Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini, gənclərin sevimli işgüzar inkişaf yazarı Nadir Adilov çap mediasına dəstək məqsədilə “Yeni Müsavat”, “Şərq” və “525-ci qəzet”ə abunə yazılıb.

Minval.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşaraq, aşağıdakıları bildirib: “Ölkəmizdə medianın ən böyük qarantı və dəstəkçisi cənab Prezident İlham Əliyevdir. Cənab Prezident hər zaman medianın yanında olub və medianın ən yaxın dostudur. Sadə bir vətəndaş kimi, cənab Prezidentin bütün örnəklərindən nümunə götürmək hər birimiz üçün qürurvericidir. Rəsmi qəzetlər daxil olmaqla, “Səs”, “Kaspi”, “Yeni Azərbaycan”, “Bakı-xəbər” qəzetlərinə abunəmiz vardı. Abunə olmadığım “Yeni Müsavat”, “Şərq” və “525-ci qəzet”ə bu gün abunə oldum”.

N.Adilov qəzetlərə abunə olmaq istəyən şəxslərə də müraciət edərək, prosesin izahını verib: “İstənilən çap mediasına abunə olmaq istəyən dostlar üçün düstur çox sadədir. Naharda və yaxud da istənilən boş vaxtınızda bu məsələni cəmi 1 addıma və 10 dəqiqəyə həll etmək mümkündür. Belə ki, 1-ci addım, yaxınlaşırsınız sizə ən yaxın Azərpoçt şöbəsinə və abunə yazılmaq istəyinizi bildirirsiz. Azərpoçtun gülərüz və peşəkar personalı çevik qaydada bu məsələni 10 dəqiqəyə həll edir. Sizə çek verilir. 2-ci addımda isə abunə yazıldığınız qəzetlər ünvanınızdadır”