“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “Yeni Müsavat”ın qurulmasından 29 il sonra nələri dedi…

Yenə aylardan noyabr. Ölkənin ən yaşlı və tirajlı qəzetlərindən olan “Yeni Müsavat”ın mövlud günüdür. “Keçən il bu vaxt…” deyib başladığımız söhbətlər bizi daha uzağa aparır bu dəfə – 29 il öncəyə. 4-cü onillikdən xırdalamağa başlamamıza cəmi bir il qalıb, əslində. Xatirələr təkrarlanır, amma uğurlar da, problemlər də artıb.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arioğlu ilə söhbətdə onları bir-bir sadalamağa çalışırıq. “29 yaşlı gənc”in yaradıcısı suallara keçmədən öncə söhbətə özü körpü qoyur. Deyir, 29 il əvvəl bugünkü günlər mediaya “Yeni Müsavat” adlı bir qəzet ayaq açmağa hazırlaşırdı…

– Bu, böyük tarixdir. Artıq neçənci dəfədir ki, bizim bu tarixlə bağlı müsahibələrimiz olur. Bəzən az, bəzən çox oxuyurlar. Amma bu müsahibələr, bu təkrarlar tarix üçündür. Azərbaycanın son 30 illik media tarixi əslində “Yeni Müsavat”ın tarixidir. Sovetlər dönəmində kommunist qəzetlərinə, Leninçi sistemə alternativ qəzet qurmaq və onun adını “Yeni Müsavat” qoymaq bilirsiniz nə demək idi? Birbaşa quruluşu yıxmağa iddia etmək! Özü də bu qəzeti sən … gizli bir təşkilat kimi qurasan… Hər şey gözümün önündədir. Həm də bəzən mənə elə gəlir ki, bunları hər kəs də bilir. Lakin düşünəndə ki, bizim hazırkı kollektivdə çalışanların yarısı bizim qəzetlə yaşıddır və ya ondan gəncdir, başa düşürəm ki, biz hardayıq və nələr etmişik.

– Rauf bəy, budəfəki ildönümü müsahibəmizin formatını bir qədər fərqli düşünmüşük. Mən hər il öz suallarımla, oxucuları maraqlandıracaq məqamlarla bağlı sizinlə “Yeni Müsavat”ın ötən bir ilini dəyərləndirməyə çalışıram. Amma bu dəfə media, siyasət və ictimai sektorun tanınmış simalarının sualları ilə sizə müraciət edəcəyəm. Necə deyərlər, bu dəfə biz yox, onlar soruşur. Və hətta qısqanclıqla da olsa etiraf edim ki, mənim ağlıma gəlməyən bir çox suallar tanınmış oxucularımızın ağlına gəlib.

– Mənim üçün də maraqlıdır o suallar.

rauf bəy 2.jpg (70 KB)

– Öncə “Yeni Müsavat”ın köşə yazarı Zamin Hacının sualı ilə başlamaq istəyirəm söhbətə. Köşə yazarımız soruşur ki, Rauf bəy “Yeni Müsavat”ın hansı dövrünü daha uğurlu hesab edir?

– Maraqlı sualdır. 29 il bundan öncə, 10 noyabr tarixində qəzetimizin ilk sayı oxucuya çatdırıldı. Böyük bir xalq mitinqi var idi Azadlıq meydanında. Və biz az qala bir aya yaxın çəkən hazırlıq, makinada səhifələrin yığılması, onun kopyalama üsulu ilə çıxarılması, bir-birinə tikilməsindən sonra qəzetimizi o nəhəng mitinqdə payladıq. “Yeni Müsavat” Azadlıq meydanında doğuldu. Bax, bizim qəzetin ən uğurlu dövrü məhz həmin gündür! Və o gün hələ də davam edir.

– Növbəti sual deputat  Fazil Mustafanındır. Fazil bəy soruşur: “Yeni Müsavat” qəzetinin “musavat.com” saytı ilə rəqabətdə meydanının daraldığını nəzərə alaraq, qəzetin cəlbediciliyi baxımından düşüncənizdə hansısa yeniləşmə layihəsi varmı?”

