Ermənistanda proseslər daha da böhrana doğru getdiyindən, bu yaranmış durumu kompensasiya etmək və ya diqqəti yayındırmaq üçün cəbhə xəttində havadarlarının dsətəyi ilə təxribatlara əl ata bilərlər.

Bunu “Ölkə.Az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə bu, hər an baş verə bilər:

“Bu gün Ermənistanda vəziyyət o qədər mürəkkəbdir ki, erməni mətbuatının yazdığına görə, Paşinyan hətta işğal altında olan Azərbaycan torpaqlarında hərbi xidmət keçən oğlunnu İrəvana aparmaq zorunda qalıb. Guya daxili proseslərdə bəzi qüvvələr oğlundan Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilərlər. Bu aysberqin görünən üzüdür”.

Hadisələrin hansı istiqamətdə inkişaf etməsi və nəticədənə baş verə biləcəyi məsələsinə gəldikdə isə hərbi ekspert bildirib ki, ermənilər təxribata əl ata bilər və bu da indiki məqamda Azərbaycana sərf edir.

“Azərbaycanın Ermənistanın istənilən təxribatının qarşısını almağa və bundan faydalanaraq torpaqlarını işğaldan azad etmək üçün bütün resurslara malikdir. Bax bundan ermənilər nə qazanacaq, bir söz demək çətindir. Onlar nəyə arxalanıb belə təxribatlara əl ata bilər, bu barədə nəsə deyə bilmərəm.
Çünki 90-cı illərin durumu deyil ki, Azərbaycan zəif olsun və rus muzdluları, 366-cı alayın şəxsi heyəti ermənilərə dəstək verib Azərbaycan torpaqlarını işğal etdiyi kimi, indi də bu dəstəyi versinlər. Mən bunu düşünmürəm və heç ağlıma da gətirmirəm”, – ekspert bildirib.
Ü.Cəfərov hesab edir ki, hazırda Paşinyan vəziyyətdən çıxmaq üçün müxtəlif ekspertlər aparır və onlardan biri də lokal hərbi əməliyyatların həyata keçirilməsidir:

“Əgər ermənilər bu dəfə təxribata əl atarlarsa, Azərbaycan onlarla 2016-cı ildə olduğu kimi şans verməməlidir.Hətta Rusiya və digər iri dövlətlər hücum əməliyyatlarını dayandırılması istiqamətində xahişlər etsələr belə. Bu təxribatlar Azərbaycana torpaqlarını işğaldan azad etmək üçün unikal bir şans olacaq və bundan faydalanmaq lazımdır”.

Ekspertin sözlərinə görə, biz bu xahişlərə ona görə əməl etməməliyik ki, çünki ATƏT MQ həmsədrləri ötən bu müddət ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addıma atmayıblar:

“ATƏT MQ həmsədrləri Ermənistan işğal siyasətinə son vermk üçün faktiki olaraq nə bir təzyiq, nə də digər təsirli addımlar atmayıblar. Elə işğal faktının uzanmasının əsl günahkarlarından biri də ATƏT MQ həmsədr ölkələridir”.