İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Telekanalların yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır), 35.7 (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) və 32.0.9-cu (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib (müvafiq arayışlar tərtib edilib).

Oxu.Azxəbər verir ki, bu və digər məqamlar Milli Televiziya və Radio Şurasının (MTRŞ) açıqlamasında yer alıb.

Qeyd olunub ki, müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib.

Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların xəbər buraxılışlarında rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb (Xəzər, ATV, ARB).

İl ərzində aparılmış monitorinqlərdə reklamın bir saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb edib (Space). Bu isə həm də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.

Monitorinqlər zamanı “Reklam haqqında” Qanunun 13-cü maddəsinin tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilib. Bu barədə mütəmadi olaraq arayışlar tərtib edilərək Şura Sədrinə təqdim olunub.

Bir sıra özəl yayımçıların efirində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri mütəmadi olaraq pozulub. Bu hallar daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edilib.

Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.

Belə ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur. Məsələn, Space TV-də 17 sentyabr 2018-ci il tarixdə saat 16.37-də yayımlanmış “Gəl, dərdini danış” verilişində ərin arvadını başqa kişi ilə yataqda tutarkən çəkdiyi videosu efirə verilib. Verilişin 23 oktyabr 2018-ci il tarixli buraxılışında isə ər arvadını ona xəyanətdə ittiham edir və hətta uşaqlarından birinin onun olmadığını, başqa kişidən dünyaya gəldiyini bildirir.

ARB-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” adlı verilişdə də mütəmadi olaraq ailə-məişət müstəvisində Azərbaycan xalqı və ailəsi üçün uyğun olmayan, qeyri-ənənəvi ailədaxili problemlər xarakterik ictimai problem kimi qabardılır, müzakirəyə çıxarılır. Məsələn, verilişin 22 oktyabr 2018-ci il buraxılışında ən pis ailə nümunələrindən biri –  övladlarını atıb başqası ilə ailə quran qadın və ondan aliment tələb edən ərin “hekayəsi” müzakirəyə çıxarılıb. Verilişdən aydın olur ki, məhkəmə artıq bu problemlə bağlı yekun qərar verib və məsələ hüquqi müstəvidə həllini tapıb. Belə olduğu halda problemin verilişdə müzakirəyə çıxarılması əlbəttə ki, ucuz sensasiya və şou naminə edilir. Qeyd edək ki, bu cür hallara sözügedən verilişdə mütəmadi olaraq rast gəlinib.

İl ərzində milli-mənəvi dəyərlərlə bağlı ən mühüm pozuntu faktlarından biri ATV-də yayımlanmış “10-dan sonra” verilişi olub. Verilişin 09.07.2018-ci il tarixli buraxılışında qonaq qismində dəvət olunmuş Aşıq Namiq Fərhadoğlu və Aşıq Fəzail Miskinli arasında mübahisə yaranıb, mübahisə zəminində gərginlik yaşanıb və tərəflər bir-birinin ünvanına ədəbsiz ifadələr işlədib.

Baş vermiş olayla bağlı Şura tərəfindən telekanala qarşı inzibati tənbeh tədbiri (rəsmi xəbərdarlıq) tətbiq edilib.

Milli-mənəvi dəyərlərin pozulması hallarına bilavasitə aparıcıların özlərinin də rəvac verməsi halları diqqəti cəlb edib. Məsələn, ARB-də 17.10.2018-ci il tarixdə saat 16.00-17.30 arası yayımlanmış “Canım sənə desin” verilişinin aparıcısı Mehriban Xanlarovanın efirdə yol verdiyi hərəkətlər cəmiyyətdə ciddi müzakirə və tənqidlərə səbəb olub.

Lider TV-də cari ilin birinci yarısı efirdə olmuş “Evimin qonaqları” verilişində aparıcı Sərxan Kərəmoğlunun davranışları, dəvət etdiyi qadın qonaqları öpməsi, qucağına götürməsi və digər bu kimi hərəkətləri tamaşaçılarda haqlı qıcıq və narahatçılıq yaradıb.

LİDER TV-nin efirində yayımlanan “7 gün” verilişinin 25.04.2018-ci il tarixli buraxılışında isə aparıcılar efir imkanlarından sui-istifadə hallarına yol verməklə, Quba rayonu və camaatı barəsində xoşagəlməz ifadələr işlədiblər ki, bu da milli-mənəvi dəyərlərə zidd hal kimi qeydə alınıb.

