Bir daha biabırçı hesabla məğlub olduq. Kimə? 18 il əvvəl Vadimin,Zaurun, Qurbanın qapıya sürdüyü Slovaklara. 1:5 hesabı ilə məğlub olmaq olar. Amma mübarizə apararaq… 8-ci dəqiqə də rəqibin 22 nömrəli futbolçusu Stanislav Lobotka uzaqdan boş qapıya zərbə vurmuş kimi, vurdu və dəhşətli gecənin siftəsini etdi. Millimiz öyrəncəli formada topu yenə mərkəzdən oyuna daxil etdi. Bir az əhval korlanmışdı. 2-ci qol, boyu 192 sm olan Səlahətə elə hündürdən vuruldu. Artıq rəqib Salahətə topu hündürdən vururdu, ona görə ki, zəif yer hesab etmişdilər. Düzünü desək, Slovaklar can yandırmadı, haradan vururdular, top birbaşa qapıya daxil olurdu. Oyunun ən yaxşısı olan Şeydayev hesabı 1:2 etdi. Qoldan 2 dəqiqə keçməmiş rəqib cavabımızı verdi. Nə isə… Danışdıqca əsəbləşirəm. Görünən dağa nə bələdçi?

Macarıstanla oyundan əvvəlki yazıda demişdim ki, milli komanda oyuna bayraqla çıxır, himn oxuyur. Bu amillərə görə qələbə, yaxud da ən azından layiqli oyun göstərmək lazımdır. Macarıstanla qarşılaşma 1:3 bitdisə, növbəti oyun – dünən 1:5 yekunlaşdı. İlk oyun Xorvatiya ilə idi 2:1. Üç oyuna 3 qol vurub, rəqibə 10 qol ərmağan etmişik. Qollardan ikisi Şeydayevin payıdır. 2-ci hissədə oyunçuları qaçan yox, gəzən görürdüm, bir də Səlahətə ötürmə edən zaman.

1:4 məğlub olan zaman adam da qapıçı ilə oynayar? Niyə qollardan heç olmaya, birinin əvəzini çıxmayaq? Vaxt öldürəndə olmaya “əhsən” deyirlər? Milli komanda bu dəfə də azərkeşlərə hörmət qoymadı. Yenə peşman edib, yola saldı. Sanki demək istədikləri budur “Siz buna layiqsiniz!” Başqa nə ad qoyaq? 2-ci qoldan sonra AFFA rəhbərliyinə istefa şüarları səslənməyə başladı. Azerkeşlər çıxış yolunu bunda görürlərsə, məncə, bu deyil.

1999-cu ildə olan şəraitlə indikinin arasında yerlə göy qədər fərq var. Rövnəq Abdullayev infrastruktur sözünü boş yerə işlətmir. Həqiqətən futbolçularımızda nə çatmır? Slovakiyadan 20 dəfə artıq şəraitimiz var. Stadiondan tutmuş, formaralara qədər hamısı keyfiyyətlidir. Maddi cəhətdən də pis deyil. Çatışmayan oyun və oyunçudur. Məşqçi ilə işim yoxdur.

Ay camaat, 27 illik futbol tariximizdə 22 baş məşqçi olub. Heç rəhbərlik də az olmuyub. İndi deyin 22 baş məşqçi pis ola bilər? Bir neçə rəhbər pis ola bilər? İnanmıram. Burada sirli məqam var, onu bilmirəm, bəlkə də bilmirik. Amma mən birini dünən tapdım.

Sirli məqam…

70-ci dəqiqələr olardı, milli komandamız böyük qüvvə ilə hücuma atıldı. Düz rəqib qapısı ağzında 5 dəqiqəyə qədər futbolçularımız super ötürmələr ilə rəqibi çaş-baş qoydular. Slovakiya milli komandası təşviş içərisində “ay, bu dəqiqə qol olar, bu saat qol olar” kimi şokda idilər. Bizim futbolçuların üzərinə düşən o idi ki, normal zərbə vursunlar qol olsun. Amma nə etdilər? Topu məntiqsiz olaraq rəqibin ayağına verdilər. Başa düşürsünüz, qapıya zərbə vurmadan. Axı nə düşündülər? Rəqib topu aldı, əks-hücum etdi, sonrada qol vurdu. Beləcə, gəzə-gəzə 90 dəqiqəni yola verirlər.

Oyundan sonra İcraiyyə Komitəsinin təcili iclası baş tutdu. Elə Bakcell Arenada. Bu iclas nəyə lazımdır? Nəyi dəyişəcək ? Ünvansız ötürmələri ünvana çatdıra biləcək? Vurulmayan zərbəni vuracaq? Qaçmayan futbolçuları qaçıra biləcək? Taktikanı təkmilləşdirə biləcək? Azarkeşlərin əsəb gərginliyini aradan qaldıracaq ?

Hesabat istənilib Yurçeviçdən. Verəcək, verəcək. O birilər kimi. Əslində, Nikola dünən ilk hesabatını verdi. Qurban Qurbanova söz atmaqla. Ola bilsin ki, o mənayla demədi. Amma dedi, bəlkə də betərini dedi. Özü də elə danışır ki, elə bil gələndə bilmirdi ki, 108-ci pillədə olan komandaya gəlir. Həmişə də deyir, uda da, uduza da bilərik. Cənab Nikola, bu deyimlə 0 xal qazanıb, fiaskoya aparırsan əziz xələflərini.

Axırıncı dəfə doğma divarlar arasında millimiz 2 il əvvəl 1:4 hesabı ilə Almanlara məğlub olmuşdu. Fəxr ediləsi komandaya məğlub olmuşdu. 1:5 yox! Prosineçkinin qədrini indi bilməyə başladım. Onun sayəsində İrlandiya ilə oyunda milli komandamızı da 90 dəqiqə topla oynayan gördüm.

Yadıma düşdü, Nikola demişdi, məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Sentyabrda Uelslə oyundur. Onlara ən az, 2:0 qalib gəlməyi düşünür Nikola.


Ağa Dadaşzadə / Minval.info