– İmiş, ay İmiş… Dur, dədə, dur. Dur e, 2 maşın gəlib, boşaltmalıyıq.

– Gedin boşaldın, gəlirəm.

– Əəə, demirəmmi 2 maşındı. Tez ol, bizi gözləyirlər.

– Dədə, bu saat Murğuz əsəbiləşəcək. Gərək itin sözünü deyə?..

8 km bazarında həyat indi başlayır. Gecə saat 12-yə qalır. Artıq rayonlardan qarpız-yemiş, kartof, xiyar gətirən iri tonnajlı maşınlar bazarın qarşısında sıralanıb, boşaldılmalarını gözləyirlər. Fəhlələr də elə rayon adamlarıdır. 6-7 nəfər bir maşını boşaldır. Hər “toçka”nın öz fəhlələri var. Bir qrup yemiş-qarpız boşaldır, o biri kartof… İmişgil də qarpız-yemiş gətirmiş “TIR”-ın qapılarını açıb boşaltmağa başlayır. Təxminən yarım saatdan sonra işləri qurtarır. Amma hələlik, yəni, növbəti maşın gələnə kimi…

***

Sizə bir az İmişdən danışım. Balaca, gödərək boyu var. Amma dolu bədənlidir. Yerişi də çox qəribədir. Adamın gülməyi tutur. Sanki Lütfəli Abdullayevin yerişini yeriyir; addımlarını qısa atır. Ayağındakı bir “dili” qopmuş çəkələyini sürüyə-sürüyə hərəkət edir. Dili də bir az duzludur. Dediyinə görə, İmişlidəndir. İki ildir ki, bazarda yük daşıyıb, çörəkpulunu çıxarır. 34 yaşı olsa da, hələ evlənməyib. Dəstənin başçısı da elə odur. Bu barədə bir az sonra…

“Yastığımız araba, yorğanımız karton…”

İş bitdikdən sonra İmiş və yoldaşları əllərində iki-üç boş karton qutunu sürüyə-sürüyə arabaların yanına gətirir. Tez arabaların birinin üstündə yerimi rahatlayıb otururam. Salamlaşırıq. Özüm də onlardan seçilmirəm. Söhbətimiz şirin alınsın deyə mən də onların libaslarına oxşar paltar geyinmişəm. İmiş boynunun tərini qırış-qırış olmuş yaylığa silib, karton qutunun yanlarını açır. Uzununa qatlayıb, arabanın üstünə salır. Sonra köynəyini çıxarıb üstünə salır. O biri yoldaşları da İmişin etdiklərini təkrarlayırlar. Hərəsi bir dəmir yük arabasının üstünə sərilir.

Söhbətə başlayırıq. Üzümü Aqilə tuturam. “Dəmir arabanın üstündə yatmaq narahat deyilmi?” – deyə soruşuram. Cavabı qısa olur:

– Öyrəşmişik, dayıoğlu. İndi dəmir istidi, qışın soyuğunda da burada yatırıq. Kirayədə qalmaq sərf eləmir. Gecəmiz 10 manata gəlir. Hər maşını boşaldanda adama 2-3 manat pul düşür. Onu da kirayəyə versək, ta nə oldu.

İmiş birdən yerindən dillənir:

– Dədə, bədənimiz bərkiyib artıq. İki ildir ki, yarasa kimi gündüzlər yatıb, gecələr işə çıxırıq. Hərəmiz bir yerdən gəlmişik. Elə bil bir ailəyik. Aqil Ucardandı, mən İmişlidən, Öküz (Mürvət adlı hündürboy yoldaşlarını bu cür çağırırlar) Yevlaxdan, Salehlə Valeh Saatlıdandı, qardaşdırlar. Alış da ağsaqqalımızdır. Yaşı 40-ı keçib. Ağdaşdandır. Ailəmizdən çox bir-birimizi görürük burada. Aya 300 manat, “xaltura” olanda 350 manat pul çıxarırıq. Onun da 200-250 manatını evə yollayırıq.

– Bəs 100 manatla necə dolanırsınız burada, nə yeyib, nə içirsiniz?

– Elə qarpız-yemişlə. Bir dənə çörəyə, bir də hər axşam sərin “Hell”ə pul veririk. Vəssalam. Arada, xalturamız olanda Eyvaz kişinin kababxanasından kabab alırıq. Hərəyə bir manatdan atışırıq.

