Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslər – Xəyal Paşayevin 20 il, Kənan Həsənov və Bilal Bayramovun 19 il, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 30-da davam edəcək.

İttihama görə, ötən il Xırdalan şəhəri 28-ci məhəllədə 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib, 1985-ci il təvəllüdlü Paşayev Xəyal Oqtay oğlu isə yaralı vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, hadisə borc pula görə baş verib. Həmin şəxslər Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Onlar V.Nəcəfovun B.Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb ediblər və onu oğurlayaraq “Manqal” restoranına gətiriblər. Orada V.Nəcəfovu soyunduraraq döyən şəxslər onun ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək hədələyiblər. V.Nəcəfov dəstə üzvləri ilə razılaşıb və evdə olan xanımına məxsus qızılları verəcəyini deyib. Onlar birlikdə evə gedərək oradan 15 min manat dəyəri olan qızıl-zinət əşyaları götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə V.Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər. Daha sonra V.Nəcəfov görüşə silahla gəlib. Dəstə üzvləri tərəfindən döyülən V.Nəcəfov əlini silaha atıb. Bu zaman Xəyal Paşayev və digərləri silahı onun əlindən alıblar. Onlar silahla atəş açıblar və güllə V.Nəcəfovun baş nahiyəsinə dəyib. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə vaxtı Xəyal Paşayev də güllə yarası alıb. (Publika.az)