– Çap mediası elektron mediaya hər yerdə uduzur. Bunun qarşısını almaq qeyri-mümkündür. Bütün dünyada bu proses baş verməkdədir. Amma bu, əslində yaxşı haldır. Elə bir yenilik gəlir ki, bu, artıq bir nömrəli amilə çevrilib. Paralel ekran əsri başlayıb. Artıq çoxları öz evindəki əsas ekranı –  televizoru da az seyr edir.

musavat.jpg (73 KB)

Yeni media və paralel ekran dediyimiz ağıllı telefonlar nəinki print medianı, televizorları, kompüterləri də köhnəldib. Hər kəs əlindəki o telefonla yatır, onunla qalxır və gözünü açanda ilk baxdığı da  telefon olur. İndi biz də çalışırıq ki, çap versiyadakı qəzeti yox, alternativ ekranı hədəf götürərək, işimizi ona doğru daha da  uyğunlaşdıraq. İndiki zaman da, gələcəkdə də, qazanc da, uğur da, hamısı ondadır. Bu gün qəzetimizin 7128-ci sayı çap olunur. Bu rəqəm və print media bir yayın orqanı olaraq bizim soy kökümüzdə dayanır. Biz işimizi, sistemimizi, fəaliyyətimizi, hər şeyimizi bunun üzərində qurmuşuq. Belə şəraitdə məhz çap versiyasındakı qəzeti gücləndirmək qeyri-mümkündür. Amma onu qorumağın yollarını düşünürük. Fazil bəyin nəzərinə çatdırım ki, qəzet çapı rentabelli deyil artıq. Dünyada bir çox nəhəng qəzetlər özlərinin çap versiyasını bağladılar, elektron medianı gücləndirdilər. Biz isə öz qəzetimizi qoruya bildiyimiz qədər qoruyacağıq. Üstəlik, indiki dövrün şərtlərinə uyğun şəkildə onu maraqlı etməyə çalışırıq ki, oxucu bu qəzetdən yorulmasın, xəbər və yazılarda boyatlıq hiss etməsin.

– Tanınmış telejurnalist Qulu Məhərrəmlinin sizə iki sualı var. Birinci sualı belədir: “Rauf bəy nə vaxtsa ”Yeni Müsavat”ın təxminən 2000-ci illərə qədərki dövrdə tutduğu tənqidi mövqeyə qayıdışını mümkün hesab edirmi?”

– Biz bir neçə iqtidar görmüşük, bir neçə formasiya devirib yola salmışıq. 2000-ci illər və ondan əvvəlki dövrdə “Yeni Müsavat” qəzeti bir düşərgə qəzeti idi. Hakimiyyətə gəlmək istəyən bir komandaya oynayır, onun üçün çalışır, ona işləyirdi. Bu gün biz özümüzə işləyirik. Bizə necə sərf eləsə, o cür də davranacağıq. Amma əsasən çalışırıq ki, mətbu mandatdan kənara çıxmayaq. Bir də yenidən siyasətçi mandatına qayıtmaq fikrim, niyyətim yoxdur mənim. İndi mən bir media meneceri, biznes strukturunun başında dayanmışam. “Yeni Müsavat”da təmsil olunan heç kim də hakimiyyətə gəlmək istəmir ki, bütün maraqları o bir adamın maraqlarına tabe etdirək.

– Qulu müəllimin ikinci sualı isə belədir: “İndi ölkədə rus dilinə yeni və şübhəli maraq artmağa başlayıb. Qəzetin rus dilində də dərc olunmaq ehtimalına necə baxırsınız?”

