Bu gün Azərbaycan manatının 26 yaşı tamam olur.

Minval.info xəbər verir ki, ilk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə olub.

Daha sonra Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Hazırda dövriyyədə olan sikkələr 1, 3, 5, 10, 20, 50 qəpiklər, əskinaslar isə 1, 5, 10, 20, 50, 100, 200 manatdır.

 

Minval.info