Dünən “Maşın” realiti şousunun iştirakçılarıyla media nümayəndələrinin görüşü təşkil olunub. 

Minval.info xəbər verir ki, jurnalistlərə məşhurlara sual vermək imkanı yaradılıb.

Qalmaqallı iştirakçı aktyor Sərxan Kərəmoğlu minval.info əməkdaşının suallını cavablandırıb. O, vayner Mənsur Şəriflə qarşıdurması ilə bağlı yaranan söz-söhbətlərə aydınlıq gətirib.

“Siz səsvermə günü iştirakçılarla savaşa çıxmışdınız. Qorxmurdunuzmu, ekran qarşısında əyləşən intellektual tamaşaçılar “Qalsın”a səs göndərər və nəticədə oyundan uzaqlaşdırılarsınız? Arxalandığınız kimsə var?” sualına belə açıqlama verib:

“Mən kiməsə güvənmirəm, arxamda heç kəs yoxdur. Əgər güvənsəydim, Murad Dadaşov ev kirayəsini vermək üçün övladıma 300 dollar göndərməzdi. Sponsorum olsaydı, bu gün şouya belə canımı qoymazdım. Reklama da ehtiyacım yoxdur. Səs-küylü qarşılaşmamız Mənsur Şəriflə oldu. O, burada müsbət xarakter yaratmışdı, amma oyunçu deyildi. Ona səsvermədə çox dəstək çıxdılar. Bizim savaşımızda televiziya mədəniyyəti qalib gəldi”.

Qalmaqaldan uzaq aparıcı Ranar Musayev isə televiziyaların küçədən fərqli olmadığını dilə gətirib:

“Televiziyanı da bu dəqiqə çox mədəniyyətli adlandırmaq olmaz. Artıq küçə ilə televiziya arasında heç bir fərq qalmayıb. Bir məsələ də var, gecə klubunda rəhmətə gedən, xəyanətə görə saçı kəsilən qızlara “əcəb olub” deyirlər. Ona görə, “Maşın” şou haqqında sosial şəbəkələrdə artıq nəsə rəy yazırlarsa, normal qarşılamaq lazımdır. İnsanlar heç kimin dərdinə önəm vermirlərsə, buradakı qalmaqala rahat şəkildə şərh yaza bilərlər. Narahat olmağa dəyməz”.

Sualları cavablandırarkən müğənni Dilarə Kazımova “Maşın” şouda “kişi” söhbətlərindən bezdiyini vurğulayıb:

“Biz özümüz kişi söhbətlərindən bezmişik. “Kişi qızı”, “Kişi kimi” sözlərindən çox istifadə olunur. Gender söhbətləri bizim əsas mövzumuza çevrilib. Kimi nə narahat edirsə, onlardan söhbət edir. Düşünürəm ki, kişi adam heç vaxt deməz ki, mən kişiyəm. Qadınlara da bunu şamil etmək olar. Bu söhbətlər bizi boğaza yığıb”.

Reper Ramil Nabran isə Mənsur Şərif və Taleh Yüzbəyovun qisasını almaq istədiyini söyləyib. Amma dünənki buraxılışda səs toplaya bilməyən sənətçi oyundan kənarlaşıb. Onunla vidalaşan müğənni Dilarə Kazımova səhvə yol verərək əlini maşının üzərindən çəkib və qaydalara uyğun olaraq şounu tərk edib.

Samir Mirzə