Göyçay sakini adıçəkilən rayonun icra başçısının əlindən bezdiyini, “ölüm aclığı” aksiyasını başladığını deyir. O, icra hakimiyyətinin rəhbəri Mehdi Salamzadəni saxtakarlıqda ittiham edir.

Bu barədə minval.info-ya Göyçay sakini Seymur Azadov məlumat verib.

S.Azadovun sözlərinə görə, M.Səlimzadənin qanunsuz əməllərinə, ona qarşı etdiyi saxtakarlıqlarına etiraz olaraq bu gündən ölüm aclığı aksiyasına başlayır: “Əgər mən buna görə ölərəmsə məsuliyyət birbaşa Mehdi Səlimzadənin üzərinə düşəcək. 4 azyaşlı uşağımın boğazının çörəyinə bais olan icra başçısı saxtakarlığını sübut edən sənədləri təqdim edirəm. Xahiş edirəm diqqət edin. Bəlkə də Azərbaycan Respublikasında ilk dəfədir ki, icra başçısı belə açıq-aşkar saxtakarlğa yol verir”.

Seymur bəy iddia edir ki, icra hakimi onlara məxsus obyekti əllərindən alıb qarşılığında sənədlə torpaq sahəsi versə də, ciddi problemlər ortaya çıxıb:

“Göyçayın Çayarxı kəndi ərazisində 23 ildir ki, avtomobillərin təmiri sexində mühərrik ustası kimi fəaliyyət göstərirdim. 17 fevral 2017-ci il tarixində Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin göstərişi ilə avtomobillərin təmiri seximiz qanunsuz olaraq dağıdıldı. Sonra məndən 5000 manat pul alıb köhnə sexin yaxınlğından mənə 40 kv. metr ölçüdə torpaq sahəsi verdilər. Həmin pulu məndən Göyçay rayon İcra Hakimiyyətinin arkitektora şöbəsinin Kamil adlı əməkdaşı aldı və dedi ki, pul Mehdi Səlimzadəyə çatacaq. Mənə sənədlər verildi. İnanıb inşa işlərinə başladım. Həmin vaxt bir nəfər vətəndaş gəlib bildirdi ki, bu yer mənə məxsusdur və sənədini təqdim etdi. Baxanda məlum oldu ki, həmin şəxsə bu yer 1996-cı il tarixdə satılıb. Bununla da Mehdi Səlimzadə məni aldadıb və 5000 manat pulumu alıb saxta sənəd verdiyi ortaya çıxdı”.

Göyçay sakini çıxılmaz vəziyyətdə qaldığını və icra başçısının onunla ədavət apardıını söyləyir: “Çadır qurub işləmək istəsəm də alınmır. Çünki yayda istidən, qışda qardan-yağışdan orada işləmək olmur. Köhnə seximə yaxın ərazidə boş yerlər var ki, oradan mənə 40-45 kv. metr torpaq ayıra bilərlər. Ancaq qəsdən bunu etmirlər, çünki onların saxtakarlıqlarından şikayətlər etmişəm. İcra başçısı Mehdi Səlimzadə mənimlə ədavət aparır”.

S.Azadov həmçinin ailəli və 4 azyaşlı övladının olduğunu, eyni zamanda həyat yoldaşının heç bir işdə çalışmadığını bildirir:

“Valideynlərim atam 1-ci, anam isə 2-ci qrup əlildir. Qardaşım subay və işsizdir. 9 nəfəlik ailənin yeganə qazanc yeri həmin təmir sexindən əldə olunan gəlir idi. İndi 9 nəfərlik ailə valideynlərin əlilliyə görə aldığı cüzi təqaüdün ümidinə qalıb. Daha doğrusu aclıq səfalət içində yaşamağa məhkum edilmişik”.

Seymur bəyin sözlərinə görə, Mehdi Səlimzadənin əməlləri, özbaşınalığı onu öldürmə həddinə gətirib: “Öləcəyəmsə məsuliyyəti bu icra başçsının üzərinə düşəcək. Ümidim ancaq Allaha qalıb”.

Məsələylə bağlı Göyçay İcra Hakimiyyətinin rəsmi saytında göstərilən əlaqə nömrələrinə bir neçə dəfə zəng vursaq da, cəhdlərimiz boşa çıxdı.

Yazıda adları qeyd olunan şəxslərin dinləməyə və mövqelərini dərc etməyə hazırıq.

 

Samir Mirzə