Psixologiyada insanın təfəkkür, davranış mexanizmi üstündə araşdırmalar, təcrübələr aparılıb. Bu araşdırmaların bir çoxu dəyərli elmi faktlar əldə edilsə də, bəzi eksperimentlərin metodları insanı “ Elm, həqiqətən, bu qədər qəddar ola bilərmi?”- deyə, düşündürür.

Minval.info psxilogiya tarixinin ən qəddar, insanı dəhşətə gətirən təcrübələrini təqdim edir:

  1. Stanford həbsxanası: Gücün təsiri

Başqalarına sözünü keçirmək imkanı olan insanlar zalim birinə çevrilər, yoxsa yenə də ürəyiyumşaq qala bilərmi? Bu suallara cavab vermək üçün Filip Zimbardo üstündən 46 il keçsə belə, hələ də müzakirə edilən bir təcrübə təşkil edib. Eksperiment 70 könüllünü Stanford həbsxanasına toplayıb. Onlardan yarısı məhkum, yarısı isə dustaq nəzarətçisi kimi ayrılıb. Təcrübədə təxmin edilən bu idi ki, insan əgər bir hakimiyyət sahibirsə, içindəki pisliklər, vəhşilik üzə çıxır. İlk gün məhkum və nəzarətçilər arasında elə də bir problem yaşamayıblar. Ancaq təcrübənin ikinci günündən artıq davalar başlayıb. Nəzarətçilər, əllərindəki hər cür vasitədən istifadə edərək, həbsxananın hökm sahibi kimi məhkumlara əziyyət ediblər. Təcrübənin 15 gün davam etməsi nəzərdə tutulmuşdu, ancaq könüllülər arasındakı davaların böyüməsi, zorakılığın pik həddə çatmasından sonra, eksperiment 6 günə yekunlaşıb.

Bu təcrübə bir çox filmə də ilham verib. 2001-ci ildə Almaniyada çəkilmiş “Eksperiment” filmi, 2010-cu ildə yenə eyni adla Amerika istehsalı ekran işi və son olaraq 2015-ci ildə “Stanford həbsxanası təcrübəsi” adı ilə filmlər çəkilib.

  1. Milqram: İnsanın içindəki zalımlıq

Digər bir təcrübə isə insanın öz vicdanını heç sayıb, hakimi-mütləqə boyun əyməsini üzə çıxarmaq məqsədi daşıyıb. İştirakçılar onlara verilən əmrlərə uyaraq, qarşılarındakı insana elektrik cərəyanı verirlər. Əslində təcrübə müddətincə heç kimə cərəyan verilmir, ancaq aktyor dəhşətli əziyyətlər çəkdiyini göstərən vəziyyətlər alır. İştirakçılar həmin insana verdikləri əzablara görə özlərini pis hiss etsələr də, əmri olduğu kimi yerinə yetirib, cərəyan verməyə davam ediblər. Eksperimentin sonunda belə bir nəticəyə gəliblər ki, insanlar öz vicdani qaydalarına əks olsa belə, “yuxarıdan” gələn əmrləri olduğu kimi yerinə yetirirlər. Bu təcrübə də “Təcrübəçi: Stanli Milqram hekayəsi” filminin süjet xəttini təşkil edir.

  1. Canavar təcrübəsi

1939-cu ildə alim Uendel ABŞ-ın Lova əyalətində 22 yetim uşağı bir  yerə yığıb, öz hipoteziyasını təsdiqləmə çalışıb. Uşaqlar hərəsində 11 nəfər olmaqla iki qrupa ayrılıb. Birinci qrupdakı uşaqlara çox yaxşı danışdıqları deyilib, ikinci on birliyə isə danışa bilmədikləri, nitq məhdudiyyətli olduqları və həyatlarının sonuna qədər belə qalacaqlarını deyiblər. Əslində isə, uşaqların heç birində nitq problem olmayıb. Mənfi rəylər alan uşaqlar həyatları boyu psixoloji problemlər yaşayıblar və düzgün danışa bilməyiblər.

Uendelin öz rızası olmayan, ana-ata qayğısından kənar uşaqları istifadə etməsi, onları bir ömür izləyən travmalara məruz qoyması vəhşilik kimi qiymətləndirilib. Onun bu təcrübəsi “Canavar təcrübəsi” adını alıb.

  1. Balaca Albert təcrübəsi

Qorxu anadan gəlmə yaranan bir instinktdir, yoxsa yaşadığımız zaman əldə etdiyimiz təcrübələrin nəticəsidir? Bu suala cavab tapmağa çalışan alim Uatson və köməkçisi Rosalin Rayner bir müddət həyətdə oynayan uşaqları müşahidə ediblər. Ancaq bu müşahidələr onlara kifayət etməyib və 2 yaşındakı Albert adlı bir uşağı öz laboratoriyalarına gətirirlər. Albertə dovşan, siçan, tüklü oyuncaqlar göstərirlər. Albert nəyinki qorxur, hətta balaca dovşanla dostlaşır. Daha sonra Albert hər dəfə siçana yaxınlaşmaq istəyəndə, kənardan vahiməli səs effektləri əlavə ediblər. Bu zaman Albert ağlamağa başlayıb, siçandan əlini çəkib. Bu metod bir neçə gün davam edəndən sonra Albert sıçanlardan, dovşanlardan, bütün tüklü əşyalardan vahiməli səs gəlməsə belə qorxmağa başlayıb. Amerika Psixoloji araşdırmalar mərkəzinin hesabatına görə, Albertin əls adı Duglas olub və 6 yaşında beyninə su yığılmasından dünyasını dəyişib.

  1. Kütləni panıkasının anatomiyası

1938-ci ildə Uelsin “Dünyalar Müharibəsi” əsəri radiodan səsləndirilib. Bu radioyayımı dinləyən 6 milyon insandan 3 milyonu panika yaşayıb və dəhşətli müharibə başladığına inanıblar. 135 nəfərlə aparılmış müsahibə nəticəsində aydınlaşıb ki, yüksək təhsillisindən tutmuş, savadsızına qədər yayımı dinləyənlərin heç biri məsələni dəqiqləşdirməyə çalışmayıb. Bir çoxu radiodan elan verildiyi üçün deyilənlərin həqiqəti əks etdirdiyini düşünüb. Bununla da, medianın manipulasiya gücü üzə çıxsa da, 3 milyon insanın ciddi narahatlıq yaşaması bu təcrübəni də tarixin ən travmalı psixoloji təcrübələrindən biri də çevirib.

Dəniz Kərimzadə

Minval.info