Nişanlısını tapa bilməyən prokuror qızlar yataqxanasını bir-birinə qatdı
Nişanlısı ilə əlaqə saxlaya bilməyən prokuror polislərlə birgə onun qaldığı tələbə yataqxanasına basqın edib.
Minval.İnfo “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib.
Belə ki, Samsun şəhər prokroru Əhməd İlyas Tolar On doqquz Mayıs Universitetinin 3-cü kursunda oxuyan nişanlısı ilə mübahisə etdikdən sonra gənc qız onun telefonlarına cavab verməyib. Bundan əsəbiləşən prokuror gecə vaxtı polislə birgə onun qaldığı yataqxanaya gedərək nişanlısı ilə görüşmək istədiyini deyib. Yataqxana rəhbərliyi prokurora görüş üçün uyğun vaxt olmadığını deyəndə, o, özündən çıxıb və “Mən prokuroram, çağırın gəlsin”, deyib. Yataqxana nümayəndələri qızı çağırmağa getsələr də, o, “mən elə birini tanımıram”, deyə prokuror nişanlısını görmək istəmədiyini bildirib.
Aldığı cavabdan əsəbiləşən prokuror zorla yataqxana binasına girməyə çalışıb, ardınca isə binanın kamera görüntülərini istəyib.
Səs-küyə yataqxanadakı digər tələbələr də oyandıqdan sonra araya polis və yataqxananın təhlükəsizlik əməkdaşları girərək, prokuroru sakitləşdirməyə çalışıblar. Daha sonra o, nişanlısı ilə görüşə bilmədən yataqxanadan ayrılıb.
Hadisə ilə bağlı Samsun Kredi Tələbə Şəhərciyi Bölgə Müdürlüyü prokuror barədə akt tərtib edib.
Prokurorun özü isə açıqlamasında yataqxanaya basqın etmədiyini, sadəcə nişanlısından ötrü narahat olduğu üçün oraya getdiyini bildirib.