Bu gün erməni mətbuatında düşmən əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilib.

Azərbaycanın Müdafiə Nazirliyi erməni KİV-lərində yayılan məlumatlara dərhal münasibət bildirib.

Nazirlikdən Minval.İnfo-ya daxil olan məlumatda qeyd edilib ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

“Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib. Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib”, – deyə məlumatda qeyd olunub.