“Acıtdı məni acı sözün, tünd nigahın, Ey nəxli-məlahət, nə bəla təlx bərin var!”

(Füzuli pensiya idarəsindən çıxanda yazmışdır)

Özümüzü yaxşı aparsaq doğrudan da hökumət hovuza su buraxırmış. Misal üçün, 2018-ci ilin girişində ən önəmli qərarlardan biri sizcə nə oldu? Mən yazım, bilməyənlər də bilsin: artıq maşında danışmağa bizə icazə verilmişdir! Fantastikadır. İnsan hüquqları, multikulturizm, tolerantlıq, canım sənə desin, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində irəliyə atılmış böyük addımdır. Ermənistanda heç maşından düşüb də danışa bilmirlər. Ölkə boşalıbdır. Maşınlar da boşdur. Keçən həftə AzTV İrəvanda o məşhur RAF-ı göstərdi, içi bomboş idi.

Bu mühüm qərar haqda bir az geniş yazmalıyıq. AYB-nin mərifəti olsa şairlər sədrə yaltaqlanmaq yerinə bu temada poemalar quraşdırmalıdır. Manıslar mahnı bəstələməli, rəssamlar maşında danışan azərbaycanlı adam portretləri, danışa bilməyən erməni natürmortu çəkməlidir.

Yəqin bu mərəkənin kökləri yadınıza gələr. Keçən il bu temada ilk qafiyəni yanılmıramsa paytaxt polisindən Vaqif müəllim açmışdı, demişdi, kim maşın sürəndə danışsa onu cərimə edəcəyik. Yanında oturan qəşəng qız… üzr istəyirəm, indicə köşənin içindən dilənçi keçdi… Sürücünün yanında əyləşən sərnişinlər danışsa belə cərimə olacaqmış. Çünki maşında danışıq sürücünün fikrini yayındırır, yol qəzalarına səbəb olur, xoşbəxt gələcəyimizi, YAP quruculuğunun təntənəsini görməli zəhmətkeşlərin azalmasına gətirirmiş.

Burada haşiyə çıxaraq qeyd edim ki, əslində nəinki maşında danışmaq, ümumiyyətlə danışmaq çox ziyanlı hərəkətdir. Atalarımız bu temada babat irs qoyub getmişlər: “Danışmaq gümüşdürsə, susmaq qızıldır”, “Söhbət dananı qurda verər”, “El ağzı, çuval ağzı”, “Ölünün ağzını yummasan klip çəkdirər”, “Əəə, kiri, başını aşağı sal, siyasətə qarışma” və sairə. Ən yaxşı vətəndaş susan, eşitməyən, görməyən, hiss eləməyən, ancaq bu şəraitdə ləzzət almağı bacaran vətəndaşa deyilir – bizim konstitusiyada yazılıbdır. Qayıdaq danışmaq qanununa.

Uzun sözün qısası, Vaqif müəllim qafiyəni açan kimi möhkəm deyişmə başlandı. Bir vətəndaş bunun demokratiyaya zidd olduğundan qırıldadı, başqası “Susma, susduqca sıra sənə gələcək!” mırıldadı, bir ayrısı “bəs bizim səsimizi kim eşitsin” deyə zırıldadı və sairə. Elə bil bütün millət maşında danışmaqdan ötrü ölürmüş. Guya biz maşında danışsaq Qarabağı geri alarıq. Kərə yağı ucuzlaşar. Üç uşaq anası intihar eləməz.

Hökumət dərhal vəziyyəti nəzarətə götürdü, dedilər danışmağına danışın, ancaq bir az yavaşdan danışın. Sonra deputatxana uyğun qanuna barmaq elədi, nəhayət budur, 2018-ci il yanvarın 1-dən təzə qanun qüvvəyə minibdir, artıq maşında danışmağın heç bir cəriməsi yoxdur! Düzdür, bu cərimənin qalxmasının dövlət büdcəsinin gəlirlər hissəsində ciddi kəsirə səbəb olması gözləniləndir, hətta ola bilər nəticədə həkimlərin maaşını 0,008567969 qəpik, müəllimlərin baza əmək haqqını isə minus 0,3398468 faiz qaldırmaq çətinləşsin, ancaq nə edə bilərik? Bizim üçün insan hüquqları hər şeydən önəmlidir!

Hələ bu harasıdır, yeni ilin ilk günlərində Vəkillər Kollegiyası üzvlüyünə 18 yeni şəxsiyyətin qəbulu proseduru da baş tutmuşdur! Keçən il bizdə məhkəmədə nümayəndəlik institutu ləğv olunanda bəzi xaricdən maliyyələşən qara qüvvələr səs salmışdı. Deyirdilər, bizdə 10 min vəkilə ehtiyac var, nümayəndələr heç olmazsa boşluğu azca doldururdu, bəs indi vətəndaş nə edəcək, hakimə, prokurora pulu kimin vasitəsiylə verəcəkdir. İlk baxışdan doğrudan çətin görünürdü. Ancaq indi yeni vəkillər işə götürülür. Əgər hər il 18 vəkil işə götürülsə 3-cü minilliyin sonlarına doğru bizdə hər bir vətəndaşın keyfiyyətli vəkil tutmaq imkanları yaranacaqdır!

Yazını elə bu nikbin notlarla bitirirəm. Ümid edirəm, yanvar tətilindən qayıdan deputatlarımız maşında asqırmaq, səkidə gəyirmək, meşədə ulamaq, küçədə anqırmaq, hamamda oxumaq qadağalarını da aradan qaldıracaqdır.