Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

APA-nın məlumatına görə, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Xalq artisti, müğənni Yalçın Rzazadə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra xəstəxanadan evə buraxılan Y. Rzazadə APA-ya bildirib ki, səhhətində ciddi problemlər var: “Mədəmdə üç böyük yara var idi. Hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib. Həkimlər əməliyyata ehtiyac olduğunu deyirlər. Sabah yenidən xəstəxanaya, müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.