“Oskarda da tanışlıq var”

Onun üzünü az görüb, səsini isə tez-tez eşidirik.

Dublyaj edilmiş filmlərdə, teleseriallarda onun səsi bizə doğmadır. Söhbət, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Sabir Məmmədovdan gedir.

Aktyorluğu, peşəkarlığı, həmçinin dublyaj sahəsində böyük təcrübəsi ilə yanaşı, o, həm də maraqlı müsahibdir.

Minval.İnfo saytının əməkdaşının verdiyi suallara maraqlı cavablar verən aktyorun müsahibəsini təqdim edirik:

– Hazırda hansı pyeslər üzərində işləyirsiniz?

– Məmməd Səid Ordubanin “Qılınc və qələm” əsəri əsasında hazırlanan “Qətibə İnanc” tamaşası üstündə işləyirik. Mən orda Nizami Gəncəvini oynayıram.

– Nizami xüsusi çəkisi olan bir şəxsiyyətdir. Bu rola üçün hansı hazırlıqları gördünüz?

– Nizami qeyri-adi adamdır. Hələ ki Azərbaycanı dünyada tanınan yeganə şəxsiyyətdir. Yaşadığı yerdən qırağa çıxmasa da, bütün dünyada tanınmağa nail olub, Şərq deyəndə, poeziya deyəndə ilk Nizami ağla gəlir. Nizami səmavi adamdır. Həmin obrazı canlandırmaq çox böyük məsuliyyətdir. Ciddi yanaşıram.

– Hazırda Dalğa Tv-də xarici serialları Azərbaycan dilində yayımlayır. Bu seriallar bizim öyrəşdiklərimizdən çox fərqlidir. Bəyənirsiniz bu serialları?

– Hə, Dalğa TV-də yayımlanan seriallar dünyaca məşhurdur. Mən də orda dublyaj işindəyəm. Dünyanın izlədiyi serialları bizim tamaşaçıya çatdırmaq çox yaxşıdır. Hə, məsələn, “Taxt oyunları” çox fərqlidir, bizim öyrəşmədiyimiz üslubdur, belə şeylər bizdə yoxdur. Amma öz dilimizdə izlətdirə bilmək çox təqdirəlayiqdir.

– Dublyajlarda çox səhvlər olur amma… Həmçinin, uşaq obrazlarını böyük adamların səsləndirməsi nə qədər düzgündür?

– Elə hər gün tərcüməçilərin işlərini redaktə edirik. Düzü bizimki heç dublyaj deyil, sadəcə səsləndirmədir. Elə çox vaxtımız olmur ki, 20 gün bir filmin üzərində işləyək. Hər şey operativ həll edilir. Balaca uşağı mikrofon qabağına qoysan, vaxt gedir. Saatlarla bir uşaqla məşğul olmalısan onda. Amma elə rahat bir aktyor uşaq səsini yamsılayır, bir az səsini incəldir o da pulunu qazanır, iş də sürətli gedir.

– Bizim serialları da çox tənqid edirlər…

– Ən son rol aldığım serial “Ata ocağı”dır. Bizdə əvvəl-əvvəl dublyajlar haqqında da belə çox şey deyirdilər. Çünki qulaqlarımız rus dilinə öyrəşmişdi. Gənclər də türk dilinə öyrəşiblər. Dastin Xofman Azərbaycan dilində “ey Con, hara gedirsən” deyəndə artıq qəribə olurdu. Yavaş-yavaş qulaqlar alışdı. Hər şey zamandan asılıdır. Serial istehsalı da 3-4 ildir başlanılıb. Serial tamam ayrı bir estetikadır. Bəzi seriallar var ki, onu dövlət yox, sponsorlar müəyyənləşdirir. Bu qəbildən olan işlərdə sponsor müəyyən mövzuya, aktyora maliyyə ayırır. Tələb edir ki, filan aktyor oynasın. Bu cür tələb-təklif münasibətlərində bir seriala pis və ya yaxşı demək mümkün deyil. Analitik olaraq düşünürlər ki, məhsulu kim, hansı mövzu daxilində təqdim etsə müştərilərə çatar, ona əsasən də sponsorlar öz tələblərini irəli sürürlər. Elə sizin jurnalistikada da belədir (gülür). Artıq sənətçiləri qoyub, o, boşandı, bu evləndi xəbərini, müğənnilərin ailə həyatını üzə çıxarırsınız. Heç kim bunu savadsızlıqdan etmir ki… Hamısı düşünülmüş addımlardır. Reklam əldə etmək üçün daha çox oxucuya çatmalısınız. Daha heç kimə lazım deyil Sabir Məmmədov oturub Umberto Ekodan fəlsəfi söhbətlər etsin, kim oxuyacaq ki? Bu çox normal prosesdir və ona görə də serialları da tənqid etməyin tam əleyhinəyəm.

– Bir də Kemal Sunalın məşhur “Şaban” filmlərində hər kəsi səsləndirirlər, bircə Şabandan başqa. Buna bir çarə tapmaq olmazdı?

