Çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmədən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dünyaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca dayısı Ruhulla Axundov kimi “xalq düşməni” damğası ilə həbs edilib ilim-ilim itirilərdi.

Ailənin böyüyü, bu qızın atası sənət adamı idi, Haşım bəy Saqib. Qızcığazın uşaqlığı səksəkə ilə, meşin çəkmələrin səsi onların kandarında bir də eşidilər deyə, qorxu ilə keçdi. Bir də gördü ki, Baki Teatr Texnikomunun tələbəsidir, üstəlik, ilk uğurları da var. Müəlliməsi Fatma Qədri onun oynadığı obrazlara qürurla baxıb dodaqaltı gülümsəyirdi.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə getdi. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən doğan təsadüfmü? Kim bilir… Bəlli olan odur ki, sənət taleyi ilə bahəm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və çox cazibədar təbəssümü vardı. Çox keçmədi, Azərbaycan teatr sənətinə bu gözəlliklə yanaşı, həm də istedadlı bir aktrısanın gəlişi bəlli oldu – Nəcibə Məlikovanın.

Teatrın Edilyası

Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşdü. “Yaşar”da oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunurdu.

Qədim, gözəl Gəncədə keçmiş xanların nəslindən olan bir ailə yaşayırdı. Ailənin qadını, xan qızı Xanım övlad həsrətindəydi, Tanrı vermirdi. Bir gecə Xanıma yuxuda deyirlər ki, ailə qurmağının 12-ci ilində bircə övladın olacaq, amma cəmi 30 yaş yaşayacaq. Elə də olur, 12 ildən sonra Allah ona bir oğul bəxş edir. Bu oğlan Gəncədə bir məktəbdə oxuduğu, sevdiyi, sonra Tiflisdə Dəmiryol İnstitutunda da birgə təhsil aldığı qızla elə orda 18-20 yaşlarında tələbə ikən evlənir, bir övladları olur. Sonra tale elə gətirir ki, bu cütlük tez də ayrılır.

Gəncədə bu oğlanın qulağına çatır ki, teatra bir aktrisa gəlib, gözəlliyinə hamı heyran qalıb, üstəlik, ətrafında pərvanə olanların birinə belə gözünün ucu ilə də baxmır. Həmin gündən qəhrəmanımız axşam tamaşalarına getməyə başlayır. Nəcibə xanıma da deyirlər ki, bütün Gəncə qızlarının ürəyinin dağı olan bu oğlan olsa, olsa sənə görə gəlir buralara. Nəcibə xanım əvvəl etinasızcasına çiynini çəkir, amma pərdə arxasından təsadüfən baxışlarının sataşdığı oğlanın həminki olduğunu biləndə özünə də səbəbi bəlli olmayan bir sevinc dolur içinə. Çox keçmir yenilməz aktrisa hər tamaşadan əvvəl pərdə arxasından o oğlana baxıb sonra səhnəyə çıxır.

Bir gün oğlan tamaşaya gəlmir. Həmin gün gənc aktrisa içindəki təlatümü rəfiqələrindən gizlədə bilmir. Tamaşa başa çatar-çatmaz sabahkı günün həsrəti ilə yaşamağa başlayır. Beləcə, bir məhəbbət tarixçəsi də onun sənət tarixçəsi ilə birgə yazılır. Evlənirlər. Həyatının belə bir dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstituna qəbul olunur. Burda Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır, həyat isə tamam fərqli dərs verir. Birincinin dərsini mənimsəməməklə sənətini dəyişməli olursansa, ikincinin dərsini bilmədinsə…

Nəcibə sənət dərsini gözəl mənimsəyir, ali təhsil alır, Milli Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Aydın”ında Böyükxanım, “Sevil”də Edilya kimi fərqli, mürəkkəb xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin sənət taleyində bir xətt kimi keçir. “Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında Yasəmən, Şıxəli Qurbanovun “Əcəb işə düşdük” pyesində Məlahət, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”ndə Şölə kimi obrazlara imza atıb.