– Rus dilinin azərbaycanlılara açdığı böyük imkanlar, böyük auditoriya var. Azərbaycan həm türkdilli, həm də rusdilli arealda yerləşir. Bu bizə böyük imkanlar yaradır. Ona görə də hazırda ölkəmizdə həm türk dilinə, həm də rus dilinə maraq paralel olaraq artmaqdadır. Bundan narahat deyiləm. 200 il ruslarla bərabər olduq. Çox şükür, Cənubi Azərbaycandakı soydaşlarımıza nisbətən, daha milli qaldıq, daha da inkişaf etdik. Bu dalğada da belə olacaq, əminəm. Qəzetin rus versiyasına gəlincə, 2002-2003-cü illərdə bizim qəzet rus dilində də yayılırdı. İndi bizim qəzetin saytının – musavat.com-un rus versiyası var. Bu versiya o qədər də çox izlənmir. Amma bizim media qrupuna aid olan minval.az saytı rus dilində yayımlanır.

– Növbəti sual “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncaydan gəlir: “Rauf Arifoğlu böyük ölkədə yaşasaydı, həyatını necə qurardı?”

– Ölkəm mahiyyətcə də, tarixi ərazi baxımdan da böyük ölkədir. Azərbaycan təxminən 50 milyonluq insan birliyi deməkdir. Həyatımı ona görə düzənləyib, o istiqamətə həsr etmişəm. Ölkəmin mahiyyəti və tarixi coğrafiyası qədər real coğrafiyası olsun deyə, həyatımı bu işə adamış insanlardan biriyəm.

musavat1.jpg (42 KB)

– Xural.com saytının baş redaktoru Əvəz Zeynallının üç sualı var. Birincidən başlayaq: “Özünüzü qarşı düşərgədə – illərdir vuruşduğunuz, savaşdığınız səngərin o biri tərəfində necə hiss edirsiniz? Rahatsınızmı? Yoxsa qəlbinizin dərinliklərində hər gün sizi narahat edən nəsə olur?”

– Mən ümumiyyətlə, xarakter etibarilə narahat adamam. Yapım budur. Yəqin ki, ölənə kimi bu cür davam edəcək mənim narahat tipim. Səngər məsələsinə gəlincə, biz zamanında qəzet olaraq siyasət səngərində olmuşuq. Öz yerimizdə olmamışıq. Biz hakimiyyəti yıxıb onun yerinə keçmək istəyən bir düşərgənin, konkret olaraq, Müsavat Partiyasının maraqları çərçivəsində işimizi, kollektivimizi qurmuşduq. Onun seçimi ilə düşmən, dost bəlirləmişik, onun uğrunda həbsxanalarda yatmışıq, iqtidarlarla pis olmuşuq… Amma hətta siyasətin öz prinsipləri ilə yanaşanda görürük ki, siyasətin əks tərəfləri belə müəyyən zamandan sonra iqtidar, ya da müxalifət ortağı olurlar, vahid komanda qururlar. Dünən savaş vardıysa, səngər vardıysa, bu gün barış və bərabərlik var. Siyasətçi bir dini təriqət təmsilçisi deyil. Onun yeganə silahı dili, zəkası və manevrləridir. Bu baxımdan “əvvəl ordaydın, indi niyə burdasan” sualını siyasətçiyə verməyin özü qeyri-siyasi, düzgün olmayan bir yanaşmadır. Narahat vəziyyətimi saxlamaqla yanaşı, dərsliklərə düşə biləcək uğurlu manevrlərimdən sonra heç bir kompleks hiss etmirəm. Mənim bir zamanlar müdafiə etdiyim düşərgə darmadağın oldu. Onun qalıqları virtual aləmə səpələnib və illərdir ki, orada çırpınır. İndiki prezidentə alternativ olaraq müdafiə etdiyim və uğrunda iki dəfə həbs yatdığım lider 2014-cü ildə iddialardan çəkildi. Siyasətin mərkəzindən və üzvü olduğum partiyanın başından getdi. Belə halda mən nə etməli idim? İndi mənim aksessuarlarım və arxa fonum “Yeni Müsavat” qəzetidir, o zaman Müsavat Partiyası idi. İndi isə o partiya böyük siyasi iddialarda yoxdur, onu bitiriblər, mən də onun üzvü deyiləm.

