Qohumları tərəfindən fiziki və cinsi təcavüzə məruz qalmış, evini 13 yaşında tərk etməyə məcbur edilmiş və keçmiş sevgilisi tərəfindən turşu hücumuna məruz qalmış Nəyyab Əlinin Pakistanda həyatı indiyədək hadisəli olub.

Bu universitet məzunu gələn həftə Pakistan parlamentinə keçiriləcək seçkilərdə iştirak edən 4 transgender namizədlərdən biridir.

“Mən anladım ki, siyasi güc olmadan, ölkənin təsisatlarının bir qismi olmadan, hüquqlarını qazanmaq mümkün deyil”, o, BBC-ə deyib.

Bu seçki, Pakistanın transgender icmasının ən fəal iştirak etdiyi seçkilərdən biridir.

“Regionda lider”

Pakistanın əsasən mühafizəkar cəmiyyəti tərəfindən lağa qoyulan transgender icması həm də hicra və xavaca sira adları ilə də tanınır. Bu icma uzun zamandır ki, geniş yayılmış ayrıseçkiliyin hədəfidir və bu səbəbdən təhsil, iş və səhiyyə kim adi xidmətləri əldə etməkdə çətinlik çəkir.

A Pakistani transgender activist poses for a photograph during a demonstration in Karachi, 20 November 2017

Pakistanın transgender icması uzun zamandır ki, əsasən mühafizəkar olan cəmiyyət tərəfindən ayrıseçkiliyə mərzu qalır

Moğol imperiyası dövründə, xədim edilmiş şəxslər sarayda rəqqas, müğənni və hətta məsləhətçi kimi də çalışıblar.

Lakin Britaniya Hindistanı öz müstəmləkəsinə çevirəndən sonra transgenderlər icmasını qanundan kənarda qoymaq üçün çox səy göstərib və bu icmanın təməl vətəndaş hüquqları danılıb.

Transgender hüquq müdafiə təşkilatı Ləyaqət Təşəbbüsü Forumunun icraçı direktoru Uzma Yaqub deyir ki, Pakistan transgenderlərin hüquqları baxımından artıq “regionda liderdir”.

Az qala on ildir ki, Pakistan şəxsiyyət vəsiqələrində üçüncü gender seçimini qəbul edən ilk ölkələrdən birirdir və keçən ildən bəri bu kategoriyanın pasportlarda da istifadəsini qanuniləşdirib.

Bir çox Qərb ölkələrində transgender və özünü ənənəvi iki cinsdən birinə aid etməyənlərin bu hüququ təmin olunmur.

May ayında Pakistan yeni qanun qəbul edərək əhalisinin ehtimalən 500,000-ni təşkil edən interseks, trans və xədim edilmiş şəxslərə qarşı ayrıseçkiliyi qadağan edərək bu icmanın əsas hüquqlarını qoruyub.

Pakistan's first transgender news anchor, Marvia Malik, prepares before going live to read the news for the private channel Kohenoor in Lahore, 27 March 2018

Bu ilin əvvəlindən 21 yaşlı Marvia Malik pakistanın ilk xəbər verilişi aparıcısı olub

Bu icma həmçinin getdikdə cəmiyyətdə daha çox görünür.

Mart ayında ölkədəki özəl telekanallardan biri yerli televiziyada ilk dəfə transgender gənci xəbər verilişinin aparıcılarından biri olaraq işə götürüb və gələn ay buraxılacaq filmlərdən birində bir transgender aktrisa ölkənin ən böyük film ulduzları ilə birlikdə kinoteatrlarda izlənəcək.

“Bizi sadəcə öldürürlər”

Lakin Pakistanda transgender icmasına qarşı ayrıseçkilik və zorakılıq davam etməkdədir.

Eyni vaxtı transgender kişilər – yəni ki, doğulduqda qadın kimi qeydiyyatdan keçirilən şəxslər – ictimai yerlərdə demək olar ki, heç görünmürlər.

Buna əsas səbəblərdən biri cəmiyyətdə qadınlardan olan gözləntilərdir.

Transgender qadınlar isə dolanmaq üçün erkən yaşlardan rəqs, dilənçilik və hətta fahişəliklə məşğul olmağa məcbur qalırlar. Bu isə onlara qarşı təyziq, işgəncə və zorakılıq təhlükəsini artırır.

Onların çoxu ölkədə səpələnmiş kiçik transgender icmalarının liderlərindən kömək alırlar və əvəzində onların həmin qrupların xeyrinə çalışmaları gözlənilir.

Bacı qardaşları və qonşuları tərəfindən təcavüzlərlə üzləşdiyinə görə evindən 10 yaşında qaçmağa məcbur qalan Mariya Xan deyir ki, “evini tərk edəndə, özünü təhlükəsiz hiss etdiyin yeganə yer transgender qruplarıdır”.

“Orada səni döyən, lağa qoyan və söyən yoxdur, çünki orada hər kəs sənin kimidir.”

Mariya Xan, 4 iyul 2018

Mariya Xan uşaqlıqda evini tərk etdikdən sonra kiçik transgender icmasına qoşulub

Pakistanın ümumi transgender icmasının bir qismi onlara qarşı təhlükənin artdığını düşünür.