Bu minvalla sənət həyatı öz axarı ilə gedir. Bəxti gətirib. Ədil İsgəndərov, Rza Təhmasib kimi ustadları indi həm də ona bütün istedadını ortaya çıxaran rollar verirlər.

Kinonun “Ögey ana”sı  


Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşınin ilk nikahından, biri isə Nəcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Ərinin  ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra…

Fuad Əsədovun özü indi yaşı 70-i ötmüş nurani bir ağsaqqaldır, o vaxt isə 11 yaşı varmiş: “Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”.

Fuad Əsədovun xanımı da bu yerdə söhbətə qoşulur: “Çox gözəl qadın olmasından iki qat artıq gözəl insan idi, yaxşı, ana, qayınana olması da, yaxşı insan olmasından qaynaqlanırdı. Bizimlə olmurdu, bizə hər gəlişində mənə bir brilliant komplekt gətirərdi. Qızım dünyaya gələndən sonra o, hədiyyələri qızıma gətirməyə başladı. Məsələ onda deyildi ki, bizə qiymətli hədiyyələr verərdi, ona görə sevirdik onu, yox, sadəcə, hər diqqətini, qayğısını gördüyümüz üçün necə sağlığında özü, elə də xatirəsi əzizdir bizim üçün”.

Hər qaynana haqqında belə yanğı, belə sevgi ilə danışılmır. Aktrisanın öz qayınanası – iddialı xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmirdi. Həyat hər addımda təzadlarla doludur. Bəlkə bu da həyatın təzadıdır ki, Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkib. O qədər çəkib və dözüb ki, bir gün onlara qonaq gələn Ədil İsgəndərov dözməyib və Nəcibə xanım kimi “Ögey ana”nı elə öz obrazında, qayınanası və həyatı ilə bahəm kino ekranlarına gətirib. Evdən çıxarkən deyib ki, Xanım xala, səndən kino çəkəcəm. Bir gün isə Nəcibə Məlikovaya ssenarini oxuması üçün verib. Aktrisalığı bir yana, bir mərd, ağayana azərbaycanlı xanım olan Nəcibə özü ssenaridə bəzi dəyişikliklər edir. Onun həyat yoldaşı həqiqətən də yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. İsmayıl oğulluğu Fuaddır, filmdə Cəmilə kimi verilən Saqibin obrazıdır. Bu cür xırda dəyişikliklər, görünür, tamaşaçını əsl həqiqətdən yayındırmağa xidmət edib. Nəcibə xanım isə Dilarə rolunda özünü oynayıb. Bu təbiilik illər keçməsinə rəğmən filmi hələ də sevdirir.

29 yaşında dul qaldı

Həyatı davam edirdi, kənardan hamının həsəd apara biləcəyi, daxildə isə bir qadın xoşbəxtliyinə möhtac həyat. Gözəl, şahanə, namuslu, bacarıqlı, şöhrətli və eyni zamanda olduqca sadə. Ailəsi üçün canından keçməyə hazır, çox dadlı yeməklər bişirən və ərinin qulluğunda durmaqdan zövq alan xanım. Sədaqəti barədə isə rol üçün etdiyi təklifə görə Nəcibə xanımın silləsi üzündə iz qoyan rejissor özü bəhs edərmiş. Belə qadına hansı kişi xəyanət edər? Ondan necə imtina etmək olar!?

Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı bir kişi olub. İddialı qadınlar beləsini ələ keçirmək üçün fürsəti fövtə verməz. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, – deyirmiş.

Deyirmiş, amma bu qürurlu qadın hər gün içində sındığını, xırdalandığını hiss edirmiş. Ailəni saxlamaq üçün qayınanaya dözmək çox asandır, qürurunun tapdanmasına necə dözəsən… Yenə dözdü, o vaxta qədər ki, ailə başçısı bir gün başqası ilə evləndiyini bəyan etdi. Nəcibə xanım səssizcə oğlunu da götürüb çıxıb getdi, amma böyük oğul dediyi oğulluğundan da ayrılmadı. Çox keçmədi Nüsrəddin 30 yaşında faciəli surətdə dünyasını dəyişdi. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qaldı, amma bir daha kimsəyə könül vermədi, yeni ailə qurmadı.