– Əvəz bəyin növbəti sualı: “Sizi əhatə edən mətbu simaların demək olar ki, hamısı müstəqil mətbuatın amansız düşmənləri, söz qatilləridir. Onlarla bir yerdə artıq siz də bu sırada yer alır, müstəqil medianın – hətta özünüzün sıradan çıxarılmanıza seyrçi yanaşırsınız? Niyə?! Buna məcburmu qaldınız? Niyə imtina etdiniz?!”

– Mən yanında oturduğum və hazırda Mətbuat Şurasında təmsil olunduğum adamları mətbuat və söz qatili hesab etmirəm. Onların arasında vaxtilə çəkişdiyim insanlar da var, qol-qola dayanaraq bu hakimiyyətə qarşı yürüş etdiyim, döyüldüyüm insanlar da. Məsələn, Mətbuat Şurasının sədri Əflatun Amaşovla, onun İdarə Heyətinin üzvü Azər Həsrətlə, daha başqaları ilə də 2001-ci ilin noyabrın 12-də “Sahil” bağında küçə yürüşü etmişik. Bizi əzişdirib, polis maşınına basıblar. Bu, çoxmərhələli böyük bir prosesdir. Lakin maraqlı olan budur ki, o mərhələlərin hamısında Əvəz Zeynallı bizim haqqımızda buna bənzər şeylər deyirdi. Mən bu rejimə ən kəskin müxalifətdə olduğum dövrdə belə məni bəyənməyib, haqqımda kəskin ifadələr yazıb, ittihamlar səsləndirib. İndi hələ çox yumşaq və maraqlı suallar verir. Heç nədən imtina etdiyim yoxdur. Bir fəlsəfi məktəbin, dini icmanın təmsilçisi deyiləm. Böyük bir siyasi yol keçmiş qəzet meneceriyəm. Konkret olaraq maraqlarım var. O maraqlar 2015-ci ilə qədər Müsavat Pariyasının maraqları ilə ötüşürdü. Amma mən Müsavat Partiyasından ayrılandan sonra “Yeni Müsavat” Media Qrupunun maraqları ilə ötüşür. Və o maraqlar istiqamətində manevrlər edirəm. Manevrlər etdikcə fərqli-fərqli adamlar fərqli münasibətlər sərgiləyirlər. Bu da mənim uğurumdur. Mən davam edirəm, öndəyəm, uğur qazanıram, yaxud uğursuzluğa düçar oluram – hər nə edirəmsə, kimlərinsə, hətta Əvəz Zeynallı kimi böyük media təmsilçilərinin belə daim diqqət mərkəzində olmaq uğur nümunəsidir.

– Əvəz bəyin, üçüncü və sonuncu sualı belədir: “Günlərin bir günündə sizə bir zəng gələ və telefonda mətbuat üzrə hakimiyyət kuratoru belə deyə bilər: “Artıq cənab prezidentə Rauf Arifoğlu və “Yeni Müsavat” media qrupu lazım deyil, bağlayın…” Nə edəcəksiniz?!”

