“Alimlər mərhum şair Mikayıl Müşfiqin cəsədinə məxsus olduğu ehtimal edilən qalıqları tədqiq edirlər”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Qaradağ rayonunun Buta qəsəbəsində şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Qeyd edək ki, bu günlərdə Qaradağ rayonunun Buta qəsəbəsində şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması barədə məlumat yayılıb. Nazirin sözlərinə görə, bu barədə məlumatlar Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra sözügedən qalıqların tədqiqi üçün Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı qurumlarla birgə araşdırmalar aparmağa qərar verilib.

“Biz bu məsələni nazirlikdə müzakirə etdik. Mən ictimaiyyətə bu kimi xəbərlərdə sensasiya axtamamağı və təsdiq olunmamış məlumatlara istinad etməməyi məsləhət görərdim. Mikayıl Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq sərəncamı ilə bu il şairin yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına Muzeyin yenidən qurulması ilə bağlı işlər gedir” — deyə nazir bildirib.

O, əlavə edib ki, Müşfiq heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq: “Onun əziz xatirəsi daim ürəklərdə yaşayacaq”.

Mikayıl Müşfiq XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şairidir. O, gənc yaşlarında Stalin repressiyalarının qurbanı olub və 1939-cu ildə güllələnib.

Xatırladaq ki, Müşfiqin qalıqlarının tapılması barədə iddiaları Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov irəli sürüb.