Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında özünəməxsus ödənişlər həyata keçirilir. Bir çox hallarda insanlar bundan narazı qalır. Çünki binada yaşamayan sakinlər də bu ödənişi etmək məcburiyyətindədir.

Yeni mənzil alıb oranı təmir etməyə imkan tapmayanlar isə daha da çətinlik çəkir. Belə ki, onlardan qəpik-qəpik, manat-manat pul toplayıb evini təmir etdirməmiş artıq kommunal ödəniş tələb olunur.

Minval.info bildirir ki, digər tərəfdən isə mənzil alıb oraya köçənlər də könül xoşluğu ilə komendanta pul verə bilmir. Kommunal dedikdə, təbii ki, buraya binanın lift xidməti də aiddir. Lakin elektrik enerjisi kəsildikdə işlər qarışır. Əgər ürəyi xəstə biri liftdə qaldısa işi bitdi. Çünki sağlam adam belə orada qalarkən halı pisləşir. Qaldı ki, səhhətində problemi olan şəxs belə halla üzləşsin.

Bu cür vəziyyətdən çıxış yolu isə yoxdur. Gərək, mütləq gözləyəsən elektrik enerjisi bərpa olunsun. Və ya ustalar müxtəlif yollarla liftdə qalan şəxsi oradan qurtarsın. Yuxarıda qeyd etdiyimiz kimi, səhhətindən əziyyət çəkən üçün bu, kabus olar. Ya həyatı ilə vidalaşa bilər, yaxud da əlavə xəstəliklərlə də mübarizə aparmaq məcburiyyətində qalar. Bu, qulaq ardına vurulası, “heş kimə heş zad olan dööl” deyib keçiləsi məsələ deyil. Çox böyük ehtimal ki, mütləq kimsə həyatını itirsə bununla bağlı addımlar atılacaq.

Ödəniş zamanı gecikdikdə isə komendantlar qapının ağzını kəsdirir. Və ya yolda görən kimi pulu xatırladır.

Görəsən, liftdə qalan insanı da oradan xilas etmək üçün belə dəridən-qabıqdan çıxırlarmı?!

Bu vəziyyət əsasən, özəl tikinti şirkətləri tərəfindən inşa olunan əksər binalarda yaşanır. Şikayət və müraciətlərə baxan mərkəzi qurum varmı? Varsa, sakinlərin dərdinə nəyə görə yanmır? Nəzarət edən qurum mövcuddursa belə fəaliyyəti göz önündədir.

Qeyd etmək lazımdır, bəzi inşa olunan binalarda elektrik enerjisi kəsilən zaman lift bir neçə saniyə sonra generator vasitəsilə işə düşür.

Samir Mirzə / Minval.info