– Mən indiki prezidenti müxalifət düşərgəsindəki dostlarımdan çox-çox ağıllı şəxs hesab edirəm. Onlar bir günün içərisində mənimlə münasibətləri pozdular. “Yeni Müsavat” kimi tarixi olan bir media qurumu ilə münasibətləri korlamaq heç bir siyasətçinin ağıllı davranışının nümunəsi deyil. Prezident isə tam əksinə, bu və digər media quruluşları ilə münasibət qurdu, onlara önəm verdi, tərəfinə çəkməyi bacardı. Mən bilirəm ki, indi müxalifətdəki əski dostlarım peşmandırlar. Onlara elə gəlirdi ki, mənimlə münasibəti kəsən kimi, mən də, qəzet də məhv olacağıq, batacağıq. Lakin tam tərsi oldu və biz daha da gücləndik. “Yeni Müsavat”ın lazımlılığını isə çox şükür ki, “Yeni Müsavat” kollektivi və Rauf Arifoğlu müəyyən edir. Həm də qarşıdakı və bu sözü deyə biləcək adamları da ağıllı hesab etdiyim üçün deyirəm:  Belə bir zəng və situasiya ola bilməz. Olsa belə, bu qəzet bağlanmaz. Hakimiyyət öncələrdə məni iki dəfə həbs edib. Bu qəzet çox şükürlər olsun ki, bağlanmayıb. Mən nə zamansa yorulsam, çox qocalsam, özüm istəsəm, bu qəzeti qapada və özüm də mətbu fəaliyyətdən çəkilə bilərəm. Allah bizlərə o qədər uzun ömür versin ki, həyatımızın bir neçə ilini rahat, dinc şəkildə təqaüddə keçirək. Amma niyə bağlayaq ki? “Yeni Müsavat” qəzeti prezident İlham Əliyevə də, müxalifətçi Əli Kərimliyə də, Arif Hacılıya da, Əvəz Zeynallıya da, yeni nəsillərə də çox lazım olacaq.

– Daha bir sual isə digər həmkarınızdan, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzidən gəlib:  “Öncə təbrik edirəm. Rauf bəydən soruşun ki, fotosərgisini nə vaxt açır? İzlədiyim qədər xeyli maraqlı foto çəkib”.

– Bizim Bahəddin bəylə bu yaxılnlarda Tiflis səfərimiz oldu. Orada da çoxlu şəkillər çəkdik. Bahəddin bəy gözəl yol yoldaşı imiş və üstəlik, çəkdiklərimi də bəyənirdi. Fotosərgi yaxşı ideyadır. Niyə də olmasın? Son illərdə 20 minə yaxın foto çəkmişəm. Dünyanın ən tanınmış insanları ilə selfilərim, yaxud da görüşərkən çəkilən şəkillərim var. Mən o sərgini təşkil edim, Bahəddin bəyi də ora dəvət edim.

– “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sualına keçək. Həmkarımız soruşur: “Rauf bəy, media qrupunuzun tərkibində radio və televiziyanın yaradılması planı varmı?”

– Bu plan var. Radio haqqında düşünmürəm. Amma alternativ ekrana, telefon vasitəsilə həyata keçirdiyimiz layihələrə elə zərurət yaranıb ki, biz mütləq mükəmməl bir studiya qurmalıyıq.

rauf bəy.jpg (68 KB)

– “Trend” İnformasiya Agentliyinin redaktoru Arzu Nağıyevin sualı isə belədir: “Yeni Müsavat”ın və kollektivinizin 29 yaşını təbrik edirəm, uğurlar arzulayıram, əziyyətinizi halal edin! Zənnimcə, bu 29 ildə bəlkə də 100 illik bir ömür yaşamısınız. Bundan sonra sizi düşündürən ən mühüm, qarşınıza həll edilməsi labüd olan hansı əsas üç məsələni qoymusunuz?”

– Birincisi, “Yeni Müsavat”ı yaşatmaq və imkan olsa böyütməkdir. İkincisi, şəxsi planda övladlarımın Azərbaycan üçün, millətim üçün uğurlu nəticələrə gəlib çıxmasıdır. Üçüncüsü, mən Vətənim, ölkəm üçün zamanında qələmlə yanaşı, silah da işlətmiş adamam. Arzu edirəm ki, övladlarım o mərhələni yaşamasın. İndiki nəsil olaraq, Qarabağın qayıtmasını həll edək və yaşayaq. İstərdim ki, mən bu mərhələni görüm, yaşayım. Və bu müqəddəs işə yaşımla əlaqədar silahla olmasa da, qələmlə, ideoloji düşərgədə əlimdən gələn dəstəyi verim.

