Cənubi Kiprdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dəstəyi ilə türk və yunan jurnalistlər üçün hazırlanan “Önəm daşıyan sözlər” adlı lüğət ciddi polemikaya səbəb olub.

“Qafqazinfo” “Akşam”a istinadən xəbər verir ki, lüğətdə “işğal”, “Attila”, “sərhəd”, “qapılar”, “Rum lider”, “Rum rəhbərliyi”, “qeyri-qanuni liman”, “gavur”, “Şimali Kipr – Cənubi Kipr”, “ana vətən”, “işğalçı əsgər”, “sülhməramlı qüvvələr” və s. sözlərin yer alması yunan xalqını hiddətləndirib.

Bəzi radikal qüvvələr lüğəti hazırlayan heyətdə yer alan kiprli jurnalist Mariya Siakallini “türk casus” adlandırıb və onu ölümlə təhdid ediblər.

Siakalli məruz qaldığı təzyiqlər barədə bunları deyib:

“Təhqirlərə məruz qalıram. Aspirantura təhsilimi Türkiyədə aldığım üçün Türkiyənin casusu olduğumu və onlar tərəfindən maliyyələşdirildiyimi söyləyirlər. Günlərdir bəzi kanallar bizi susdurur”.

ATƏT Mətbuat Azadlığı təmsilçisi Harlem Desir açıqlama yayaraq jurnalistə edilən təzyiqləri tənqid edib və onun yanında olduqlarını bildirib.