Böyük Britaniyada müsəlman millət vəkilləri martın 12-dən başlayaraq içində hədə-qorxu dolu məktub və şübhəli maddə olan qutular alıblar.

New York Times qəzeti yazır ki, məktublarda “Müsəlmanı cəzalandırmaq günü”nə çağırış var.

İfrat millətçilər insanları aprelin 3-də müsəlmanları təhqir etməyə, vurmağa çağırır, buna görə mükafat vəd edirlər.

Məktubda hətta məscidləri partlatmağa, Məkkəyə atom bombası atmağa çağırış da var.

Baş nazir Tereza Meyin kabinetində ev, icmalar və yerli hökumət məsələləri üzrə katib kimi çalışan Sajid Javid martın 15-də ona gələn məktubun surətini Twitter-də paylaşıb.

Müsəlman millət vəkillərinə göndərilən məktublarda pis qoxulu maddə də olub, amma polis deyib ki, bu, insan sağlamlığına ziyan vuracaq maddələr deyil.

Britaniya hökuməti bildirir ki, 2013-2017-ci illərdə İngiltərə və Uelsdə nifrət zəminində baş vermiş cinayətlərin sayı 2 dəfə artıb. O cümlədən dini nifrət zəminində cinayətlərin sayı 4 dəfə çoxalıb.

Ekstremist qrupları müşahidə edən ictimai təşkilatlar bildirirlər ki, ifrat sağçı ideologiya sürətlə yayılır.

Elə bir müddət əvvəl Britaniyanın Avropa Birliyindən çıxması ilə nəticələnən referendumda da millətçi əhval xüsusi rol oynamışdı.

İfrat sağçılar radikal islamçıların Avropada və Britaniyada törətdiyi terror aktlarını əldə bayraq edirlər.

Ötən həftə qatı anti-müsəlman mövqeyi ilə seçilən “Britain First” (Öncə Britaniya) ekstremist qrupunun rəhbərləri həbs cəzasına məhkum edilmişdilər.

Müsəlmanlara qarşı təhrikedici çağırışlar ötən il də yayılmışdı.

Son günlər hədələyici məktub alanlardan biri də millət vəkili Rushanara Ali olub.

O deyir ki, əvvəllər də müsəlmanlara qarşı çağırışlarla rastlaşıb, amma son illərdə baş verənlər ciddi narahatlıq doğurur.

Müsəlman millət vəkilləri şübhəli qutuları alandan sonra polis onların ofislərini qısa müddətə boşaltmalı olub.(azadliq.org)

Minval.info