– Həə… Şabanın filmlərini də mən səsləndirmişəm. Qeyri-adi bir şey yoxdur orda. Sadəcə Şabanın danışığı xarakterikdir, həm də şirindir. Düz deyirsiniz, bir qədər çaşqınlıq yaradır, o da səsləndirilməli idi. Elə burda da pul məsələsi var. Şabanı orijinalda verəndə daha çox izləyici cəlb edir. Dövrün tələbi budur. Bax, sən də bir neçə müsahibədən sonra mütləq gözəl bir müğənnimizdən müsahibə alacaqsan (gülür). Bəri başdan deyim elə mənlə bağlı yazını uzağı 500 nəfər oxuyar, amma bir müğənnidən xəbər ver hamı sizin media orqanını tanıyacaq. Hər kəs elə bu tələbləri qarşılamağa çalışır.

– Sabir müəllim, hər aktyorun özünü gördüyü rollar olur. Sizin necə rol seçimi etmək şansınız var?

– Rol seçmək imkanım çox azdır. Özümə uyğun bildiyim bir rol olur, istəyirəm, amma rejissor isə məni o rolda görmürsə, vermir. Seçim məsələsi çətindir. Gedib rəsmi sürətdə müraciət edə bilərəm ki, mən filan rolu istəyirəm, amma bir də var ki, rejissor səni o obraz üçün uyğun görə. Yəqin ki, rejissor daha yaxşı seçər.

– Çox istəyib də oynaya bilmədiyiniz rollar hansılardır?

– O qədər rol olub ki. Repertuarda bir rol var ki, istəyirəm, həm də yaxşı oynayacağıma inanıram. Təəssüf ki, mənə vermirlər. Mən bunu özümə haqsızlıq kimi görə bilərəm, amma rejissor haqsızlıq olaraq qiymətləndirmir axı.

– Məsələn, “Bəxt üzüyü”də Hüseyn obrazını tamaşada siz canlandırmışdınız, amma filmdə sizi çağırmadılar. Bu filmin ikincisi də bu yaxınlarda ekranlaşdırıldı. Yenə sizə dəvət gəlmədi?

– Necə ki, birincidə təklif etmədilər, eləcə də ikincidə təklif gəlmədi. Rejissorlar şəxsi mülahizələrinə əsasən seçirlər aktyorları. O əsər bizim tamaşadan sonra populyar oldu, sevildi. Hərdən ürəyimdə düşünürəm ki, mən oynamışdım o rolu, mənimlə sevmişdi tamaşaçı. Mənə təklif etsələr, mən oynasam tamaşaçı və rejissor üçün daha yaxşı olardı. Amma belə də olur da (gülür).

– Sizi sakit, yola gedən insan kimi tanıyırıq. Bəs sizi özünüzdən çıxaran məqamlar olur?

– Əlbəttə olur. İşimiz elədir ki, bəzən mülayim olmamağa çarən qalmır. Mən sənəti o qədər çox sevirəm ki, istəyirəm bir çox tamaşada iştirak edim, heç bir roldan imtina etmirəm. Rejissorlara da problem yaratmağı sevmirəm. Özümün konsepsiyam var, mən öz işimi görürəm, onlar da öz işini. Beləliklə, çox əsəbiləşməyimə səbəb olmur.

– Hər Qazaxlıda bir poeziya ruhu olduğu deyilir. Sizin necə şeir yazmaq istedadınız var?

– Açığı yox, şeir yazmağı sınaqdan keçirməmişəm. Amma düz deyirsiniz, şeir, sənət bizim qanımızda var. Mənə də bu dramaturgiya ilə gəlib. Biz oxuyan vaxtı kənd məktəbimizdə dram, şeir dərnəyi vardı. Elə müəllimlər ilk dəfə onda bacarığımı kəşf elədi.

– Siz şou biznes nümayəndəsi deyilsiniz ki, şəxsi həyatınız gündəmə gəlsin, amma yenə də sənət adamlarının ailəsi barədə müəyyən məlumatımız olur. Siz isə heç ailəniz, övladlarınız barədə danışmamısınız.

– Onların tanınmasına ehtiyac görmürəm. Özüm aktyor olduğum üçün ictimailəşmişəm, ailəmin ictimailəşməsinə isə ehtiyac görmürəm. Onlar tamam başqa sahənin adamlarıdır. Soruşsanız deyərəm, mənim iki qızım var, biri ailəlidir, iki nəvəm var. İkisi də dilçidir. Özləri bu sahəyə yönəldilər. Tərifləmək üçün demirəm, amma hər ikisi teatrı, ədəbiyyatı, sənəti çox sevirlər. Məndən də çox intellektualdırlar. Çox müasirdirlər.

– Gənclərlə aranız necədir? Fəaliyyətlərini bəyənirsiniz?

