Dünyaya göz açan körpənin ilk mühiti onun ailəsindən ibarət olur.

Üç yaşından etibarən isə uşaqların həyatında növbəti sosial mühit, təhsilin başlanğıc pilləsi hesab olunan bağça əsas yer tutur. Bağçada isə uşağa qarşı  münasibət heç də gözlənilən kimi olmaya bilər. Bu günlərdə “Kids Studio” adı ilə fəaliyyət göstərən bağçada tərbiyəçinin uşaqlara qarşı olan hərəkətləri isə bağçalara qarşı inam məsələsini yenidən gündəmə gətirib.

Valideynlər öz övladlarını əmanət etdikləri tərbiyəçi və məktəbəqədər təhsil verən müəllimlər özləri hər şeydən öncə səbrli insanlar olmalıdırlar. Minval.info-ya açıqlama verən psixoloq Aytən Cavadlı bildirib ki, bağçalardakı naşı pedaqoqlar inkişaf dövründə olan uşaqların şəxsi “mən”ini sındırlar:

“3 yaşından yuxarı uşaqlar üçün bağça çox önəmlidir. Bu yaşdan sonra uşaqlar “mən” anlayışı dərk edir, söz bazaları yaranır, əzbərləmək bacarıqları yüksək olur, qrup daxilində oynaya bilirlər. Bəzi valideynlər övladlarını 3 yaşından tez bağçaya göndərməyə çalışırlar. Ancaq əksər hallarda uşaqların həmin mühitə öyrəşmədiyi müşahidə olunur, çünki 3 yaşına qədər dövrdə uşaqlar hələ analarına öyrəşirlər.

Bağçaya sadəcə işləyən valideynlərin övladlarının qalacağı yer kimi baxmaq düzgün deyil. Körpələrin sosiallaşması, özünə dost tapması, başqa uşaqları gördükcə özünü də tanıyıb, dərk etməsi, şeir, hekayə öyrəndikcə anlama və yaddaş qabiliyyətinin inkişafı üçün bütün uşaqlar bağçaya göndərilməlidir.

Sadaladığım bütün bacarıqların inkişafı üçün isə bağçadakı tərbiyəçi və müəllimlərin öz hazırlıq vəziyyətləri müəyyən edilməlidir. Bağçalarda psixoloqlar mütləqdir, ancaq tək körpələr üçün deyil, həm də müəllimlərin özləri üçün.

Bəzi uşaqlar var ki, nitqində bəzi problemlər var, ya da öyrənməsi sürətli deyil. Müəllimlər həmin uşaqların “Mən”ini zədələməmək üçün onlarla fərdi məşğul olmalıdırlar. Öz təcrübəmdə də qarşılaşmışam ki, bağçada müəllim “r” hərfini düzgün tələffüz edə bilməyən uşağa “Adam kimi danış” demişdi. Bu hadisədən sonra uşaq heç bir halda bağçaya getmək istəmirdi”.

Psixoloqun sözlərinə görə, bağça tərbiyəçilərinin özlərini psixoloji testlərdən keçirmək mütləqdir:

Biz uşaq psixoloqu kimi patologiyası olan yüzlərlə uşaqla işləyirik. Ancaq bağça müəllimləri öz halında olan uşaqlarla belə düzgün rəftar edə bilmir. Əvvəlcə, onların özünü psixoloji müayinədən keçirmək lazımdır ki, uşaqlarla işləməyə hazırdırmı? Burada bütün yük bağça müdirlərinin, direktorlarının üzərinə düşür. İşə götürdüyü pedoqoqları test edib, uşaqlarla, özünü ifadə və müdafiə bacarığı zəif olan körpə ilə necə işləyəcəklər”.

Hətta bir çox hallarda düzgün inkişafda olan körpələrə qarşı davranış onların geri qalmasına səbəb ola bilir. Bəzi tərbiyəçilər statusuna, ailəsinin vəziyyətinə görə digərlərindən ayırır. Şeiri, hekayəni düzgün öyrənə bilməyən uşaqları hər kəsin içində danlayır, hətta onu “kütbeyin” adlandırır. Belə münasibət görən heç bir uşaq bir daha şeir söyləməyə maraq göstərməz, yenidən hansısa sosial fəaliyyətə can yandırmaz. Psixoloq da təcrübəsində b cür hallarla qarşılaşdığını bildirib:

“Bəzən olur ki, biz psixoloqların çalışıb cəmiyyətə adaptasiya etdiyi uşaqlar bağçaya yollanan kimi yenidən əvvəlki travmaları qayıdır. Bağçalarda ən böyük problem fərdi yanaşmadır. Patologiyası olan və ya daha güclü olan uşaqları səviyyələr üzrə ayırmalıdırlar. Məktəblərdə olduğu kimi, bağçalarda da ayrı seçkilik olur. Bir az ləng olan uşaqlara diqqət yetirmirlər, onlara qışqırır ya da uşaqların yanında ləngliyini üzünə vurur. Hətta bir valideyn danışır ki, övladımı bağçada hansı stulda oturtmuşdusa, gedib götürənə qədər o stulda əyləşmişdi, müəllimə ona heç bir tapşırıq verməmişdi, uşağı yox saymışdı”.

Təbii ki, bu haldan sonra həmin körpənin fəal olacağını, gələcəkdə hansısa sosiallığa can atacağını gözləmək olmaz.

“Valideynlər geri addım atmasınlar”

Aytən Cavadlının sözlərinə görə, yayılan görüntülər həm də həyəcan təbili çalır. Bundan sonra valideynlər bağçalara daha şühbə ilə yanaşmalıdır:

Bu zorakılıq görüntülərindən sonra çox valideyn övladını bağçaya göndərməkdən də imtina edir. Bu trend davam etsə, bir bağçanın, bir müəllimin eyibi ümumilikdə nə qədər uşağın inkişafına əngəl olacaq. Bu videodan sonra valideynlər geri addım atmasınlar, tam əksinə tələblərini artırsınlar, online kamera sistemi tələb etsinlər, pedoqoqların keçdikləri testlər və aldıqları təhsillə bağlı soruşsunlar.

Bu gün həmin bağçanın bağlanması heç nəyi həll etmir, pedoqoqların patologiyası olmayan uşaqlarla rəftarı tək o bağçada deyil, uşaqlara ayrı-seçkilik etməkləri, onları hər kəsin içində aşağılamaları onların “mən”ini sındırır və sağlam nəslin yetişməsinə əngəl olur. Valideynlər övladlarının bağça barədə dediklərinə inansınlar, uşaq tərbiyəçi barədə nəsə deyirsə, “Uşaqdır, yəqin ki, mübaliğə edir, səhv anlayıb” düşünməsinlər. Körpə uşaqlar gördüklərindən kənar yalan danışmağa maraqlı olmurlar”.

Dəniz Kərimzadə

Minval.info