Zeynalabdin  Tağıyevin evi belə “qorunur”

Məlum olduğu kimi, yanvar ayının  25-də milyonçu, xeyriyyəçi  Zeynalabdin  Tağıyevin doğum günü idi. 

Bu münasibətlə Minval.info saytının əməkdaşı Tağıyevin Mərdəkandakı  bağ evinə baş çəkib.

Tağıyevin Mərdəkandakı bağ evi 1893-1895-ci illərdə mühəndis Yuzef Qoslavski tərəfindən inşa edilib.

1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib və ömrünün son illərini bu evdə keçirib. 1924-cü il sentyabrın 1-də həmin evdə vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra Böyük Vətən Müharibəsi illərində həmin həyətdə təxliyə hospitalı yerləşib.

Hospital 3 il bundan qabaq  9 nömrəli xüsusiləşdirilmiş  ağciyər xəstəxanasına çevrilib.  Burada ən ağır ağ ciyər xəstəliklərinə tutulmuş xəstələr müalicə olunurlar. Hazırda isə Tağıyevin evində Laçın rayonu  ərazisindən qaçqın düşmüş 8 ailə yaşayır. Onlar artıq 20 ildir ki, burada məskən salıblar.

Ərazidə yaşayan sakinlər bildirilər ki, ev tezliklə əsaslı şəkildə təmir olunmasa, tamamilə dağıla bilər. Binaya nəzarət edən gözətçi Rövşən Alışanov bildirir ki,  dəfələrlə Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr bu əraziyə baş çəkiblər.  Bildiriblər ki, yaxın zamanlarda burada yaşayan qaçqın ailələr evlə təmin olunacaq, bina isə Tağıyevin  bağ evi muzeyinə çevriləcək.

Rövşən Alışanov onu da vurğuladı ki, ərazi yaşamaq  üçün çox təhlükəlidir, xüsusilə də azyaşlı uşaqlar üçün böyük riskdir:

“5-6 yaşında nəvələrimiz var. Onlar hər gün gəlib buradan keçir. Ərazidə həm də ağır ağ ciyər xəstələri gəzişir. Nəvələrimizi hər gün qorxa-qorxa aparırıq, gətiririk. Elə özümüz də qorxa-qorxa yaşayırıq. Ən ölümcül,  ölüm döşəyində olan vərəm xəstələrini buraya gətirirlər.

20 ildir ki, bir təhər burada yaşayırıq. Hər dəfə də deyirlər, sizi evlə təmin edəcəyik, gözləyirik. Gəlirlər, gedirlər, hələ ki, səs-səmir yoxdur. Təzəlikcə də Mədəniyyət Nazirliyindən nümayəndələr  gəlmişdilər. Baxdılar, dedilər ki, fevralda qaçqınlar buradan köçməlidirlər, ev də təmir olunmalıdır”.

Ərazidə yaşayan digər bir sakin Mətanət  Kərimova da hazırkı vəziyyətdən şikayətçidir. O bildirir ki, 1997-ci ildən burada məskunlaşıblar: “Mən özüm bu gördüyünüz xəstəxananın camaşırxanasında işləyirəm. Yaşayış çox çətindir. Evdə balaca uşaqlar var, qorxuruq.  Nə qədər də ora-bura yazırıq, səsimizə səs verən yoxdur. Elə cavab gəlir ki, baxacağıq, hələ ki bir səs  yoxdur. Nəvələrim var. Biri 3-cü sinifdə, biri 6-cı sinifdə oxuyur.  Hər gün  gözümüz xəbərlərdədir ki, bəlkə bura ilə bağlı bir xəbər verərlər. Allah Tağıyevin yerini cənnət eləsin. Daha 1997-ci ildən yaşayırıq burada. Nə vaxta qədər yaşayacağıq?”

Nədənsə öz tariximizə biganə yanaşırıq. Rəsmi orqanlar illər öncə bu binanı qorumalı, muzeyə çevirməli idilər. Burada Tağıyev haqqında məlumat, fotolar olmalı, müxtəlif dillərdə informasiyalar yerləşdirilməli idi. Təbliğat aparmaq, turistlər cəlb etmək olardı. Hələ də gec deyil…

Qeyd edək ki, Nazirlər Kabinetinin 2001-ci ildə verdiyi 132 saylı qərara uyğun olaraq, Tağıyevin köşkü Azərbaycanın qorunmaqda olan tarixi-memarlıq abidələri reyestrinə daxil edilib. Əlavə olaraq isə binanın Bakı Səhiyyə İdarəsinin nəzdində olduğu bildirilib. Necə qorunduğu isə göz önündədir.

Leyla Əfqan

Fotolar: Elgün Əli