Müsahibə 1-ci Qarabağ savaşının ayrılmaz hissəsi olan 776-cı kəşfiyyat qrupunun qəhrəmanlarına ithaf olunur.

Qarabağ savaşının ən şiddətli döyüşləri Ağdərə cəbhəsində baş verirdi. Bu döyüşlərdə müxtəlif hərbi qruplar iştirak etsə də, 776-cı kəşfiyyat qrupu xüsusi şücaət göstərib. Taleyin hökmü ilə mən bu qəhrəman kəşfiyyat qrupunun son döyüşlərinin birində möcüzə nəticəsində sağ qalmış döyüşçüsü Mehman Məmmədov və rabitə komandiri Rəşid Əliyevi tapdım. İndi isə müharibənin od-alovundan sağ çıxmış bu qəhrəmanları birlikdə tanıyaq:

–        Mehman bəy, döyüş yolunuz necə başladı?

Mən 1975-ci ildə Sabunçuda dünyaya gəlmişəm. 1993-cü ildə, 18 yaşımda həqiqi hərbi xidmətə çağırılmışam. Xüsusi təlim keçdikdən sonra məni Şubanıda yerləşən 776 nömrəli hərbi hissəyə göndərdilər. Bu hərbi hissə yeganə hərbi hissələrdən idi ki, ancaq kəşfiyyatçı yetişdirirdi. İlk döyüş əməliyyatımızı yerinə yetirmək üçün bizi Füzuliyə apardılar.  Oradakı əməliyyatı tamamlayıb Ağdərə istiqamətindəki döyüşlərə göndərildik. Ağdərə Ağdamdan sonra ən çox şəhid verən ikinci yer hesab olunur.

–        Rəşid bəy, sizin döyüşlərdə pozisiyanız nə idi?

Mən BDU-nin fizika kafedrasının dosenti idim. Xaricdə məqalələrim də çıxmışdı. 1992-ci ildə Qarabağ müharibəsi başladı, mən də könüllü olaraq vətənin müdafiəsinə getdim. İlk əvvəl kəşfiyyatçı, rabitəçi rotanın komandiri, daha sonra rabitə rəisi oldum. 1999-cu ildə 45 yaşım olduğu üçün ordudan tərxis edildim. İndiyə qədər məğlubiyyətin acısını yaşaya-yaşaya qocalıram. Qisas alacağımız günü zəncir gəmirərək gözləyirəm.

–        Mehman bəy, Tonoşen ərazisindəki ən unudulmaz əməliyyatınız?

Deməli, Tonoşen 2, Tonoşen 3, Qlobus, Vışka bunlar hamısı ermənilərin əlində idi. Biz gecə ilə xüsusi əməliyyat planı əsasında erməni ərazilərini keçdik və hərbi hissələrinin yerləşdiyi  Tonoşen 2-yə gəldik. Ermənilər səhər açılanda gördülər ki, Azərbaycan əsgərinin mühasirəsindədirlər. 4 gün orada ölüm-diri savaşı verdik. Lakin çox təəssüf ki, bizim mərmi ehtiyatımız bitdi deyə geri çəkilməli olduq. Yoxsa biz ora yalnız qələbəyə getmişdik.

–        Döyüşlərinizin əksəriyyəti qış aylarına təsadüf edib. Qışın sərt üzünü ən çox hansı əməliyyatınızda görmüsünüz?

1994-cü ilin fevral ayı idi. Tonoşen 3 tərəfdən kilsə deyilən yer var, orada böyük bir körpü olub. Ermənin texnikası, sursatı bu körpü vasitəsi ilə Ağdərəyə keçirilirdi. Bizə də komandir tərəfindən əmr gəldi ki, o körpünü partladaq, erməni Ağdərəyə keçə bilməsin. Bu əməliyyatı yerinə yetirmək üçün hər rotadan 43 nəfər seçildi. Yolda bizim komandir rotamız yıxıldı deyə zədə aldılar. İki nəfər əsgər lazım oldu ki, yaralıları geriyə aparsın. Bir mən, bir də əsgər yoldaşım Məmmədov Nail seçildi. Digər yoldaşlar yoluna davam etdi. Biz geri qayıdanda gördüm ki, yanımızdan 2 kölgə keçdi. Mən “dayan” dedim. Gördüm kimsə fit çalıb aşağıya doğru qaçdı. Onda hiss etdim ki, biz artıq ermənilərin içərisindəyik. O soyuqda girdik çayın içərisinə ki, nəfəs, öskürək eşidilməsin. Çayın üst tərəfində 8-9 nəfər dayanıb nəysə danışdı, havaya güllə açdılar, sonra getdilər. O irəliləyən qrupumuzu da ermənilər ayaq izi ilə arxalarınca düşüb mühasirəyə salıblar. Qrupumuz 6 gün ac-susuz mühasirədə qalıb, atışma olub, 5 nəfər əsgərimiz yaralanıb. Digər geriyə qayından əsgərlərimizin də əksəriyyətinin şaxtadan əli, qolu amputasiya olunub.

–        Bəs o 5 nəfərin sonrakı taleyi necə oldu?

Sonra mənim də daxil olduğum 9 nəfərlik qrup yaradıldı. O əsgərləri gətirmək əmri verilmişdi. Biz verilən kordinatla irəliləyib əsgərlərimizin cəsədinin qaldığı yerə gəldik, lakin orada artıq cəsəd qalmamışdı. Bir də ermənilərin belə bir taktikası var idi, ölən əsgərin altına qumbara bağlayırlar ki, dartanda partlasın. Bu əməliyyatımızı həm uğursuz, həm də çox itkili adlandırardım.

