NASA mütəxəssisləri Mars planetində hərəkət edən “Curiosity” aparatının göndərdiyi məlumatları tədqiq ediblər və planetin atmosferində əhəmiyyətli miqdarda metan qazı aşkarlanıb.

Bizimyol.info xəbər veir ki, bu barədə məlumatı ABŞ-ın “The New York Times” qəzeti yayıb. Məlumatda bildirilir ki, metan qazının tapılması Marsda canlı orqanizmlərin mövcudluğu ehtimalını təsdiqləyir.

NASA planetdəki aparatdan əlavə məlumatlar sorğulayıblar və öz müşahidələrini təsdiqləmək üçün yeni təcrübələr həyata keçirməyə hazırlaşırlar. Qarşıdakı günlərdə, daha dəqiq desək, sabah – iyunun 24-də yeni faktların açıqlanacağı gözlənilir.

Mars planeti
“Mars” planeti

Tədqiqatçılar bildiriblər ki, metan qazı yaxın vaxtlarda formalaşıb, çünki Günəş şüaları qazı sürətlə parçalayır. Amma başqa ehtimala görə, metan qazı planetin daxilində milyon illər ərzində qala və bu günlərdə üzə çıxa bilər.

Metan qazının əlamətləri 2013-cü ildə də əldə olunmuşdi, amma bu dəfə qazın miqdarı 3 qat çoxdur. Yer planetində metan qazı, adətən, canlı orqanizmlərdən yaranır. Bu üzdən ehtimal olunur ki, Marsda da metan qazını törədən canlı orqanizmlər var.

Həmçinin mart ayında NASA-nın aparatı Marsda azot birləşmələri aşkarlamışdı. Bu birləşmələr canlı orqanizmlərin sağ qalması üçün vacibdir.

Qeyd edək ki, metan qazı həmçinin məişətimizdə yanacaq olaraq istifadə olunur.