– Müasir gənclərimizə də öz övladlarım kimi baxıram. Biz oxumaq üçün çox çalışırdıq. Ədəbiyyat az idi, nə isə oxumaq üçün rus dilini bilmək lazım idi. Biz gözləyirdik ki, film festivala nə vaxt gələcək. Amma indi ingilis dilini bilmək də gənclərə çox şans yaradır. Oskardan əvvəl artıq filmlərə baxa bilirik. Ona görə də indiki gənclər də sürətlə inkişaf edirlər. Biz də onlarla ayaqlaşmalıyıq, teatrda da, gündəlik həyatda da… Cavanlar, uşaqlar üçün tamaşalar da var. Bilirsiniz, cavanlar daha rahat qavranılan şeyləri sevirlər. Bu gün bizim səhnədə də çoxlu gənclər var. Teatr bir estafetdir. 20 il bundan əvvəlki rolu indi oynaya bilərəm ki, bir gənc oynamalıdır. Teatr canlı orqanizmadır, böyüyür, püxtələşir, yorulur.

– Nə zaman teatra gəlsəm zalın müəyyən hissəsini boş görürəm, yaşıdım gənclər isə gözümə dəymir. Niyə yerlər boş qalır?

– Teatrda hər gün tamaşa oynanılır, ona görə də hər gün anşlaq, hər gün dolu zal görmək mümkün deyil. Teatr əslində cəmiyyətdə özünü ziyalı sayanlar, ona istirahət kimi yox, mənəvi təsəlli kimi baxanlar üçündür. Bu cür tamaşaçı tapmaq da çətindir axı. Gənclər əyləncəyə daha meyillidirlər, nəyinki bir dram əsərinə. “Qılınc və qələm”i cavanların 99 faizi oxumayıb. Əslində Nizamini anlamaq üçün çox gözəl əsərdir. Teatr bir az gənclər üçün ağırdır.

– Səhnədə olarkən tamaşaçıların hansı hərəkətləri sizin diqqətinizə səbəb olur?

– Telefonla oynamaqları diqqətimi çox yayındırır. İşıqlar sönən kimi telefonların işığı səhnədən daha aydın görünür. Teatra qədəm qoyanda tamam fərqli bir məkanda olduqlarını anlamalıdırlar.

– Tamaşaya könüllü gəlirlər axı, bəlkə əsər maraqlı gəlmədiyi üçün telefonla baş qatırlar?

– O da ola bilər, çox nüanslar var: Səhlənkarlıq da ola bilər, biveclik də.

– Yeni filmlərimizi necə bəyənirsiniz? Sizə təklif gəlir?

– Sizin baxdığınız filmlər ki var, əgər onlara film də demək mümkündürsə, onu çəkənlər ayrı adamlardır. Amma “Nabat” filmi var 50-ə yaxın festivalda yer alıb, “Nar bağı” filmi də onun kimi… Bax belə ekran işlərində artıq hər filmdə görünənləri yox, məni çəkirlər. Bunu mən çox normal qəbul edirəm. Qoy tamaşaçılar gəlsin, kinonu kinoteatrda izləməyə öyrəşsin, yaxşı filmlər də gələcək. 90-ci illərdə Türkiyədə də belə filmlər göstərirdilər, indi amma necə inkişaf edib ekran işlərini dünyaya belə çıxara bilirlər. Yenə hər şey maliyyə ilə bağlıdır. Kinoteatr sahibkarlıq subyektidir, pul qazanmaq istəyir. Məni çəkib göstərsələr kimdir baxan, o yazığı da qınamıram. Amma təzə çıxan filmlərə baxmağa heç vaxtım da yoxdur. O filmlərə dəvət etsələr mən də çəkilərəm, bizə də pul lazımdır. Mən də yaşamalıyam da (gülür).

– Bəzən aktyorlar pul qazanmaq üçün toylarda tamada işləyirlər. Digərləri də onları qınayır. Siz heç toylara getmişiniz?

– Hə nə olar ki?! Dolanışıq üçün gedə bilərlər. Mən özüm tamadalıq etməmişəm amma. Vallah elələri var ki, toyu elə gözəl aparır, sonra o da əməkdar artist olur, mən də.

– “Əsa teatr”dan xəbəriniz oldu yəqin ki? Tamaşalarını izləmək imkanınız oldu?

– “Əsa teatr”nın tamaşasına dəvət etmişdilər, təəssüf ki, vaxtım olmadı getməyə, amma çox yaxşı qiymətləndirirəm. Bu fiziki məhdudiyyətli insanlar üçün nə qədər motivasiya vericidir, onlar nə qədər xoşbəxtdirlər, necə sevinirlər. Bir var ki, 3 nəfər oturub söhbət edib dərdini bölüşür, amma bir də var ki 200-300 adama səhnədən öz problemini, səsini çatdırırsan.

– Oskar mükafatına namizəd filmləri izləmisiniz?

– Yox, yəqin ki, qaliblər açıqlanandan sonra baxacağam. Məsələn, Leanardo Dicaprionun son filmini (red-“Revenant”) heç bəyənmədim. Onun rəqibi “Martian” filmi mükafata daha layiq idi. Görünür, Oskarda da tanışlıq var (gülür).

Dəniz Kərimzadə

Fotolar: Fərid Özay

Minval.info