Mürvət şalvarının balaqlarını çırmayıb, soyunduğu köynəyi ilə sinəsinin tərini silir. İmişdən bir mahnı oxumasını xahiş edir:

– İmiş, bizim mahnımızı oxu, qoy qardaş da eşitsin.

İmiş bir himə bənd imiş kimi kefi kök halda:

– Ə, Öküz, bu saat qonşular tökülüşəcək. Lazım döylü.

– Astadan oxu də.

Mən də xahiş edirəm. Sağ olsun, xətrimi qırmır. Oxumağa başlayır, əvvəlcə astadan “Əsgər marşı”nın melodiyasını zümzümə edir. Bir-iki ağız zümzümədən sonra oxumağa başlayır:

– Yastığımız araba, yorğanımız “korobka”.

Yük gəldimi hamımız, tez qalxırıq ayağa.

Marş irəli, hey! Marş irəli!

“Vosmoy”un şirləri!

Hamı gülüşür. Yoldaşları deyir ki, sözlərini də, musiqisini də İmiş qoşub. Yəni, “Əsgər marşı” üstündə uyğunlaşdırıb.

Birdən İmiş əllərini başının altına keçirib, üzünü mənə sarı çevirir:

– Dayıoğlu, bəyəndinmi? Amma düzünü de.

– Hə, yaxşı səsin var. Amma şeiri yaxşı qoşmamısan.

– Olanımız budur də. Sən bəyənməsən də, Öküz çox bəyənir. (Hamı gülüşür).

– Mürvətə niyə Öküz deyirsiniz?

– Biz qoymamışıq, bizim “starşı” var, Murğuz. Pulumuzu o verir. O, qoyub. Bir dəfə yükü boşaldanda pomidorları əzmişdi. Tez-tez boşaldırdı. Çünki başqa “TIR” gözləyirdi. Murğuz baxdı ki, yeşiklərdən pomidorun suyu süzülür, dəli oldu. Az qaldı yeşiyi Öküzün başına çırpa. Elə ilk dəfə onda Murğuz Mürvətə “öküz” dedi. Bu da o vaxtdan dilimizə düşüb.

“Üzük almağa pulum yoxdur…”

Əlləri qabarlı, gözünün altı qaralmış, fağır duruşlu Alışdan indiyə qədər niyə evlənmədiyini soruşuram. Dodaqları qaçır. Gülümsünür. Elə bil ki, deyəcəklərindən utanır. İsrar edirəm. Qırıq-qırıq sözlərlə ifadə edir, fikirlərini:

– Alış, bu vaxta qədər niyə evlənməmisən?

– Üzük almağa pulum yoxdur.

– Neçə yaşın var?

– 41.

– Ağdaşın harasındansan?

– Özündən.

– Bəs pulları kimə göndərirsən?

– Anama.

– Anan demir ki, vaxtın keçir, evlən?

– Qabaqlar deyirdi. İndi ta demir. Axırıncı dəfə deyəndə dedim ki, üzük al, evlənim.

– Gözaltın var idi?

– O vaxt var idi. Sonra qoşuldu getdi. İndi yoxdur. Həm də bundan sonra mənə kim gələcək?

– Səndən başqa qardaşın var?

– Var, o evlidir. Rusiyadadı.

Alış mənimlə danışa-danışa arxasını bizə sarı çevirdi. Heç bir dəqiqə keçmədi ki, xorultusunu eşitməyə başladıq.

“Uşağım öləndən sonra evə gedə bilmirəm…”

Valeh bayaqdan sakitcə dayanıb. Nə dinir, nə danışır. İki qardaşdırlar. Hər ikisi fəhlə işləyir. Yoldaşları kimi gündə 16-17 saat yük boşaldırlar. Dəmir arabanın üstündə ikicə saat yuxu yatmaq onun üçün dünyanın ən gözəl istirahətidir. Deyir ki, il yarımdır evinə getmir. Səbəbini soruşuram. Asta səslə danışmağa başlayır:

– İki oğlum var. Əkiz doğulmuşdular. Biri xəstələndi. Müalicə, dava-dərman elədik. Mümkün olmadı. Ciyərinə su yığılmışdı. Gec bilmişdik. Həkim dedi ki, İranda müalicəsi var. Amma 2-3 min manatın çıxacaq. Məndə də o qədər pul hardandı.

– Borc da götürə bilməzdiniz?

