“Bütün klublarımıza, o cümlədən öz komandamıza avrokuboklarda uğurlar arzulayıram. İnanırıq ki, debüt mövsümümüzdə yaxşı mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq”.

Minval.info xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın “Universitatya” komandasına qarşı keçirəcəkləri ilk matç haqda danışarkən bildirib.

38 yaşlı mütəxəssis “ASCO Arena”da baş tutan mətbuat konfransında rəqibin güclü olduğunu diqqətə çatdırıb:

“Rəqib haqda müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü, amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm, amma avrokubok təcrübəsi olan, oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, həm aşağı yaş qruplarında, həm də əvəzedici heyyətin baş məşqçisi olub. 6 ildir bu klubda çalışır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək presinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil”. Buna baxmayaraq ən yaxşısını etməyə çalışacağıq.

– Aftandil müəllim, sosial mediada rəqibin bir futbolçusu deyib ki, Bakıda özümüzü qonaq kimi deyil, meydan sahibi kimi aparacağıq. Oyun başlar-başlamaz həmişə olduğu kimi hücuma atılacaq, effektiv hücumlar quracağıq.

– Bəli, rəqib güclü klubdur, yetərincə sürətli oyunçuları var. Lakin bizdə bunu boş buraxmayacaq, rəqibin hər səhvindən yararlanmağa çalışacağıq. Buna aid bəzi planlarınızda var.

– Meydana əsas hansı hədəf üçün çıxacaqsız?

– Çalışacağıq ki, arxa xəttə az səhv edək. Bizə münasib olan nəticəni qazanaq.

– Aftandil müəllim, sizə sərf edən nəticə hansıdır ?

– Əsas odur ki, qol buraxmayaq.

– Hücumçu kimi, Mirabdulla Abbasovu dəvət etmisiniz. Avrokubok oyunlarına görə, daha güclü hücumçu niyə cəlb edilmədi? Məlumdur ki, Mirabdullanın Avrokubok təcrübəsi demək olar ki, yoxdur.

– Bilirsiniz, Mirabdulla gəncdir, “Neftçi”də yaxşı çıxış edib, qollar vurub, azerkeşlərin rəğbətini qazanıb. Onu da bilirik ki, ölkədə yerli hücumçu çox azdır. Digər məsələ isə bizim maddi imkanlarınızın məhdud olması ilə bağlıdır. Əlbəttə, Mirabdulla ilə paralel digər hücumçu olsa rəqabət dahada qızışar.

– Rəqibin özünə həddən çox arxayın olması sizi qıcıqlandırmır?

– Təbii haldır. Hər bir idmançı özünə güvənməlidir. Harada ki, özgüvən yoxdur, demək, orada uğur yoxdur. Necə ki, biz özümüzə güvənirik. İnanırıq, uğurlu nəticə qazanacağıq.

– Qapını kim qoruyacaq ?

– Qapı bizim yaralı yerimizdir. Təlim məşq toplanışında Kamal Bayramov zədələnib, Ribka isə mövsümün sonuna yaxın ağır zədə alıb. Hazırda əsas 2 qapıçı əsas heyət uğrunda mübarizə aparır. Daniel və Elxan. Bildiyiniz kimi, məcburiyyətdən komandanın qapıçılarla çalışan məşqçisi Fərhad Vəliyevi UEFA-ya sifariş etmişik.


Ağa Dadaşzadə