“Hazırda transgender insanlar qətlə yetirilir. Əvvəllər turşu hücumları və döyülmə halları olurdu və biz bundan sağ çıxırdıq, lakin indi bizi sadəcə olaraq öldürürlər”, Nəyyab deyir.

Yerli fəallara əsasən, son zamanlara qədər Talibanın fəal olduğu və xüsusilə mühafizəkar olan şimal-qərbi Xaybər Paxtunxva bölgəsində son üç il ərzində az qala 60 transgender qadın qətlə yetirilib.

Onlardan biri 23 yaşlı fəal Alişa idi. Yerli silahlı qrup 2016-cı ildə onu güllələmişdi və yerli xəstəxana işçiləri onu qadın və ya kişi palatasına köçürməyə qərar verənəcən, o, həyatını itirdi.

“Öz ailəmiz bizi qətlə yetirir”

Mansəhra şəhərindən olan Mariya bu təhlükələri çoxlarından yaxşı anlayır.

O, Xaybər Paxtunxva bölgəsinin məclisinə seçkilərdə müstəqil namizəddir və o deyir ki, yerli transgender icmasının üzləşdiyi ən böyük təhlükələr nifrətdən yaranmış hücumlar və namus qətlləridir.

“Öz ailəmiz bizi qətlə yetirmək üçün qatillərə pul ödəyir”, o, izah edir.

“Evimə silahdan atəş açıldıqda mən özüm sui-qəsd cəhdindən bir təhər sağ çıxmışam. Qapımda hələ də güllə deşikləri qalıb”, o deyir.

Maria Khan's poster for elections to the Provincial Assembly

Mariya Xaybər Paxtunxva bölgəsinin məclisinə seçkilərdə müstəqil namizəddir

Hazara universitetindən yenicə məzun olmuş Mariya bildirir ki, onun seçkidə namizəd olmaq qərarı yerlilər tərəfindən yaxşı qarşılanıb və çoxları onun kampaniyası üçün ianə verib.

O düşünür ki, əvvəlki siyasətçilər “xalq üçün heç nə etməyib” və seçildikdə ilk addım olaraq şəhərə təsir göstərən və bir aydır ki, davam edən su çatışmazlığını həll edəcək.

“Varlı kişilər üçün bir oyun”

Nadim Kaşiş bilir ki, namizəd olmaq bir şeydir – qələbə qazanmaq isə başqa bir şeydir.

O, Pakistanın növbəti Baş naziri seçilmək üçün iki nüfuzlu namizədə qarşı rəqabətə qatılıb. Rəqiblərindən biri keçmiş kriket ulduzu İmran Xandır, digəri isə hakimiyyət dövrü sona çatan hökumətin hazırki Baş naziri Şahid Xaqan Abbasidir.

Nadim Kaşiş kampaniyasını öz radio verilişi vasitəsilə aparır

Nadim Kaşiş kampaniyasını öz radio verilişi vasitəsilə aparır

Onun paytaxt İslamabaddaki seçki dairəsi ölkədə ən mühüm dairələrdən biridir – bura zəngin rayondur və ölkənin milli məclisi və Ali Məhkəməsi burada yerləşir.

Keçmişdə makiyaj sənətçisi olan və hazırda öz radioverilişini aparan Nadim transgender icmasını maraqlandıran mövzuları müzakirə edir.

Yeni qəbul olunmuş qanuna baxmayaraq, o düşünür ki, “Pakistanda heç bir siyasi partiya trasngender hüquqları üçün işləmək istəmir – biz onların gündəmində deyilik. Mənim milli məclis seçkisində iştirak etməyimə səbəb budur”.

“Məşhur siyasətçilərdən fərqli olaraq mənim plakatlara, bayraqlara, nəqliyyata və ənənəvi kampaniya resurslarına xərcləməyə çox pulum yoxdur. Mən öz fikirlərimi radio verilişimlə yayıram.”

Seçki komissiyasının qoyduğu məhdudiyyətlərə baxmayaraq Pakistanlı siyasətçilər seçki kampaniyaları üçün xeyli pul xərcləyirlər.

“Hər kəs bilir ki, bu varlı kişilər üçün bir oyundur”, deyən Nadim əlavə edir ki, “mənim heç namizədlik sənədlərimi təqdim etməyə pulum yox idi”.

Nadimin rəqibləri Pakistan siyasətində ən mühüm şəxslərdir

Nadimin rəqibləri Pakistan siyasətində ən mühüm şəxslərdir

Pakistanın Seçki Komissiyası milli məclisə namizədlərə iştirak haqqı üçün 30 min rupi (245 ABŞ dolları) və yerli məclis seçkisi üçün isə 20 min rupi (82 ABŞ dolları) tələb edir.

Xəbərlərdə bildirilir ki, ən azı 8 transgender namizəd, kifayət qədər pul toplamadığı üçün namizədliyini geri götürməyə məcbur olub.

Lakin Nadim ənənəvi siyasi partiyalarla rəqabət aparmaqda qərarlıdır.

“Bu bizim anımızdır. Pakistanın demokratik prosesi yalnız transgender şəxslərin iştirakı ilə tamamlana bilər.