Jurnalist Könül İbrahim: “Analar oğlanlarını şah kimi böyüdürlər, onlar düşünürlər ki, qadınlar onların qulluqçusudur”

Dünyanın, o cümlədən Azərbaycanın xəbər gündəminin ən aktual məsələlərindən biri olan qadın – kişi münasibətlərində gender bərabərliyi haqqında qadın liderlərin fikrini öyrənmək məqsədilə ilə “Yeni Müsavat” qəzetinin mədəniyyət və maqazin yazarı Könül İbrahim ilə bu mövzularda söhbətləşdik.

– Jurnalist olaraq tərəfsiz fikir bildirməyinizi istəyirəm. Ölkədə gender bərabərliyinin pozulmasını daha çox haralarda görürsünüz?

– Mənim ətrafım qadına şiddət göstərən, onu aşağılayan, xor görən insanlardan ibarət deyil. Düzdür, hər kəs öz ağlı və düşüncə tərzinə yaxın insanlarla ünsiyyət qurur. Cəmiyyətimiz qadınla kişini bərabərhüquqlu görməyə hazır deyil. İnsanların çoxunda bir düşüncə var: Pis əməl, əxlaqsızlıq etsən də, heç kim bilməməlidir. Onlar öz ayıblarını ört-basdır edib, başqasının ayıbını müzakirəyə çıxarırlar. Elə toy adətlərimizə baxaq. Sırf qızın bakirə olmasını bildirmək üçün belinə özü boyda qırmızı lent bağlayırlar. Çünki sabah qohum-qonşunun “dilinə” düşməkdən qorxurlar. Mən toyumda qırmızı lentdən imtina etdim. Qohumlarımız anamdan birinci onu soruşmuşdular ki, niyə lenti yoxdur? Əslində bu faciədir. Gəlinin bakirə olub-olmaması həyat yoldaşından başqasını maraqlandırmamalıdır. Qadınlar uşaq vaxtından gender-bərabərsizliyi ilə üzləşirlər. Peşə seçərkən valideyn qızına  “qız peşəsi” seçir, “müəllim, həkim olmalısan” deyirlər.  Bunlar bərabərsizliyin əsasını qoyur. Və ya “maşınla, topla oynama, oğlan məşğuliyyətidir” deyə bildirirlər. Göstərdiyim ən bəsit nümunələrdir.

– Sənət aləminin içərisindəsiniz. Ən çox müzakirə olunan qadınlar da elə sənətçi qadınlardır. Onların bərabərsizliklə qarşılaşdıqlarına şahid olmusunuz?

2ecdd0d3-24f4-447b-8b2d-0dfcc72b052f.jpg (103 KB)

–  Bütün sahələrdə olduğu kimi şou aləmində də gender bərabərliyi pozulur. Biz elə bir ölkədə yaşayırıq ki, hələ də sənətçi qadınlar birmənalı qarşılanmır. Onlara çox vaxt əxlaqsız, yüngül həyat yaşayan qadınlar kimi baxırlar. Amma bir az dərinə getsək, istənilən sahədən əxlaqlı və ya əxlaqsız qadın tapa bilərik. Yaxın keçmişdə meyxanaçı Aqşin Fateh efirdə dedi ki, maddi imkanı yüksək olan sənətçi qadınlar pozğunluqla məşğuldur. Ona yalnız müğənni Afət Fərmanqızı cavab verdi. Digərləri susdu ki, özümüzə götürmürük. Bəzi hallarda gender bərabərliyinin pozulmasına, aşağılanmağa özləri şərait yaradır və ya qarşısını almırlar.

Bundan əlavə sənətçi xanımlar tez-tez geyimlərinə, rəqslərinə görə tənqid olunur. Məsələn: Türkiyədə rekord qıran müğənni Reymenin “Ela” mahnısına müğənni Aysun göbəyi açıq geyimdə rəqs etdi deyə təhqir edildi. Ona görə də həmin videonu sosial şəbəkədən sildi. Lakin müğənni Kərim alt paltarında çimərlikdə rəqs edərkən çəkdirdiyi video tənqid olunmadı.

323dabda-ffa6-4725-9791-6a01573f7397.jpg (137 KB)

 – Qadınların hüquqlarını bərpa etmək üçün nələr etməliyik?