– Aznews.az saytının redaktoru Taleh Şahsuvarlıdan isə fərqli bir sual gəlib: “Təxminən 18 il il bundan öncə Rauf Arifoğlu Türkiyədə məşhur siyasi lider Bülent Ecevitlə görüşmüşdü. Həmin görüşdə Ecevit Azərbaycanın iç siyasətindəki fiqurlarla bağlı öz mülahizələrini söyləmişdi. Səfərdən qayıdandan sonra Rauf bəy öz yazısında bu barədə məlumat vermiş, ancaq təfsilatı açıqlamamışdı. Mənə maraqlıdır, Ecevit kimin haqqında nə demişdi?”

– 2001-ci il idi və Bülent Ecevit baş nazir idi. O zaman üçün biz Türkiyədə idik, İsa Qəmbərin səfərini, onun Ecevitlə görüşünü təşkil etmişdik. Təşkilatçılardan və görüşdə iştirak edənlərdən biri də mən idim. O barədə yazdığım doğrudur. Təfsilatı da yazmışdım. Oturan kimi hər kəsi bir-bir soruşdu. Əli Kərimlini də soruşdu. Onun haqqında da xoşagəlməyən ifadə işlətdi, təkrar etmək istəmirəm.

– Növbəti suallar sabiq deputat Gülər Əhmədovadandır. İki sualı var Gülər xanımın. Öncə soruşur ki, “Azərbaycan kimi bir ölkədə neçə qəzetin olması kifayətdir? Məsələn, Almaniyada 4 qəzet var”. İkinci sualı isə belədir: “Azərbaycan mətbuatı regionda hansısa böyük dövlətin informasiya təsirinə düşürmü? Analitika yazan jurnalistlər nədən faktiki yoxdur?  Sizə elə gəlmirmi ki, buna səbəb baş redaktorların xəbər yazan jurnalistlə analitika yazan jurnalistin qonorarı arasında fərq qoya bilməməsidir”.

– Birinci suala cavab verim. Artıq qəzet anlayışı sayt anlayışına paraleldir. Onu müəyyən etmək, təsnifləndirmək qeyri-mümkündür. Azərbaycanda qəzetlərin sayı çoxdur. KİVDF-dən 33 qəzet qrant alır. Almayanlar da var, yəqin ki… KİVDF olmasa, Azərbaycanda çap mediası –  klassik qəzet də qalmayacaq. Vəziyyət o qədər pisdir ki, yəqin KİVDF-nin dəstəyi kəsilsə, bəlkə də ortada ancaq “Yeni Müsavat” qalacaq.

İkinci suala keçək. Azərbaycan efiri çox ciddi təsirlər altındadır. Çünki özümüzün keyfiyyətli və bu coğrafiyanı əhatə edəcək yayın orqanlarımız zəifdir. Bu baxımdan efir əsasən Rusiyanın, Türkiyənin televiziyalarının  basqısı altındadır. Çünki özümüz onlara bərabər bir şeylər qura bilmirik. Bunun qarşısını almağın tək yolu efirimizi gücləndirmək, televiziya kanallarını keyfiyyətli hala gətirməkdir. İndiki halda mətbu mühitdən çox narazıyam: çərçivələr var və onlar çox kiçikdir, istədiyimizi yazırıq, lakin sonradan onlara görə cəzalandırılma riskini yaşayırıq.

O ki qaldı, analitika yazan jurnalistlərin az olmasına, bu müşahidə dəqiqdir. O da maddi problemlərlə bağlıdır. Biz ancaq çox yazan jurnalistə çox maaş verə bilirik.

– Daha bir həmkarınız, “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı sizə üç sual ünvanlayıb. Birinci sualı belədir: “Rauf Arifoğlu Azərbaycan mediasında ”Yeni Müsavat”ın yerini, rolunu necə görür?”

– Aynur xanım əslində bu mövzuya özü bir yazı həsr eləsə, çox minnətdar olardım. Vaxtilə bizdə işləmiş, bizə əmək vermiş, bizim brend imzalardan biri olan Aynur Camalqızının qələmindən bir baxış yaxşı olardı. Mənim bunu cavablandırmam doğru olmazdı.

