Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Feyziyev elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, həyat yoldaşını namus üstündə öldürüb.

Müttəhim əlavə edib ki, arvadının hərəkətlərini onun qardaşına da söyləyibmiş:

“Oğlumuz, qızımız var. Amma o, bu yola düşdü. Qardaşına bu barədə demişəm. Kimlərsə gəlib mənim evimin qapısını döyüb. Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı. O mənə deyirdi ki, Rövşən adlı şəxs guya onu nəyəsə məcbur edir. Həmin şəxsi də polisə verdim. Daha sonra həmin şəxslə parkda görüşdüm. Mənə söylədi ki, get evindəki komputerdə mənim şəkillərim var. Müstəntiqdən soruşanda oğlumun müştərisi olduğunu dedi. Sonra gedib evdə həmin şəxsin şəkilini kompüterdə tapdım. Arvadımdan soruşdum ki, bu şəxs kimdir? Mənə dedi ki, yaxşı eləmişəm”- deyən Feyziyev elə bu sözə görə də arvadını öldürdüyünü bildirib.

Suallara cavab verən Feyziyev hadisə zamanı arvadına 4-5 bıçaq zərbəsi vurduğunu bildirib. Sonra isə tam olaraq xatırlamadığını deyib: “Qızım da evdə idi. Qızıma mənə kontur almasını dedim. Qızım evdən çıxandan sonra həyat yoldaşımı öldürdüm”.

Polisə özünün təslim olduğunu deyən Feyziyev yolda oğlu ilə görüşdüyünü deyib: “Hara getdiyimi soruşdu. Dedim ki, evə get, mən də qayıdıram. Oğlum bir ay sonra əsgərliyə gedəcəkdi”.

Məhkəmənin suallarını cavablandıran Feyziyev bildirib ki, sosial şəbəkədə kimlərsə onu şantaj edib. Arvadının şəkillərini ayrl-ayrı şəxslərə göndərib.

Hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildə onun yad kişi ilə fotoşəklini tapıb. Bundan sonra o, həyat yoldaşı R.Feyziyevanı 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, Feyziyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.