Son illər Azərbaycan jurnalistikasının parlaq imzalarından sayırlar onu.

Fərqli müsahibələri, ənənədən uzaq köşə yazıları ilə xeyli oxucu kütləsi də toplayıb. Amma Kəramət Böyükçöl deyəndə “Çöl” romanından daha çox, vaxtilə ANS-in efirində dediyi açıq-saçıq şeir və ya sosial şəbəkədəki hansısa status yada düşür. Amma yada düşürsə, sitat gətirilirsə və zaman-zaman qıcıq doğurursa, bu gənc adından söz etdirməyi bacarıb, deməkdir. Müzakirə mövzusu olmağa, müzakirələr yaratmağa səbəb olan birisinin hekayəsini, həyata baxışlarını, sevgisini, nifrətini, zəifliklərini və onu güclü edən detalları danışdıq.

Minval.İnfo gənc yazar-jurnalist K.Böyükçölün musavat.com saytına verdiyi müsahibəsini təqdim edir:

– Nəyə görə müasir yazar və şairlərin əksəriyyətində bu “Cırtdan təfəkkürü” var? “Nənəm mənə yağ yaxmacı verib, mənim yükümü daşımalısız” söhbəti hara qədər davam edəcək? Başqa peşə sahibləri öz problemləri ilə necə baş edə bilirsə, siz də həmin qaydada etməlisiniz. “Şairi xalq dolandırmalıdır” kimi çürümüş fikri müasir düşüncəli insanların dilindən eşitmək faciəvidir…

– Baxın, Azərbaycanda yazıçı nə ilə dolanmalıdır? Deyim. Kitabı çıxmalı, kitab satılmalı, insanlar ən azı 10-20 min tirajla o kitabı almalıdır. Yazıçı həmin pulla alkaşlıq edəcək, nəşə çəkəcək, öz işidir. Əsas odur ki, pulu kitabının satışı ilə qazanır. Kitab yazır, pulu qurtarandan sonra birini də yazacaq. Bütün bu məsələ yazıçıya daxili bir rahatlıq, azadlıq, sərbəstlik verəcək, onda mütilik yaratmayacaq. Mərd görünəcək. Çünki bilir ki, öz məhsulundan qazanacaq. Amma bizdə kitab satmaq, oxumaq mədəniyyəti formalaşmayıb. Yazıçı isə görəndə ki, kitabı satılmır, neyləməlidir? Hökumətyönlü mətbuatda çalışmalıdır ki, normal maaş alsın. Bu gün mediada bir balaca istedadı olan adama bütün qapılar açıqdır ki, pul qazana bilsin. Məndə də elədir. Amma təəssüf ki, gül kimi yazıçı idim, ehtiyac məni jurnalist kimi tanıtdı. Mən ayda 22 müsahibə alıram və düzdür, bunun qarşılığında normal da pul alıram. Amma bu enerjini, bədii gücümü toplayıb, yaxşı bir əsər yaza bilərəm, axı… Bu əsər isə həm yaradıcılığım olar, həm də pul qazanaram. Axı jurnalistika, müsahibə əsər deyil, qonorar üçündür. Mən qələmi çörək ağacı kimi minib, çapmaqla məşğulam. İnanın, artıq o qədər robotlaşmışam, təfəkkürüm o qədər kapitallaşıb ki, pulsuz bir status da yazmaq istəmirəm.

– (Zarafatla) O zaman adamlara da potensial müsahib, yeriyən pul kimi baxırsan…

– Əlbəttə… Adamlara ikiayaqlı 80 manat kimi baxıram…

– Bir müsahibəyə görə 80 manat qonorar alırsan?

– Bəli…

– (Gülərək)Yaxşı yaşayırsan…

– Yenə deyirəm, axı mən yazıçı idim, romanlarım, povestlərim var. Hələ çap olunmamış hekayələrim, romanım da var…

– Bəs, onda niyə səni o dediyin romanların, povestlərinlə deyil, Elgizin verilişində dediyin şeirlə, qeyri-ciddi statusların və içkili vəziyyətdə “Facebook” üzərindən etdiyin canlı yayımlarla xatırlayırlar?

– Əvvəla, içkili canlı yayıma çıxmamışam. Amma çıxa da bilərəm. Mənim içib-içməməyimin məsələyə nə dəxli var? Söhbət nə danışdığımdan gedir. Guya içməyənlər çox ağıllı danışır? İkincisi, niyə Azərbycanda Namiq Qaraçuxurlu, Nadir Qafarzadə səviyyəsində müğənnilər, meyxanaçılar bu qədər tanınır və sevilir? Çünki insanların düşüncəsinin, təfəkkürünün qəbul və həzm etdiyi adamlar bunlardır. Çünki bu camaat mahiyyət və potensial etibarilə Namiq Qaraçuxurlu ilə mənəvi qohumdurlar. Onlar məni dilimi necə anlasın, necə başa düşsünlər? Fikir verin, mən 3 roman yazmışam, amma adamlar məni ANS-də gic bir şeirlə tanıyır. Yaxud, hansısa qalmaqallı müsahibəmlə, statsumla tanıyır. Niyə belədir? Axı mən ciddi əsərlər də yazmışam.

– O gic hesab etdiyin şeiri deməyəydin də… Niyə deyirdin? Tanınmağın yolunu bunda görürdün? “Priyom” idi?

– Mən bunu “priyom” kimi etməsəm də, bu cür görünür. Həmin verilişin mövzusu “Müasir ailə modeli necə olmalıdır” idi. Qonaqlardan bir neçəsi molla, bir neçəsi hüquqşünas və başqa-başqa sahənin adamları idi. Hamısı ilk məhəbbətin saflığından, sevənlərin əllləri bir-birinə dəyəndə necə titrəməyindən, beləcə gic-gic müzakirələr aparırdılar. Mən də bu şeiri deyib, sonda bildirmək istəyirdim ki, nə saf məhəbbət, nə təmiz hisslər, nə əl-ələ dəyəndə…?