– Keçək Aynur Camalqızının ikinci sualına: “ Mənim fikrimcə, Azərbaycan media məkanında bir-birinə rəqib media quruluşları olmamalıdır. Çünki hamımız bacardığımız qədər eyni məqsəd, eyni amal üçün çalışırıq. O baxımdan düşünürəm ki, sizə rəqiblər yox, dostlar haqda sual verim: Azərbaycan mediasında kimi və ya kimləri özünüzə dost, yoldaş hesab edirsiniz?”

rauf bəy 3.jpg (60 KB)

– Mən yayın yapan hər media quruluşunu rəqib hesab edirəm. Amma heç birinə qarşı pislik, əzicilik etməmək də mənim prinsiplərimə  daxildir. Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin əksəriyyəti ilə xeyli zamandır ki, dostuq. Ondan kənarda olan media nümayəndələrinin də prinsipial məqamlarda əlini buraxmamışıq. Aynur xanım çox maraqlanırsa, onun, Vüsalə Mahirqınızın, Əflatun Amaşovun, Elçin Mirzəbəylinin, digər həmkarlarımın adını dostlarım sırasında fəxrlə çəkirəm.

– Aynur xanımın son sualı isə belədir: “Sizi gənclik illərindən tanıyanların uzun illər sizinlə çalışanların fikri belədir ki, Rauf Aridfoğlu çox dəyişib. Sözün açığı, sizi köhnədən tanıyanlardan biri kimi bu, mənim çox xoşuma gəlir. Ağır, zəhmli, əsəbi, sərt reaksiyalı Rauf Ariofoğlu pozitiv, mehriban, sülhpərvər, hətta zarafatcıl bir dosta, həmkara çevrilib. Bunu nə ilə əlaqələndirək? Yaşmı öz işini görür, illərmi, zamanmı təsir edir?”

– Təbii, təkcə yaş məsələsi deyil. Bir zamanlar biz çox sərt iş rejimində, ağır şərtlər altında hakimiyyətlə kəskin mübarizə aparan media quruluşu, Müsavat Partiyasının bir şöbəsi kimi idik. Müxalifətin hakimiyyətə qarşı informasiya müharibəsinin başında demək olar ki, mən dayanırdım və bu cür vəziyyət mobilizasiya tələb edirdi. İndi elə bir tələb, mühit və mandat yoxdur. Özümüzük. Media mandatı ilə nisbətən rahatıq. Bəlkə yaşın da təsiri olmamış deyil.

– İctimai Televiziyanın redaktoru Anar Yusifoğlunun da üç sualı var, Rauf bəy. Anar bəy öncə soruşur ki, “29 il az müddət deyil. Rauf bəy bu illərə nəzər salanda peşəkar jurnalist kimi hansı səhvini etiraf edərdi”?

– (gülür)29 ilin içində səhv axtarmaq ot tayasının içində iynə axtarmaq kimi bir şeydir.

– İkinci sual belədir: “Hər kəs sizin peşəkar olduğunuzu etiraf edir. Sizinlə eyni masada neçə peşəkar oturur və bu, kompleks yaratmır ki?”

– Qəbul edirəm ki, jurnalistikada lider olan bəzi fiqurlar az yazan, ya da  heç yazmayan simalardır. Amma inanın ki, onların missiyası yazmaq olsaydı, onu hamıdan yüksək səviyyədə edərdilər. Ona görə də elə peşəkar mühitin içindəyik. Özüm haqqımda fikirlərim isə “Rauf Arifoğlu mediada peşəkardır” ifadəsindən daha yüksəkdir.

– Keçək Anar bəyin sonuncu sualına: “Baş redaktorların məmurlaşmasının mediaya vurduğu ziyan sizi narahat edirmi?”

