QMİ-dən Flora Kərimovaya cavab: “Həyətinizi qəbristanlığa çevirməyin”

“Azərbaycanın 77 yaşlı xalq artisti Flora Kərimova “V element” proqramında bildirib ki, istəyirəm öləndə məni bağımda dəfn etsinlər: “İstəməzdim uzun ömür yaşayım. İstəyərdim ailə taleyim bütöv olsun. Vəsiyət etmişəm. Hamıya demişəm ki, məni elə basdırın ki, yerimi tapmasınlar. İstəmirəm desinlər, yazıq. İstəyirəm deyim ki, məni öləndə bağımızda dəfn etsinlər”.

Flora Kərimovanın bu istəyinə İslam dini nə deyir?

Minval.İnfo xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məscidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib ki, İslam dinində insanının qəbristanlıqdan kənar yerlərdə dəfn olunması haram sayılmır:

“Qəbristanlıq ümumxalq üçün ayrılan dəfn yerinə deyilir. İstisna hallarda insan həyətində dəfn edilə bilər. Tutaq ki, yaşadığın ərazidə qəbristanlıq yoxdursa, kənar yerdə dəfn oluna bilərsən. Bu da gərək halal və kiminsə şəxsi mülkiyyəti olmasın”.

Hacı Sədi həmçinin qeyd edib ki, məzarlıqda meyvə ağacının meyvəsindən yemək və su quyusunun suyundan içmək olmaz:

“Bu gigeyina, epidemologiya və tibbi baxımdan məqbul sayılır. Ona görə qəbristanlıq həyətində olan quyunun suyu məkruhdur, yəni onun içilməsi bəyənilmir. Qəbristanlıqda olan meyvələrdən istifadə edilməsi də bəyənilmir. Hesab edirəm ki, insanların hər biri dünyasını dəyişdikdən sonra qəbristanlıqda dəfn olunması daha məqsədəuyğundur. İnsanlar orada dəfn olunsa fəzilətdir və daha uyğundur. Yoxsa bütün insanlar əhd etsinlər ki, mən öz həyətimdə dəfn olunmaq istəyirəm, bu yolverilməzdir. Hər yeri qəbristanlığa çevirmək olmaz. Təbii ki, torpaqlar, Yer üzündə olan bütün mülklər hamısı Allaha məxsusdur”.