“El arasında bir məsəl var. “Üzünü mürdəşir yusun” bunu çox vaxt birinə qarğış, giley kimi deyirlər. Bu ifadəni işlədəndə xətrimə dəyir. Görünür heç düçünmürlər nə dediklərini. Əslində dünyadan köçəndə ədəbi ərkanı ilə köçmək də böyük xoşbəxtlikdir. Səni necə deyərlər Allah əmri ilə kəfn- dəfn edirlər. Paklayıb yola salırlar. İllərlə tapılmayan meyitlər var. Dağda, daşda qurda-quşa yem olanı. Onları düşünəndə üzünü mürdəşir yumaq bir az elə xoş sonluqdur.

Əvvəl –axır hamının sonu var da. Amma biz mürdəşirlər sonla tez- tez rastlaşdığımıza görə bu barədə daha çox düşünürük. Elə buna görə də fərqli düşüncələrə sahibik”.

Bu sözləri Bizimyol.info saytı ilə söhbətində dünyanın ən çətin və məsuliyyətli işlərindən biri ilə məşğul olan ölüyuyan- mürdəşir Həsən Həsənov deyir. Ağdaş rayonunda yaşayır. Onu yaşadığı kənddə, elə ətraf rayonlarda da tanıyır, hörmətlə yanaşırlar. Yaşı əllini ötüb. Dediyinə görə, saçları indi yox elə gəncliyindən ağarıb. Qorxduğu üçün deyil, hər gün dünyanın yalançı olduğunu gördüyü üçün.

– Dediniz ki, ölümlə çox üzləşmisiz. Ölüm xəbəri alanda ən çox nə keçir ağlınızdan?

– Xaqaninin bir misrası çox tez- tez düşür yadıma. Və elə çox da işlədərəm bu misraları.

Bu əli xınalı kaftardan həzər
Yüz qoca öldürüb yenisin gəzər.
Dünya barədə işlətmişdi bu sözləri.Dünyanın gözəlliyinə aşiq olub onun əbədi olduğunu düşünür insan, o isə gözəl gəlin kimi görünsə də, yaşı milyon illərlə ölçülür. Köhnə aşiqlərini öldürüb, yenilərinə özünü sevdirən qadın kimidir dünya.

-İlk dəfə necə qərar verdiniz, necə başladınız?

-İlk dəfə atamı yudum, borcum idi. Sonra şəhid olmuş qardaşımı. Kənddə yaşayırdım. Düşündüm ki, bu işi biri görməlidir, mən də başladım. Çox vaxt ölüyuyan, mürdəşir deyəndə insanlara qəribə gəlir. Bir az dəhşətə də gəlirlər. Amma biz bu həyatda insana ən son toxunan, onu ən son görən adamlarıq. İnsanı yola salmaq üçün dinimizin müəyyən etdiyi qaydalar var və biz də ona əməl edirik. Çətin və məsuliyyətli işdir. Həm də böyük savabdır. Ölümlə ilk dəfə rastlaşan insanlar üçün bəlkə də qorxuludur. Lakin qorxulacaq nə var? İnsan əbədi yuxuya gedib.

-Çoxları soruşmağa , öyrənməyə çəkinir. Amma insan olaraq bəlkə bunu bilməyin vacibliyini də hiss edirlər. İslam dinində ölü yumağın qayda qanunları var yəqin ki.

– İslam dinində əslində ölüyumaq peşəsi yoxdur. Hər kəs dünyadan köçən əzizini hörmətlə yola salmağa borcludur. Buna böyük ehsan süfrəsi açmaq daxil deyil. Ölmüş şəxsi gərəkən qaydada pak edib, kəfənləmək və dəfn etmək daxildir. Meyyit qüslü deyilən bir qüsl var dinimizdə.Vacib qüsldür. Ölən şəxsə meyyit qüslü verməzdən ona toxunmuş hər kəsizn üzərinə meyyit qüslü düşür. Yuyunmalıdırlar, əks halda bəzən görürsən ki, özlərini ağır hiss edirlər.Ölmüş adama toxunan şxs özünə məssii meyit qüslü verməlidir. ( Məssi meyit qüslü verirəm qürbətən illallah)

– Dini son zamanlar bir az biznes şəkinə saldılar.Yas yerlərinə molla ilə birlikdə indi ağlayan da dəvət edirlər. Ölüyuyanların yaxşı qazan götürdüklərini deyənlər də var.

