Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalayan ölkələrin liderlərinin qarşıdakı görüşlərindən birinə dəvət edilib.
Bu haqda “Jamanak” diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Paşinyan dəvətdən başqa, görüşün həmsədri kimi çıxış etmək təklifi alıb. Tədbirin harada və nə vaxt planlaşdırıldığı barədə informasiya açıqlanmayıb.
Xatırladaq ki, Ermənistan və Avropa İttifaqı arasında 2017-ci ilin noyabrında hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərşənbə günü Avropa Parlamentinin xarici işlər komitəsi tərəfindən bəyənilib. Siyasi-iqtisadi, maliyyə və humanitar məsələlərin geniş spektrini əhatə edən saziş müddətsizdir. O Erməntan və Avropa İttifaqının 28 ölkəsi tərəfindən təsdiqlənnədən sonra qüvvəyə minəcək. İndiyə kimi dörd ölkə – Ermənistan, Estoniya, Latviya və Litva sənədi təsdiq edib.
Mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini xarici siyasətinin prioritetlərindən biri adlandırıb. Paşinyan eyni zamanda Rusiya ilə birgə yer aldığı Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sadiq qalacağını bildirib. Bu fikirləri həmçinin, mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putində görüşündə də səsləndirib.
Lakin siyasi ekspertlər onun bu bəyanatlarına şübhə ilə yanaşırlar və yaxın dönəmdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxış üzrə kampaniyanın əsas təşəbbüskarlarından biri olduğunu xatırladırlar.
Məsələn, bir müddət əvvəl rusiyalı politoloq Yevgeni Mixaylov proqnozlaşdırıb ki, Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək:
“O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir”.

Nikol Paşinyanın Avropa İttifaqı ilə qurumla assosiativ saziş imzalayan ölkələrlə (Gürcüstan, Moldova və Ukrayna – red.) eyni masada olması Moskva üçün heç bir halda, yaxşı yozula bilməz və qıcıqlandırıcı məqamdır.

(Publika.az)