Şairlər haqqında cəmiyyətdə mənfi imic formalaşdıranlar

Fiziklərin vəzifəsi ən mürəkkəb problemləri sadələşdirmək, şairlərin vəzifəsi isə ən sadə məsələləri problemə çevirməkdir. Bu fikirlər Sovet fiziki Lev Landauya məxsusdur.

Doğrudur ki, şairlər, yazıçılar cəmiyyətdə sosial fikri formalaşdıran əsas qüvvələrdir. Lakin çox təəssüf ki, bəzi ədəbiyyat nümayəndələri bu ada sadiq qalmamaqla bərabər, hətta “şairlik” statusunu imicdən də salırlar.

Həmin yazıçı və şairlər arasında elələri də var ki, ədəbiyyatda qazana bimədikləri “uğuru” sosial şəbəkədə qazanırlar.

Sosial media vasitələrinin həyatımıza bu qədər nüfuz etdiyi, cəmiyyətə təsirinin bu qədər artdığı bir dövrdə  bəzi ədəbiyyat nümayəndələrinin bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkədə  yayımladıqları bəzi paylaşımları insanlar arasında da bir mənalı qarşılanmır.

Sonuncu dəfə tənqid və təhqir olunan isə yazıçı Şəhriyar Del Gerani oldu. Facebook-da yazdığı statusda market işçisini işdən çıxartdırdığını deyən (Sonradan yalan dediyi aşkarlanan-red) şairi sosial şəbəkə istifadəçiləri tənqid atəşinə tutmuşdular. Yazıçı nə qədər bu hərəkətinə haqq qazandırmağa çalışsa da, istədiyi baş tutmadı.

Baş verən oxşar hadisələr, 2 status paylaşanın özünə ləqəb götürüb, “Yazçıyıam” deməsi insanlar arasında əsl yazıçı və şairlərə qarşı mənfi fikrin formalaşmasına səbəb olur.

Minval.info son zamanlar mətbuatın gündəmini məşğul edən belə şairlərlə bağlı  facebook-un bəzi tanınan istifadəçiləri arasında sorğu keçirib. Onlardan şair və yazıçıların sosial şəbəkədə qəzəb doğuran paylaşımları ilə əlaqədar nələr düşündüklərini və daha çox hansı ədəbiyyat nümayəndələrini izlədiklərini soruşduq.

Aktiv facebook istifadəçisi Aytac Nəbiyeva: “Əslində bu tip şairlər mövcud şəraitə uyğun davranırlar. Biz tanıyırdıq Şəhriyar kimdir? İncəsənətin istənilən sahəsində ərsəyə gəlmiş dəyərli işi qiymətləndirən azdır deyə “məşhur olma” xəstəliyi güc gələndə insanlar belə edirlər. Məsələn, niyə elm sahəsində bunlar baş vermir? Çünki onların gördüyü işlər biz istəsək də, istəməsək də qiymətləndirilir, onların bizim fikrimizə ehtiyacı yoxdur. Nyuton qanun kəşf edəndə gözləmirdi kimsə qanunu qəbul etsin, o, özü bunu qəbul etdirdi. Amma incəsənətdə belə deyil. Nadir hallarda öz qabiliyyətinlə qabağa gedə bilirsən, qalanları hamısı Şəhriyar davranırlar.

Pərviz Arif, Elşən Mehdini və digərlərini oxuyuram. Konkret fikirlərini deməzdim, amma adamların özlərinin bir duruşu var, bir xarakterləri var və heç kim onların çəkdiyi sərhəddən keçib onları alçalda bilməz. O gün Pərvizin statusuna zarafat üçün bir şəkil atmışdım, sildi, mesaj olaraq da yazdı ki, biləsən, rəyini silmişəm. Bununla da mənə çatdı ki, bu adamla zarafat edə bilərsən amma o həddi aşa bilməzsən”.

Artkaspi saytının jurnalisti Aysu Kərimova: “Ümumən ədəbi camiə deyilən bu mühitə sadəcə uzaqdan izləyici kimi qalmaq daha qənaətbəxşdir. Hətta izləyici kimi belə adamda qıcıq yaratmağı o qədər möhtəşəm bacarırlar. Əlin atıb nəsə oxumaq istəyən oxucu müəllifin içki süfrəsini, sanbalsız zarafatlarını, bir-birilərinə yüngül atmacalarını görüb şeirdən də, mütaliədən də soyuyur. Mən yazıçı fantaziyasının, təxəyyülünün sərhədsiz olduğunu dərk edirəm, sözsüz. Bizim qələm adamlarının bu günə düşməsi bekarlıq əlamətidir. Amma imam üçün ağlayırıqsa gərəkdir ki, yezid üçün də ağlayaq. Ədəbiyyatımızda bu gün yaradıcılığını diqqətlə izlədiyim bir neçə isim var. Məsələn, Qismət. Adam peşəkar ədəbiyyatla məşğul olur. Həmçinin bunu oxucusuna da aşılayır. Düşünürəm yazarlarımız bütün enerjilərini facebook-da status yazmağa sərf edirlər. Bu gün, kimi itirsən ədəbiyyatda taparsan. Təəssüf ki, artıq ədəbiyyat da kütləviləşdi. Əlqərəz, şair demişkən “darıxma düzəlməyəcək”.

Jurnalist Rahil Sayadoğlu: “Sosial şəbəkələrdə yalnız qələm adamları kütləvi tənqidə məruz qalmır. Hər sahədən olanların başına belə işlər gəlir. Bu siyasətçi də olur, jurnalist də və s. Amma yazarlar niyə qabarıq üzə çıxır? Çünki onlar aydınlanmış insanlardır, cəmiyyətin işıqlı təbəqəsidir. Ona görə də onların yazdıqları daha çox danışılır, daha çox tənqid olunur. İddian olmasa, heç kimin sənlə işi olmaz. İddialısansa, təriflə yanaşı, tənqidə də açıq və hazır olmalısan. Məncə bəzi şair və yazıçılar auditoriyanı sınaqdan keçirmək üçün mübahisəli statuslar yazırlar. Bu zaman kimin hansı fikirdə olduğu üzə çıxır. Təbii ki, bunu gündəmə gəlmək üçün edənlər də var. Bəzən isə məsələn, kiçik bir hadisə olur. Amma yazıçı onu xəyalında böyüdür və şişirdilmiş şəkildə təqdim edir. Sosial şəbəkələrdə şair və yazıçıların çoxunu izləyirəm. Aqşin Yenisey, Qismət Rüstəmov, Şərif Ağayarın samballı paylaşımları olur. Ömər Xəyyamın müşahidələri möhtəşəmdir. Hədəfi dəqiq nişan alır. Aqşin Evrən və Əsəd Qaraqaplan da sözünü-söhbətini bilən yazarlardandır”.

Facebook-un digər bir aktiv istifadəçisi İlqar Namə isə belə düşünür: “Hər halda qəsdən edirlər. Çünki eqo ehtiyacıdır. İnsan istəyir ki, var olduğunu hiss elətdirsin. Bunun üçün də pis-yaxşı müxtəlif yollara baş vurur. Gündəm mövzusu olmaq istədiyini hiss etdiyim heç bir yazıçı və şairin etdiklərinə bir münasibət bildirmirəm və bu haqda heç nə danışmıram. Şeirə və ədəbiyyata çox da maraq göstərmirəm, ancaq gözümə ciddi və maraqlı görünən yeganə yazıçı Qismət Rüstəmovdur”.

Minval.İnfo