” xatırladır ki, Yunanıstanın Soloniki şəhərində keçirilən xüsusi əməliyyatda xüsusi antiterror bölməsinin 100 döyüşçüsü iştirak edib, polis vertolyotundan istifadə olunub. Yunanıstan mətbuatının məlumatına görə, polis müqavimətlə üzləşib və atəş açıb. İki nəfər yaralanıb.  

Həbs olunanların evlərində axtarış zamanı Yunanıstan polisi pul, oğurlanan qiymətli bəzək əşyaları, texnika və saxta sənədlər aşkar edib. Polisin verdiyi məlumata görə, təkcə Salonikdə bu qrup 56 ev və bir neçə lombardı qarət edib. Son bir il ərzində qruplaşma tərəfindən dəyən zərər 1 milyon avrodan çoxdur.

Merab Canqveladze ile ilgili görsel sonucu

Gürcü kriminal qruplaşması Yunanıstanda Laşa Şuşanaşvili və həbs olunanlar arasında daha bir neçə şəxsin ekstradisiyasını tələb edən Fransa prokurorluğu tərəfindən verilən Avropa orderi (EAW) əsasında həbs olunub.

56 yaşlı Laşa Şuşanaşvili postsovet məkanının “oğru dünyası”nın azadlıqda qalan az sayda liderlərindən biriydi.

Bu həbslərdən sonra isə Şuşanaşvili qardaşlarının klanı zəifləyib. Bundan sonra Avropa “obşakı”ına “Rövşən Lənkəranski”nin müttəfiqi kimi Canqveladze iddia etməyə başlayıb. Amma “Rövşən Lənkəranski”nin güllələnməsi Canqveladzeni də zəiflədib.

Nadir Səlifov ile ilgili görsel sonucu

Məlumdur ki, ötən ilin payızında Nadir Səlifov azadlığa çıxıb və Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində nüfuzunu gücləndirib. Habelə Avropa “obşakı”ına nəzarət uğrunda mübarizəyə başlayıb. “Lotu Quli”nin “fəth etməyə” hazırlaşdığı növbəti ölkə İspaniya olub. Canqveladzenin klanı isə buna müxtəlif yollarla mane olmağa çalışıb. Lakin onun adamları İspaniyada həbs edilib.

Mərhum “Lənkəranski”nin gürcü “qanuni oğru”larla münasibəti həmişə yaxşı olub. Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski”  1962-ci il noyabr ayının 20-də (əqrəb bürcü) Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildən anadan olan Levan da “Suxumski” ləqəbi ilə tanınır. Merabın kiçik qardaşı Levan da kriminal aləmin nüfuzlu şəxslərindən hesab olunur. 1975-ci ildə anadan olan Levanın da  “Lənkəranski” ilə yaxşı münasibətləri olub.

“Suxumski”nin “Lənkəranski” ilə ən yaxın müttəfiq və “Ded Xasan” klanının ən qatı düşmənlərindən biri olduğu məlum həqiqətdir. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən “Suxumski”nin son olaraq İtaliyada məskunlaşdığı deyilirdi. Məsələ ondadır ki, Rusiya hüquq-mühafizə orqanları “Suxumski”nin vətəndaşı olduğu ölkəyə qayıtmasını hələ bir il öncə rəsmən əngəlləyiblər.  Ötən ilin iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”nin Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib.

Rusiya KİV-ləri yazırdı ki, “Suxumski” 10 il müddətinə azadlıqdan məhrum edilən Zaxari Kalaşovdan (“Şakro”) sonra kriminal aləmdə “nömrə 1″ olmaq iddiasında idi.