–        Silahdaşlarınız barəsində nə deyə bilərsiniz?

Onlar mənim şəhid qardaşlarımdır. Heç birinin xidməti gözardı edilə bilməz. Lakin silahdaşlarımın arasında Fuad Nəsirov adlı bir igidimiz var idi. O, Xocavənd rayonundan idi.  Memarlıq və İnşaat Universitetini oxuyub, diplomu belə almamış könüllü olaraq müharibəyə gəldi. O, həm də 20 Yanvar vaxtı meydanlarda irəlidə gedən gənclərdən biri olub. Hətta mən bildiyimə görə ölümün caynağından təsadüfən qurtulubmuş. Ailəsi sağ qaldığı üçün qurban da kəsibmiş. Mən sizə bir nüansı da deyim. Mənim son döyüşüm elə onun da son döyüşü oldu. Belə ki, bizi son döyüşə aparanda Fuadı da aparacaqlardı. Dedim ki, o ali təhsillidir, qoy qalsın. Lakin Fuad o qədər vətənpərvər oğlan idi ki, dedi vətən məni çağırır, mən qardaşlarımla gedib onların əziyyətini bir yerdə bölməliyəm.

–        Bəs döyüşçü Fuadı necə xatırlayırsınız?

Çox sakit təbiətli, intizamlı, verilən tapşırığı olduğu kimi yerinə yetirən biri idi. Ağdərə istiqamətində gedən ən şiddətli döyüşlərdə  Fuad PK-çı kimi iştirak edib. Xatirimdədir ki, 1994-cü ildə, yanvarın 30 Qlobus yüksəkliyində keçirilən ən şiddətli döyüşdə xüsusi xidmətləri olub, 70-dən artıq erməni zabiti, əsgəri məhv edilib. 1994-cü il, aprelin 21-nə açılan səhər bizim son döyüş yolumuz olub. Çox riskli bir əməliyyat idi. 9 nəfərlik qrup idik və qayıdanda pusquya düşdük. Fuad orada alnından və boynundan güllə yarası alaraq, həyata əbədi gözlərini yumdu. Həmin döyüşdə 8 qardaşımı itirdim, özümsə ölümcül yaralanadım, amma tanrının yazısıdır ki, sağ qaldım.

–        Rəşid bəy, siz son döyüşlə bağlı nə deyə bilərsiniz?

Bu 9 qəhrəmanın iştirak etdiyi son döyüş mahiyyət olaraq ermənilərin Tərtər ərazisinə hücum planını pozmaq üçün planlaşdırılmışdı. Ermənilər neçə gün idi ki, Ağdərə-Tərtər yolundakı səngərlərimizi yüksəklilərdən iri çaplı silahlarla atəşə tuturdular. Bu 9 kəşfiyyatçıya tapşırıq verildi ki, bunların atəşinin qarşısı alınsın ki, biz səngərlərimizdə dayana bilək. Son döyüş günü artıq dəhşətli atışma gedirdi. Bu 9 kəşfiyyatçı Barınbeyov Erbonun rəhbərliyi ilə irəli getdilər, yuxarıda bir təpəcik var idi, ermənilər o təpəcikdə dayanmışdılar. Onlar təpəciyi fırlanıb ermənilərin arxasına keçməli idi. Təpəciyə  çatanda görüblər ki, burada 50-60 erməni var, amma hava artıq qaralmağa başlamışdı. Qrupumuz başladı PK, RPK kimi silahlardan atəş açmağa, bunların hamısını biçdilər. Sən demə bu dığalar kəşfiyyatçılarımızı pusquya salıblarmış. Bunların da bir qrupu bizim kəşfiyyatçılarımızı arxadan güllə yağışına tutdular. Mən əvvəlcə elə bildim ki, orada olan 9 kəşfiyyatçımız şəhid oldu. Çünki onları özüm daşıyıb morqa aparmışdım. Amma sonralar öyrəndim ki, sən demə o 9 kəşfiyyatçıdan biri sağ qalıb. Bu döyüşün yekununda sevindirici bir hal var ki, o da bu qəhrəmanların şücaətinin boşa getməməsi oldu. Həmin döyüşdə 8 igidin qanı bahasına da olsa, əməliyyatımız müvəffəqiyyətlə tamamlandı. Barımbəyov Erbol, Nəsirov Fuad, Məmmədov Nail, Səfərov Vüqar, Yunusov Seyfəddin , Qasımov Rüstəm, Nağıyev Zaur, Əliyev Xeyrədin – Allah onların hər birinə rəhmət eləsin.

Sonda hər iki qəhrəmanım gəncliyimizə ürəkli olmağı, vətəninə ürəkdən bağlanmağı arzu etdilər. Düşünürəm ki, 1-ci Qarabağ müharibəsi bizə səhvlərimizi bağışlamasa da, aprel döyüşlərindəki qələbələrimiz, xalqımızın ən kiçik fərdindən tutmuş yaşlısına qədər birliyi Qarabağımızın gec-tez öz sahibinə geri qayıdacağını bir daha təsdiqlədi. Biz jurnalistlər də növbəti dəfə qəhrəmanlarımızdan qazandığımız qələbələrin sevinci barəsində müsahibə alacayıq.

Məleykə Ağasoy // Fotolar və video: Fərid Özay

Minval.İnfo