Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı elm adamları arasında geniş maraq doğurduğundan, Qazaxıstan hüquqşunaslarının təşəbbusu ilə Qazax dilinə də tərcümə edilərək çap olunub.

Minval.info xəbər verir ki, Qazax dilinə tərcümə olunmuş bu kitab təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.

Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı türk, ingilis, italyan, yəhudi və bolqar dillərində də çap olunub.

Qeyd edək ki, Qazax dilinə tərcümə olunmuş bu kitabın yaxın günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində professor İlham Rəhimov özü də iştirak edəcək.