– Heç borca da girsəm qara fəhləliklə onu düzəldib verə bilməzdim. Bir müddət sonra uşaq öldü. 7-sini yola verib, evdən çıxdım. Hələ də evə gedə bilmirəm. Evdəkilərin üzünə baxmaq olmur. Utanıram. Mən ölən oğluma atalıq borcumu verə bilmədim. Yoldaşım dayımın qızıdır. Məni başa düşür. Nə qazansam, 50 manatını özümə saxlayıb, qalanını rayona göndərirəm. Başqa yerdə də iş yoxdur. Çətindir. Bu saat hamı Bakıya axışır. Rayonda iş nə gəzir. Salehin işi lap çətindir. Həm anamgilə baxır, həm də öz ailəsinə. Bir yerdə yaşayırlar. O da hər ay 200-250 manat topalayıb rayona göndərir.

“Xaltura var, durun!…”

İmiş artıq yuxulayıb. Mürvət danışır. Deyir ki, gecə saat 11-dən səhər saat 5-ə qədər 8-9 maşın yük boşaldırlar:

– İndi əsasən qarpız-yemiş, moruq, fındıq, göyərti mövsümüdür. Pomidor-xiyar isə seyrəlib. Az-az gəlir.

Elə bu vaxt iş icraçısı Murğuzun səsi eşidilir. Cins şalvarda, ağ köynəkdə, boynunda tərini hopdurmaq üçün qoyduğu yaylıq fəhlələrin üstünə sərildiyi arabaya yaxınlaşır:

– Dörd araba fındıq var. O başdan birinci qapıya gedəcək. Saleh, sizin növbədir. Sizdən kimin növbəsidirsə, qalxın.

Murğuz müəllim məni qıyqacı nəzərlərlə süzüb asfaltın o biri tərəfinə qayıdır. Saleh İmişi qaldırır. Dörd nəfər növbəsi olanlar müəyyənləşir və onlar üzərində 60-70 kiloqramlıq yeşiklər olan arabaları 100-150 metr məsafəyə daşıyacaqlar. Mən də onlarla bərabər qalxıram. Salehdən növbəni necə müəyyənləşdirdiklərini soruşuram:

– Bizim “starşı”nın bizdən başqa 3 fəhlə qrupu var. Biz 3-cü qrupuq. Murğuz qrupları, İmiş də bizim aramızda növbə sistemini qurub. Əlavə iş olduqca bölüşürük. Bəzən adama 2-3 gündən bir növbə gəlir.

***

Yükü boşaltdıqdan sonra gəlib yenidən yerlərinə uzanırlar. Hamısının paltarları çirklidir. Hətta şalvarlarının balaqları belə süzülüb. Maraq məni bürüyür. Səhər geyəcək paltarları varmı? – deyə soruşuram. İmiş dillənir:

– Bir dəst paltarlarımız var. Onları bir sellofana yığıb dəmir arabaların yanındakı yeşik zibilliyində gizlədirik.

– Bəs qorxmursunuz ki, zibil boşaldanlar zibil bilib maşına atarlar?

– Onsuz da zibillər günlərlə orada qalır. Amma biz saat 5-də, 6-da çıxıb gedirik. Zibilyığan maşınlar isə adətən 8-dən, 9-dan sonra gəlir. Amma bir dəfə Öküzün paltarlarını atmışdılar. İki-üç gün sonra az qalırdı ki, zibil yığanları öldürsün (gülür).

– Bəs hara gedirsiniz, yuxunuzu harada alırsınız?

– Nə bilim, parkdakı skamyaların üstündə yatmağa, ya da qazona uzanırıq. Bir də günorta yuxudan oyanırıq. Yeməyimizi yedikdən sonra yenidən bazara qayıdırıq.

– Yaxınlıqda polis bölməsi var. Bəs dəmir arabalarda yatmağınıza bir söz demirlər?

– Bəlkə də deyirlər. Amma biz eşitmirik. Yuxuda oluruq. Elə yoruluruq ki, yanımızda top da atsan eşitmərik.

Uşaqların yatan yerdə şəkillərini çəkmək istəyirəm. İcazə vermirlər. Hətta Valeh sərt dillənir. “Olmaz” – deyir. Əsəbi halda, gözləri qızarmış şəkildə üstümə gəlir. Yoldaşları sakitləşdirir. Sakitcə sağollaşıb gedirəm.

Eyvaz kişinin manqalının yanına çatanda İmişin səsini eşidirəm:

– Xalaoğlu, Valehə fikir vermə, bir az qaraqabaqdı. Bir az da yorğunluq tüstüsünü təpəsindən çıxardı. Amma gəl belə edək, 3 manatdır, bizə bir şiş kabab al, barışaq…