– Bu, bir mərhələdir. 29 ildir yol gəlirik. Bu prosesdə bəzi məmurlaşmış baş redaktorlar var ki, onlara səbirlə, dözümlə yanaşıram, kostyumlu-qalstuklu görüntüləri məni o qədər də narahat etmir. Bilirəm və qəbul edirəm ki,  uzun, incə yolun bu hissəsindəyik.

– Rauf bəy, bəzi dostlar isə sizə sual vermək əvəzinə, təbrik etməyə üstünlük veriblər. Onlardan biri də eks baş nazir Pənah Hüseyndir. Pənah bəy deyir ki, “”Yeni Müsavat”ı və Rauf bəyi təbrik edirəm. Rauf bəylə şəxsi münasibətlərimiz o qədər fərqli müstəvidədir ki, ona publik şəkildə sual verməyi düzgün hesab etmirəm”.

– Pənah bəy çox ağıllı və dürüst adamdır. Kaş Müsavat rəhbərliyi də onun ağılda olaydı. Pənah bəy indiki mərhələdə qəzetin fəaliyyətindən razı deyil. O istəyir ki, qəzet əskidə olduğu kimi, onun düşündüyü kimi olsun. Amma belə olmayanda da haqq-salamı kəsmir. Şəxsi münasibətlərin, dostluğun, bərabər kəsdiyi çörəyin üstündən xətt çəkmir.

– Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir: “Çox gözəl qəzetdir. Ən çətin günlərimizdə də yanımızda olub. Bəzən insanlar deyir ki, ”Yeni Müsavat”da  senzura var. Amma mən bu senzuranı heç vaxt görməmişəm, hiss etməmişəm. Qəzetə ancaq xeyir-dua verə bilərəm.  “Yeni Müsavat”ı o qədər çox sevirik ki, sual verə bilmərik. Korrektorundan tutmuş, baş redaktoruna qədər hamısı bizim sevimlimizdir”.

– Çox sağ olsun, biz də onu sevirik. Novella xanım ən çətin anlarımızda yanımızda olub. Hətta Bayıl həbsxanasında, ölüm korpusunda belə məni ziyarət edib.

– Daha bir hüquq müdafiəçisi Səidə Qocamanlı isə bunları deyir: “ ”Yeni Müsavat” bizim gözümüzün qabağında böyüdü. Orada neçə-neçə nəsil jurnalistlər yetişdi, təcrübə topladı. İndi keçmiş “Yeni Müsavat”çıların sədaları hər yerdən gəlir. İş yerləri harada olsa, qələmlərindən “Yeni Müsavat”ın nəfəsini duyuram. Bu qəzetin daimi başqanı Rauf bəyə böyük minnətdarlıq edirəm ki, media cameyəsinə və biz oxuculara “Yeni Müsavat”ı bəxş etdi”.

– Təşəkkür edirəm Səidə xanıma. Novella xanım kimi, o da hər zaman bizim qoruyucu mələyimiz olub.

– Keçən il bu vaxt sizinlə “Yeni Müsavat”ın 28 yaşı münasibətilə müsahibə alanda demişdiz ki, qəzetimizlə bağlı ən böyük arzum gələn il bu vaxt sizinlə bu mövzuda söhbət etməkdir. Demək ki, arzulardan biri baş tutub.

– (gülərək) İcazə verin, elə gələn illə bağlı arzumu da indidən deyim. Gələn il üçün ən böyük uğurumuz o olacaq ki, “Yeni Müsavat”ı 30 yaşına çatdıraq və öz fəaliyyətimizi davam etdirə bilək. Azərbaycan mətbuatında mühit arzuedilən səviyyədə deyil. Arzu edirəm ki, gələn il bu zaman bizim elə bir imkanlarımız olsun ki, “Yeni Müsavat” Media Qrupuna “Musavat TV”ni, yaxud “Minval TV-ni”  əlavə edə bilək. Orda da sözümüzü heç bir özünüsenzurasız, qorxmadan deyə bilək.