– Hər bir müsəlmanın boynuna vacib olaraq borc qoyulub. 7 meyit yumaq. Hər kəs bunu etməyə ürək eləmədiyinə görə ölüyuyan peşəsi yaranıb.Ölünü yumaq savabdır. Lakin bu işə zamnını, vaxtını ayıran insanın da ailəsini dolandırması lazımdır, hallılq üçün müəyyən məbləğdə haqq götürmsini niyə biznes adlandırsınlar ki. İş görür, haqqını alır. Hər bi işdə olduğu kimi. Amma bu da ölüyuyana haqq vermir ki, istədiyi məbləği desin, dərdli ailəyə yük olsun. Savab üçün yardım etdiyimiz ailər çox olub. Şəhidlərimizə Allah rəhmət eləsin, onları bu dünyadan yola salmaq boynumuzun borcudur, haqq istəmək söhbəti ola bilməz. Kimsəsiz insanlar var, yetimlər var ki, onları savab üçün hər kəs kimi yuyub kəfənləmişəm. Ağıçılara qalınca, mən bilən gərək yoxdur. Əzizi rəhmətə gedən şəxs onsuz da ağlayır, canı yanır. Ölümdən şou düzəltməkdir bu.

– Hansı meyitləri yumayıb təyəmmüm edirlər?

-Yanmış, çürümüş meyitlərə təyəmmüm edilir. Meyitin əlləri elastik vəziyyətdədirsə, tərpənirsə yanına bir qabda torpaq gətirib, əlinin içini torpağa basdırısan sonra o əlini üzünə çəkirsən. Əgər əli qatlanmırsa qüsl verən özü əllərini torpağa vurub meyitin üzünə çəkməlidir.
Meyidi seyr etmək, onun gözəlliyindən və ya qüsurlarından bəhs etmək günahdır.Sidr suyu, kafur suyu, abuxalis suyu ilə üzərindən üç dəfə su ötürüb sonra dəsmalla qurulamaq, sonra kəfənləyib yaxınlarına təhfil vermək lazımdır. Yeddi yerinə hənud vurulur. Əgər ölüyə hənud vurulmayıbsa qəbir açılmalıdır, meyitə hörmətsizlik etmədən qəbrin içində hənud vurulur, yenidən məzar örtülür. Hənud isanın namaz vaxtı torpağa təmas edən yeddi əzasına vurulan kafur maddəsidir. Sidr kafu vururuq ki, 40 gün ərzində torpağın altında meyitə heç bir həşərat yaxın gəlməsin.

-Bəzən əmanət qəbir, müvəqqəti qəbir ifadəsi işlədilir. Bu nə deməkdir?

– Bu o deməkdir ki, ölən şəxs vəsiyyət edib ki, öz yurdunda basdırılsın, lakin deyək ki uzaq bir ölkədə rəhmətə gedib. Yəni ölü sahibi onu başqa yerdə basdırmaq niyyətindədir. Amma hansısa səbəbdən bunu edə bilməyib. Bu zaman ölən şəxsi ayaqları qiblə istiqamətində olmaqla dəfn edirlər. Sonra deyək ki, bir ay, bir il sonra əbədi uyuyacağı məzarlığa aparırlar. O zaman ona yenidən qüsl verilir və dəfn edilir.

– Kişiləri kişilərin, qadınları da qadınların yuması vacibdir. Bəs birdən buna imkan olmazsa, və ya ölən şəxs ikicinslidirsə, transgenderdirsə onda necə?

– Ölüyuyanlar arasında yeni bir ifadə işlədilir. “ Xonça”. İkicinsli insanlar üçün deyilən bir ifadədir. Ömrü boyu kişi kimi yaşamış biri və ya qadın kimi görünmüş biri ölüncə bunu sirr kimi saxlamış da ola bilir.Cəsədə baxırsan ki, qurşaqdan aşağı qadın orqanlarıdır, yuxarı hissəsi isə kişi. Həmin ölünün yaxınlarından onun həyat tərzi soruşulmalıdır. Ailə yaxınları desə ki, qadın kimi yaşayıb onda qurşaqdan aşağını qadınlar yuyacaq, yuxarını isə kişilər. Daha sonra da eyni qayda ilə kəfənlənəcək.

– Amputasiya olunmuş orqanlar və ya ağır qəzalarda qopub ayrılmış bədən orqanları necə dəfn edilməlidir?

-Amputasiya olunmuş orqanların həkim kağızı gətirilir. Bu əzaya qüsl verməklə yuyulub basdırılır. İçərisində sümük olan istənilən əzaya qüsl düşür.Həmin əzaya da hənud vurmaq düşür.