Bakının dörd bir tərəfində çoxmərtəbəli binalar ucalır.

Biznes mərkəzi və ya yaşayış binası kimi istifadə edilən göydələnlərin səmanı tutmasından, bəzən isə təhlükəli olmasından şikayət edirik. Bu sadəcə ölkəmizə xas bir şey deyil, hətta dünyada elə şəhərlər var ki, məhz göydələnləri ilə məşhurdur.

Dünyada qəbul edilmiş standarta görə, göydələnlər 305 metrdən daha hündür olan binalara deyilir. Amerika Birləşmiş Ştatlarında isə 153 metrdən hündür hər tikili göydələn sayıla bilər. Tarixdəki ilk göydələn 1884-1885 illərdə Çikaqoda tikilmiş onmərtəbəli “Home İnsurance” binası hesab edilir. Müasir standartlara uyğun ilk göydələn isə Nyu-Yorkda yerləşən “Woolworth” biznes mərkəzidir.

1910-1930-cu illərdə bu bina dünyanın ən hündür binası hesab edilib. 1950-ci illərdən sonra isə Cənubi Amerika və Asiya şəhərlərində də çoxmərtəbəli binalar bunu yaşandı. Hətta bu gün dünyanın ən çox göydələnə sahib 10 şəhərindən 7-i Şərq ölkələrindədir.

Minval.info ən çox göydələnə sahib olan şəhərlərin sıyahısını təqdim edir.

Siyahının 10-ci pilləsində 230 çoxmərtəbəli bina ilə Sinqapur dayanır. Sinqapur göydələnlərinin ən hündürü isə 67 mərtəbəli, 280 metr hündürlüyündə olan “UOB” plazadır.

Onluğun 9-cu pilləsində Çinin cənubundakı Quançjou şəhəri qərarlaşıb. Burada çoxmərtəbəli binaların sayı 245-dir.

Kanadanın ən böyük şəhəri Toronto da göydələnləri ilə məşhurdur. Şəhərin ən hündür binası isə 1975-ci ildə tikintisi tamamlanmış 72 mərtəbəli, 298 metrlik “İlk Kanada” göydələnidir.

Göydələnlərə məskən olan Çinin digər şəhəri Şençjendir. Burada beşi 300 metrdən hündür olmaqla 260 göydələn var. Onların ən hündürü isə yüzmərtəbəli, 441 metrlik “KK100” otelidir.

Bir-birindən fərqli memarlığı olan 285 ilə Dubay siyahıda 6-cı yeri tutur. Dünyanın ən hündür binası, qülləsi ilə birlikdə 829 metr olan “Bürc Xəlifə” də Dubayda yerləşir. Dubayda 300 metrdən yüksək 18 bina var.

Siyahıda ən orta pilləni isə Çinin ən böyük şəhəri Şanxay tutur. Şanxayda 297 göydələndən ən hündürü “Şangay Tower”-dır. 623 metr hündürlüyündəki “Şangay Tower” 128 mərtəbəli bir göydələndir.

Siyahıdakı ilk Amerika şəhəri Çikaqodur. Altısı 300 metrdən hündür olan 210 göydələnlə Çikaqo Asiya ölkələri ilə rəqabətdədir. 442 metrlik “Uillis Tower” Çikaqonun 1-ci, ABŞ-ın 2-ci ən hündür binasıdır.

Üçüncü yerdə 481 göydələnlə Yaponiyanın paytaxtı Tokio qərarlaşır. Tokioda çoxmərtəbəli binaların sayı nə qədər çox olsa da, onların hündürlükləri digərləri ilə müqayisədə elə də çox deyil. Göydələnlərin heç biri 300 metrdən hündür deyil. Tokionun ən hündür binası “Toranomon Hills Tokia” 256 metrlik, 52 mərtəbəli bir göydələndir.

Belə siyahını Nyu-Yorksuz təsəvvür etmək mümkün deyil. Burada 720 göydələn var və onlardan yeddisi 300 metrdən hündürdür. 541 metrlik “Dünya Ticarət Mərkəzi” isə Nyu-Yorkdajı ən hündür binalar siyahısında birinci yerdədir.

Hər il təşkil edilən ən çox göydələnə sahib şəhərlər siyahısında hər dəfə müəyyən dəyişikliklər özünü göstərir. Ancaq birinci yerin sahibi uzun müddətdir ki dəyişmir: Çinin xüsusi statuslu bölgəsi, dünyada ən yaxşı rifah alının hökm sürdüyü Hon Konq. Burada hazırda 1302 göydələn var və onlardan 16-ı 300 metrdən yüksəkdir. Hon Konqun hələlik ən hündür binası 468 metrlə “Beynəlxalq Kommersiya Mərkəzidir”.

Bu siyahıda Bakının adının olmaması kimiləri üçün müsbət, kimiləri üçün isə məyusedici olsa da, paytaxtımızda da son illər tikilən gözoxşayan göydələnlər var. Onlardan ən hündürü 209 metrlik “Socar Tower”-dır. “Alov qüllələri”nin isə hər birinin hündürlüyü fərqlidir. “Alov qülləsi 1” 182 metr, “Alov qülləsi 2” 165, “Alov qülləsi 3” isə 161 metrdir. Dünyanın ən hündür göydələninin tikintisi də Azərbaycanda planlanırdı. “Khazar İsland” layihəsi çərçivəsində Bakıdan 25 km cənubda tikilməsi nəzərdə tutulmuş “Azərbaycan qülləsi” 1054 metr olacaqdı. Ancaq nəhəng layihənin iflasa uğraması nəticəsində dünyanın ən hündür binasının Bakıda tikintisi baş tutmadı.

 

Dəniz Kərimzadə

Minval.info