Xəzər TV-nin “Hər şey daxil” verilişinin aparıcısı Tolikin davranışları, leksikonu da mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edib. Həmçinin Tolik verilişdə iştirakçıların efir etikasına zidd olan xoşagəlməz davranışlarının qarşısını almağa cəhd etmir, əksinə belə hərəkətlərə təhrik edilməsi hallarına yol verib. Məsələn, verilişin 21 avqust 2018-ci il tarixli buraxılışında müğənni Mətanət Əsədova Lider TV-nin aparıcısı və şoumen Sərxan Kərəmoğlu barədə təhqiramiz ifadələr işlədib: “Ayə, kişi adını korlama. Kişi adına xələl gətirən, mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadınına ləkə gətirirəm. Gəl çıx çölə, səni aparacağam həkimə. Mən qadın kimi özümü sübut edəcəyəm, amma sən kişi kimi özüvü sübut edə bilməyəcəksən… Yerə soxum səni. Murdar..”. Lakin verilişin aparıcısı Tolik bu halın qarşısını almayıb.

İl ərzində milli-mənəvi dəyərlər prizmasından yol verilən xoşagəlməz hallardan biri də müzakirə verilişlərinə ekspert qismində, nümunəvi olmayan təsadüfi və qeyri-peşəkar insanların, xüsusilə də bayağı müğənnilərin, rəqqasələrin, ekstrasens və falçıların dəvət edilməsi olub. Belə hallara xüsusilə ilin birinci yarısında efirə getmiş verilişlərdə daha çox rast gəlinib. Məsələn, ARB-də “Sirdaş Rövşanə” verilişinin 06.06.2018-ci il tarixli buraxılışında verilişə dəvət olunan idmançı və rəqqasə bir-birinə qarşı təhqiramiz ifadələr işlədib, hətta onlar arasında əlbəyaxa dava da baş verib (saat 17.42-də).

Bundan başqa, verilişin 07.05.2018-ci il tarixli buraxılışında “ekstrasens” Bayram adlı şəxslə kulturoloq kimi tanınan Aydın Xan Əbilov arasında gərginlik, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr və jestlərdən istifadə ediblər.

Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişinin 25.06.2018 və 26.06.2018-ci il tarixli buraxılışlarında eyni səpkidə problem yaşanıb. Belə ki, verilişdə qonaq-ekspert qismində cəmiyyətdə falçı-ekstrasens kimi tanınan Bayram Nurlu ilə problemi müzakirəyə çıxarılan şəxs arasında gərginlik yaşanıb, efir mədəniyyətinə zidd xoşagəlməz hallara rast gəlinib. Belə ki, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr işlədib, qeyri-etik söz və ifadələrdən istifadə edilib.

Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında da rast gəlinib. Məsələn, LİDER telekanalında 11.04.2018-ci il tarixdə saat 18.13-də yayımlanmış “Kişi ürəyi” adlı dərman vasitəsinin reklamında deyilir:

Diktor: Sizə sağlamlığınızla bağlı problemlərin birdəfəlik müalicəsini təqdim edirik. Bu məhsul xüsusilə 40 yaşlı kişilərin istifadəsini zəruri hesab etməklə, bir çox xəstəliklərin tam müalicəsinə imkan verir. “Prostat üçün məcun” daha çox 40 və ondan yuxarı yaşda rast gəlinən prostat vəzi xəstəliyi kişilərin ən böyük probleminə çevrilib.

Reklamın kişi personajı: “Televizorda həyat yoldaşım görüb məndən xəbərsiz sifariş etmişdi. Mənə dedi ki, bunu istifadə etməsən səndən inciyəcəyəm. Mən də istifadə etdim. İnanırsınız, təkrar əvvəlki rejim özümə qayıtdı. İkimizin də həyat tərzi gözəlləşdi. Cox xoşbəxtəm. O da sevindi. Bu, “Kişi ürəyi” bəlli bir yaşdan sonra insanın öz enerjisini insanın ozünə qaytarırmış”.

Xəzər TV-də mütəmadi olaraq yayımlanmış “Spermagen” adlı dərman vasitəsinin reklamı da milli-mənəvi dəyərlərə zidd olub. Məsələn, 03.04.2018-ci il tarixdə saat 19.04-də efirə getmiş həmin reklamın mətnində deyilir:

“Cinsi zəiflik, cinsi aktın tez başa çatması sonsuzluğa, boşanmalara, stressə səbəb olur. Təbii tərkibli spermagen cinsi zəifliyi qısa zamanda həll edir, cinsi performansı hər yaşda maksimuma yüksəldir”.

İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır.

Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxarıb onların vasitəsilə reytinq əldə edilməsinə çalışılıb. Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan “El sizin, sirr bizim” verilişində baş verib. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.

İl ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Belə ki, müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, daha çox ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

Monitorinqlər göstərib ki, milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır. Xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan şəkildə təqdim edilir. Bu cür seriallara misal kimi Xəzər TV-də “Xalxın evi”, “AY yay, yay”, ATV-də “Qız atası”, “Bacanaqlar” və s. göstərmək olar.