Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatından sonra bölgədəki kartların yenidən dağıdılması planlarını nəzərdən keçirən ABŞ “Suriyadan çəkiləcəyik” bəyanatı verdi. Ancaq bu qərar, Yaxın Şərqdən tam çəkilmək anlamına gəlmir. ABŞ yeni dövrdə Rusiyanı boğmaq və İrana qarşı bir xətt yaratmaq üçün mübarizə aparacaq.

Minval.info saytı publika.az-a istinadən xəbər verir ki, bu fikirlərlə Türkiyənin “Sabah” qəzetinin yazarı Fahreddin Altun çıxış edib.

Onun sözlərinə görə, “Zeytun budağı” əməliyyatının yalnız Türkiyənin terrorla mübarizəsinə müsbət təsir göstərəcəyi deyil, həmçinin Suriyada güc balansını yeni quracağı əməliyyatın lap əvvəlindən məlum idi. Yazar qeyd edir ki, Türkiyənin Afrindəki qələbəsindən sonra Suriyada olan bütün oyunçular öz mövqelərini yenidən nəzərdən keçirməyə başlayıblar.

“Təbii ki, prosesin ən diqqətçəkən oyunçularından biri Birləşmiş Ştatlardır. ABŞ prezidenti Donald Tramp Suriyadan çəkiləcəklərini açıqladı. Tramp Vaşinqtonda ciddi müqavimətlə qarşılanmasına və mühasirəyə alınmasına baxmayaraq, seçki kampaniyasında verdiyi sözləri bir-bir yerinə yetirir. ABŞ-ın Suriyadan çəkilməsi də Trampın prezident kürsüsünə oturmadan əvvəl açıqladığı xarici siyasət xəttinə uyğun addımdır”, – yazar qeyd edib.

Müəllif qeyd edir ki, Tramp Suriya ilə bağlı qərarın arxasında İŞİD-lə mübarizənin başa çatmaqda olmasını göstərsə də, əsl səbəb Türkiyənin uğurlarıdır. Onun sözlərinə görə, Türkiyə artıq YPG ilə əməkdaşlığın ona baha başa gələcəyini ABŞ-a göstərmiş oldu.

Fahreddin Altun bildirir ki, ABŞ Suriya məsələsində Rusiya ilə mübarizənin anlamsız olduğunu başa düşüb və mübarizəni yeni bir meydana daşımağa çalışacaq:

“Amma bu, Yaxın Şərqdən çəkilməsi anlamına gəlmir. Birləşmiş Ştatlar 1945-ci ildən sonra Yaxın Şərqdə Böyük Britaniyanın hegemon mövqeyini ələ keçirdikdən sonra uzun müddət hərbi işğal üsullarını tətbiq etmədi. ABŞ hərbi bazalar tikdi, iqtisadi asılılıq mexanizmləri qurdu və sözündən çıxmayan liderləri yetişdirdi. Tramp bu üsulu yenidən tətbiq etmək istəyir”.

Yazar hesab edir ki, ABŞ Suriyadakı boşluğun Fransa tərəfindən doldurulmasını istəyir və Trampın Fransa prezidenti Emmanuel Makrona “Türkiyə ilə çalışın” mesajı bunu göstərir.

“Makron mesajı almış kimi görünür. Onun “Türkiyə ilə SDG (yəni, PKK) arasında vasitəçi ola bilərik” bəyanatı da bunu göstərir. Bunun mənası odur ki, Fransa Türkiyənin terrorla mübarizəsinə dəstək olmaq əvəzinə, Suriyada PKK/YPG-nın yeni himayəçisi olaraq prosesə daxil olacaq. Amma Türkiyə buna icazə verməyəcək. Prezident Rəcəb Tayyib Ərdoğan də dünən Fransaya açıq şəkildə cavab verdi: “Biz terrorçulara ad qoymaqla deyil, onlar məhv etməklə məşğuluq”. Bundan başqa deyiləcək bir söz varmı?” – müəllif yekunlaşdırıb.