Bütün sevgisini Fuadla Saqibə, bir də hələ uğurları qabaqda olan sənətinə verdi.

Həmkarı, xalq artisti Yaşar Nuri onun haqqında deyir: “O dövrün bütün uşaqları kimi mən də İsmayıl və Dilarəni həyatda görüb tanımaq arzusunda idim. Tale elə gətirdi hər ikisi ilə həyatda dostlaşdıq. Nəcibə xanımla bir səhnəni bölüşdük, tərəf müqabili olduq. Bir dəfə söhbət əsnasında dedim ki, Buzovnanı görməmişəm. Məşqdən çıxdıq, məni oturtdu maşına birbaş Buzovnaya, “Yekə kişidir, hələ Buzovnanı görməyib”, – dedi. Çox gözəl qadın, gözəl insan, əvəzsiz aktrisa idi”.

Firəngiz Mütəllimova: “Anamız, sirdaşımız, rəfiqəmiz idi. Onun yanında kimsə gənc aktrisalara nə isə deyə bilməzdi. Bizi müdafiyəyə qalxardı. Əslində, bizi qorumaq üçün həmişə bizimlə olardı, amma ona belə bir don geyindirirdi ki, guya bizimlə gəncləşmək istəyir”.

Teatrda qazandığı uğurlar çox keçmədi kinoda onu izləməyə başladı. Dilarə onun kino yaradıcılığının şah obrazıdır. Bəs, “Arşın mal alan”da bəyzadə Cahan, “Əhməd haradadır?”da qoçaq Nərgiz, “Leyli və Məcnun”da şahanə duruşu ilə “Qızsan, ucuz olma, qədrini bil”, – deyən ana…

Yüksək əxlaq nümunəsi, xeyirxah insan, cazibədar qadın.. bunların hamısı Nəcibə xanımın özünə xas olan xüsusiyyətlərdir.


Tərəf müqabili Elxan Qasımov: ““Əhməd haradadır?” filmində bir rəqs səhnəmiz vardı, rəqs müəllimi gəlib çıxmadı, özümüz oynamalı olduq. Çox gözəl rəqs etməyi vardı, “Əhməd hardadır?” filmində də rəqs səhnəsinə məşqsiz çəkilmişdi. O qədər oynadıq ki, çəkiliş qrupu işini qurtarıb bizi gözləyirdi. Maşını qaçırdığı səhnədə isə həqiqətən də saxlaya bilmirdi, mən çatdırıb əyləci basmışdım və Nəcibə xanımın ayağını da möhkəm tapdamışdım, çəkiliş pozulmasın deyə səsini çıxartmamışdı. Çox amiranə qadın idi, əsl ana idi, həyatda da, kinoda da. Ədil İskəndərov onu bütün səpgili obrazlara çəkmişdi. “Qanun naminə”də Zərrintac hara, Nərgiz xala hara?! Yaxşı nərd oynayardı, bir dəfə kinostudiyada nərddə hamını udan bir kişi xeylağına qələbə çaldı. Hamı yığışıb oyuna baxırdı, işıqçı Əliqulu nərdin daşını o atan atdı”.

Azərbaycan teatr və kino sənətinə adını əbədi yazdı Nəcibə Məlikova. Ömrünün sonuna qədər Dram Teatrında və “Azərbaycanfilm” kinostudiyasında çalışdı. SSRİ xalq artisti fəxri adına qədər çatdı. Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutuldu. Həmin bəla da onu 70 yaşında apardı. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” – deyib, arzusuna çatmaq üçün gözlərini əbədı qapayır.

Proloq

Anasına hədsiz bağlı olduğundan onu itirən vaxtdan ürəyində xəstəlik tapan Saqib dünyasını vaxtsız dəyişdi. Nəcibə xanım Məlikovanın Saqibdən iki qız nəvəsi var.

modern.az