Qızın anası ərazini tanımadığını və qızının hansı səbəbdən orada olduğunu bilmədiyini deyib

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda, “Şərur” MTK-ya məxsus binada baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. Bu barədə Sputnik Azərbaycan-a bina sakinləri məlumat verib.

Onların sözlərinə görə, gecədən səhərə qədər mənzildən mübahisə, ağlaşma səsləri eşidilib: “İntihar hadisəsi isə səhər saatlarında baş verdi. Güclü səs gəldi. Biz elə bildik ki, kiminsə kondinsioneri qırıldı. Baxanda gördük ki, yerdə qız meyiti var. Alt geyimində idi. Haradasa bir saata yaxın meyit yerdə, üstü açıq şəkildə qaldı. Sonra qonşular üstünü örtdülər. Qızı tanımırıq, yəni bu binada yaşayan deyil. Təxminən, 22-23 yaşlarında olardı”.

“Hadisə yerinə polislər və təcili tibbi yardım gəldi, meyiti morqa apardılar. Binanın mühafizə kameraları var. Qızın buraya kiminlə gəldiyi o kameralarda qeydə alınıb. Yəqin ki, polisin araşdırmasından sonra vəziyyət müəyyən ediləcək” — deyə hadisə şahidləri bildiriblər.

Sakinlərin sözlərinə görə, hadisə yerinə qızın anası və digər qohumları da gəlib. Qızın anası ərazini tanımadığını və qızının hansı səbəbdən orada olduğunu bilmədiyini deyib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda səhər saatlarında dəhşətli intihar hadisəsi baş verib. Şəxsiyyəti bəlli olmayan qadın özünü Yeni Yasamal ərazisində yerləşən, “Şərur” MTK-ya məxsus binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Bina sakinlərindən əldə etdiyimiz məlumata görə, bu, artıq həmin binada yaşanan ikinci intihar hadisəsidir. Birinci intihar hadisəsi iki il əvvəl baş verib.