İşlədiyi kafedə müştərini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 8-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib.

Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib. Mərhuma bir bıçaq zərbəsi ürəyindən dəyib.

O Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Minval.İnfo