Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratsın;

2. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” (bundan sonra – Monitorinq Mərkəzi) publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;

3. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq etsin;

4. Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

5. Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

6. Monitorinq Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etsin;

7. kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.