– Bir qrup gənc var ki, bir araya gəlib maarifləndirici tədbirlər keçirir, sosial şəbəkələrdə postlar paylaşırlar. Amma qadına şiddətə qarşı çıxanların fikirləri çox zaman sosial şəbəkədən kənara çıxmır. Bu üzücüdür. Çünki qadına qarşı  əziyyət daha çox bölgələrdədir. Onlara şiddət göstərən kişilər sosial şəbəkədə aktiv olan, kiminsə sözünə görə xasiyyətini, vərdişini dəyişən insanlar deyil. Ölkə miqyasında tədbirlər görülməli, qadınların daha çox sosiallaşmasına, qadın-kişi bərabərliyinin bərpasına çalışılmalıdır. Bu prosesdə məşhur sənət adamlarından da istifadə etmək olar. Çünki onların səsi daha çox insana çatır. Əsas odur ki, qadın hüquqlarının qorunması dövlət səviyyəsində aparılsın.

1171a253-883a-4b9f-9452-f26cd25c38c8.jpg (101 KB)

– Özünüz gendər bərabərsizliyi ilə qarşılaşmısınızmı?

– Ailədə əsas yükün qadının üstə düşməsi buna bir misaldır. Əksər qadınlarımız kimi mən həm peşəmi həyata keçirir, həm də ev işlərini görür və uşağıma baxıram. Amma düşünürəm ki, işləyən qadınlar üçün istisnalar olmalıdır. 3 il ana olan hər qadın dövlətdən və ya iş yerindən maaş almalı, evində uşağını düzgün böyütməlidir. Əgər gələcəyimizin daha parlaq, övladlarımızın həm özünə, həm vətənə xeyirli olmasını istəyiriksə, ana-uşaq ünsiyyətini möhkəmləndirməli, qadınlarımıza  şans verməliyik. Məsələn: mən uşağımı evdə qoyub, işə gələndə vicdan əzabı çəkirəm.

 – Qadınlar gender bərabərliyini qorumaq üçün nə etməlidir?

– İlk olaraq təhsil almalı, özünə peşə seçməlidir. Analar qızlarının başını ər sevdası ilə doldurmamalıdır. Qızlarımız 23 yaşı olan kimi ərə getmək əvəzinə karyerə  qurmalıdırlar. Düşünürəm ki, artıq gənc yaşda ailə qurmağa meyl edənlər də azalıb.  Qadın təhsil alıb, karyera qurandan sonra ailə haqqında düşünməlidir. Çünki ailəni 20 yaşda da, 25 yaşda da qurmaq olar. Ailə quracaqları adamı yaxşı tanımalıdırlar, sevgi bəzən hər şeyi həll etmir. Ona görə də sevgidən öncə onlara edilən hörmətə baxmalıdırlar.

Küçədə biri onlara söz atanda utanıb sıxılmamalıdırlar. Kiminsə sözünə görə gələcəklərini məhv etməməlidirlər. Əslində yollar çoxdur. Xoşbəxt, ayaqları üstündə dayanan qadın olmaq üçün ilk olaraq təhsil alınmalıdır.

Analar oğlanlarına ən bəsit işləri özlərinin görməli olduğunu öyrətməlidir. Analar oğlanlarını şah kimi böyüdürlər, onlar düşünürlər ki, qadınlar onların qulluqçusudur. İstənilən qadını, qızı əldə edə bilərlər. Qadının kişiyə “yox” demək, ondan ayrılma   istəyi ola bilməz. Həyat yoldaşından boşanan və ya sevgilisindən ayrılmaq istədiyi üçün şiddət görən, öldürülən o qədər qadınımız var ki. Bundan əlavə nişanlısından sırf elin sözünə görə ayrılmayan qızlarımız var ki, bədbəxt olurlar. Ərindən şiddət görən qadın polisə gedir, lakin polis ər-arvadı barışdırır və ya polisə gedən qadını ciddiyə almırlar. Qadınlar haqsızlığa susmamalı, hüquqlarını qorumalı və hüquqlarının qorunmasını tələb etməlidirlər.

Yazı “Qadın haqları və Gender Bərabərliyi “  İctimai Birliyinin “Qadın hüquqlarının  qorunması  və gender bərabərliyi“  mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilib.