Azərbaycanla Belarus arasında 10-a yaxın mühüm sənəd imzalandı

Azərbaycan prezidenti İlham Əliyev Belarusa rəsmi səfər edib. Noyabrın 19-da prezident İlham Əliyevin Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər. Aleksandr Lukaşenko İlham Əliyevi salamlayaraq bildirib ki, Belarus sizi gözləyirdi: “Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışırdılar. Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Belaruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.

Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır-10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar… Bizim bütün sahələrdə – həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq”.

Prezident İlham Əliyev isə çıxışına dəvət üçün belaruslu həmkarına təşəkkür etməklə başlayıb. Yenidən qardaş Belarus torpağında olmağına çox şad olduğunu deyən İlham Əliyev qeyd edib ki, bu səfər Belarusa ilk səfəri deyil: “Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb.

Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər.

Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları – bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik”.

İlham Əliyev çıxışının sonunda A.Lukaşenkonu  Azərbaycana növbəti rəsmi səfərə dəvət edib.

Təkbətək görüş başa çatandan sonra prezident İlham Əliyevin və prezident Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını prezident İlham Əliyev və prezident Aleksandr Lukaşenko imzalayıblar. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan imzalayıb.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planı”nı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenko imzalayıblar.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzalayıblar.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı nazirinin müavini Vladimir Qrakun imzalayıblar.

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və Belarusun Məhkəmə Ekspertizası Dövlət Komitəsinin sədri Andrey Şved imzalayıblar.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Belarusun baş prokuroru Aleksandr Konyuk imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıb.

Sənədlərin imzalanmasından sonra ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi olub. Azərbaycanın və Belarusun dövlət başçıları markaları xüsusi ştamplarla möhürləyiblər, həmçinin üzərində marka olan zərfi imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və prezident Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, bu səfər prezident İlham Əliyevin Belarusa sayca 5-ci səfəridir. Belarus lideri Aleksandr Lukaşenko isə artıq 4 dəfə Bakıda olub.

Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılıb…

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanla Belarus arasındakı ikitərəfli münasibətlər çox yaxın dostluq münasibətləri, yüksək tərəfdaşlıq səviyyəsində olan münasibətlərdir. İki ölkə prezidenti arasında olan şəxsi dostluq münasibətləri də ölkələrimiz arasında münasibətlərin daha da yüksək səviyyəyə gəlib çatmasında ciddi təsiri var. Azərbaycanla Belarusu bir çox məsələlər bağlayır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycanın separatizmlə apardığı mübarizəni dəstəkləyib. Bizi birləşdirən amillər var: “Müstəqilliyimiz qurulundan bəri bu illər ərzində ölkələrimiz arasında kifayət sayda sənəd imzalanıb, normativ baza formalaşıb, konkret layihələr həyata keçirilib. Ticarət dövriyyəsi hər il 1 milyarda yaxın təşkil edir. Belarus Azərbaycan üçün vacib tərəfdaşlardan biridir. Belarus lideri dəfələrlə vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Belarus üçün ən prioritet tərəfdaşdır. Bu zəmin əsasında münasibətlərimiz inkişaf edir. Azərbaycan və Belarus arasındakı iqtisadi münasibətlər qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq inkişaf edir. Xüsusilə istehsal və elmi-texniki kooperasiya, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə və idman sahələrində uzunmüddətli birgə layihələr həyata keçirilir. Azərbaycan Belarusun hərbi sənaye məhsullarını alır. Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının daha geniş potensialı var və hər il bu əməkdaşlıq daha da genişlənməkdədir. Azərbaycan məhsullarının Belarus bazarında təmsil olunmasının artırılması üçün mütəmadi tədbirlər görülməkdədir. Minsk şəhərində artıq Azərbaycan Ticarət Evi yaradılıb. Azərbaycan Ticarət Evi ”Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərərək, Belarusda Azərbaycan məhsullarının satışını təşkil etməyə başlayıb.

Belarusdan Azərbaycana maşın və avadanlıqlar, ərzaq məhsulları idxal edilir. Faktlar da təsdiqləyir ki, iki ölkə arasında siyasi və diplomatik əlaqələr bütün sahələrdə müsbət nəticələr verir, ticarət dövriyyəsinin həcmi artır. Təbii ki, bütün bunlar hər iki tərəfin maraqlarına uyğundur”.

Politoloq vurğuladı ki, Belarus xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın haqlı mövqeyini, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumi prinsip və normaları, dövlət sərhədlərinin pozulmazlığı əsasında tezliklə tənzimlənməsi uğrunda çıxış edir: “Belarus və Azərbaycan beynəlxalq qurumlarda bir-birini fəal dəstəkləyir. İki ölkə bir-birini birinin üzv olmadığı təşkilatlarda da dəstəkləyir. Bu yaxınlarda KTMT-nin Astana sammitində Belarusun mövqeyi bunun növbəti sübutu idi. Azərbaycan-Belarus münasibətlərinin etibarlı dostluq münasibətləri səviyyəsində olmasını təsdiqləyən çoxsaylı faktlar sadalamaq olar. Məsələn, 2011-ci ildə Belarusda maliyyə problemləri yaranan zaman Azərbaycan Belarusa 300 milyon dollar məbləğində kredit ayırmışdı. Azərbaycan sərhədlərini qanunsuz keçən və konstitusiyamızı pozan Aleksandr Lapşinin Minskdə həbs edilməsi və Rusiyanın təzyiqlərinə baxmayaraq Belarus hökumətinin qətiyyət göstərib Lapşini Azərbayacana təhvil verməsi də münasibətlərimizdə etibarlılığın göstəricisi idi”.