Özbəkistanda prezidenti tərifləyən mahnılar oxumaq olmaz. “Uzbekkonsert”in rəhbəri Odil Abdukahhorov ölkədə müğənniləri belə davranmamağa çağırıb.

Bizimyol.info xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev onun şəninə oxunan mahnıların əleyhinədir. “Uzbekkonsert”in rəhbəri də özbaşına danışmır. Ona konkret təlimat veriblər. Abdukahhorov deyir: “Prezident özü də şəninə tərif söylənilməsini xoşlamır. Sonra ləkə axtaran jurnalistlər yazacaq ki, hökumət prezidenti tərifləməyi tapşırıb. Nəyə lazımdır?!”

Abdukahhorov prezidentin reklama ehtiyacı olmadığını bildirib: “Bunun əvəzinə qoy islahatlara öz töhfələrini versinlər”.

“Uzbekkonsert” düz iki il əvvəl Mirziyoyevin əmri ilə yaradılıb. Yaradılandan bir az sonra dörd müğənnini gənclərin vətənpərvərlik ruhunun artırılmasına həsr olunan tədbirə gəlməməyə görə cəzalandırmışdılar. Əvvəllər onlara kliplərində mentalitetə və ictimai dəyərlərə zidd şeyləri göstərməyi qadağan edirdilər. İndi isə hər şey əksinədir, prezidenti tərifləməyə qoymurlar.