Hər il insanlar yay tətili üçün öncədən planlar qurur, uyğun məkanlar axtarır, tətilinin daha səmərəli və münasib qiymətə olmasına çalışır. Azərbaycanlılar isə ucuz olsun deyə əsasən Gürcüstana üz tutur. Mən də 3 il öncə olduğu kimi Kobuleti şəhərinə getməyə qərar verdim. Amma hər şey gözlədiyim kimi olmadı.

İlk olaraq onu qeyd edim ki, hazırda Bakıdan birbaşa Kobuletiyə gedən turlar var. Mən isə tur paketlərə daxil edilən otellərin daha aşağı səviyyəli olduğunu nəzərə alıb, sadəcə şirkətin transfer xidmətindən istifadə etdim. Bu isə mənə gediş-dönüş üçün 48 manata başa gəldi. Avtovağzaldan Tiflisə, Tiflisdən isə Kobuletiyə getmək həm vaxt, həm də pul itkisidir.

Axşam saat 21:00-da 28 Mall-un qarşısında 17 saatlıq yolçuluğa start verdik. Yol boyu ilk dayanacağımız Kürdəmirdə yerləşən, avtobus sürücülərinin “sevimli” dayanacağı olan kafe oldu. Neçə il öncə burada salfetkaya yapışmış şokoladla çay təklif etdikləri üçün sözügedən məkanda yemək yeməməyə qərar verdik,. Çünki xidmət sıfır səviyyəsindədir. Uşaq üçün isti su götürməyə kafenin mətbəxinə keçdiyim zaman gördüklərim məni daha da dəhşətə gətirdi. Taxtabiti və bir çox həşəratları burada görmək mümkün idi.

Yol boyu bir neçə dayanacaqda dayana-dayana nəhayət “Sınıq körpü”yə çatdıq. Gecə saatları olsa da, burada növbə az deyildi. Həmişəki kimi alverçi xalalar növbə sırasını pozur, böyük çantalarını insanlara vura-vura qarşıya hamıdan tez keçməyə çalışırdı. Gürcüstan sərhədində isə yoxlanış daha qısa çəkdi və biz avtobusumuza minərək yolumuza davam etdik.

Nəhayət, 17 saatlıq yol bitdi və bizi ev axtarmaq macərası qarşıladı. Əvvəlcədən booking.com saytından uyğun qiymətə ev bron etsək də, şəkillərdən fərqli mənzərə ilə qarşılaşdıq. Bu isə bizi yenidən ev axtarmağa məcbur etdi. Artıq böyük turistlik bölgəyə çevrilən Kobuletidə ev qiymətləri çox bahalaşıb. 3 il öncə 340 lariyə 8 gün qaldığımız otel, bu dəfə gününü 70 dollara təklif etdi. Dənizə baxan balkonlu otaq 70, kənar otaqlar 30 dollara.

“İyul və avqust ayında turistlər daha çox gəlir. əsasən isə avqustda turistlərin sevimli məkanı Kobuleti olur. Ona görə də iyulun sonlarından başlayaraq qiymətlər qalxır. Bu qiymətlərə yemək daxil deyil. İmkanlı ruslar və ermənilərin avqustda gəlməsi, gürcülərin də bu ayda tətil etməsi qiymətləri qaldırır. Ucuz axtaran iyun, iyul, sentyabrda getsin”-, deyə otel sahibəsi qeyd edir.

Sayımızın çox olduğunu nəzərə alıb, daha münasib qiymətə olan ev axtarmaq qərarına gəldik. Əvvəllər 200 manata 5 gün dincəlmək olurdu, indi ən yaxşı halda 2 gün. Çünki artıq nə manat o manatdır, nə də lari… Artıq 100 manat 141 lari edir. Bir evin, otağın da qiyməti 50 laridən başlayır. Burada otaqlar 2, 3, 4, 5 nəfərlik olur. Tam ərəblər üçündür. Ərəb demişkən, burada ərəb görmək çox çətindir. Donuz əti onları ərazidən uzaqlaşdırır…

Nəhayət, 8 günə 420 dollar ödəyib, 2 yataq, 1 qonaq otaqlı, dənizə 50 metr məsafədə ev tapdıq. Daha sonra öyrəndik ki, qaldığımız evin yanında yerləşən otel əməkdar artistimiz Mananaya məxsusdur.

Restoran qiymətlərinə gəldikdə isə qiymətlər öncəki illərə nisbətən baha olsa da, yenə də münasibdir: qızıl balıq qızartması 9 lari, kartof qızartması 3, adjaxuri 9, tikə kabab 9, lülə kabab 7 lari və s. Burada mal ətindən hazırlanan yeməyə çox nadir hallarda rast gəlmək olur. Əsasən, yeməklərdə donuz əti istifadə edilir.

İstər Kobuleti, istərsə də, Batumidə dəniz qırağında dəbdəbəli restoranda əyləşib, 2 lari qiyməti olan 1 fincan çay və ya 1 top dondurma yeyə bilərsiniz. Bakı bulvarında bu mümkün deyil. Burada ən aşağı səviyyəli kafe-restoranlar belə sizə çayı yanında heç nə olmadan verməyəcək.

Hava şəraitinə gəldikdə isə Kobuletiyə üz tutmamış, hava proqnozuna yaxşı-yaxşı baxın. Çünki həftənin əksər günləri yağışlı və küləkli keçir.

Əgər siz isti qumu sevirsinizsə, Kobuletidən 20 dəqiqəlik uzaqlıqda yerləşən Urekiyə üz tuta bilərsiniz. Çünki Batumidən, Kobuletindən fərqli olaraq müalicəvi qumu var, dənizin dibi daşlı deyil və ayaq əzilmir. Buraya axının əsas səbəbi budur. Qumu revmatizmə faydalıdır. 10-15 gün isti qumda ayaqların qalması tam sağaldır.

Əhalisi əsasən müsəlmanlardan ibarətdir. Bazarda Azərbaycan dilində danışan satıcılara da çox rast gəlmək olur. Bizim də Azərbaycandan gəldiyimizi biləndə sevindilər, bizim dildə azca danışdılar, hətta, hədiyyə də verdilər.

Kobuletidə internetsiz və telefonsuz qalmamaq üçün asanlıqla nömrə sahibi ola bilərsiniz. 5 lariyə nömrə alırsınız və bunun üçün heç bir sənəd tələb olunmur, sürətli, sərfəli internet paket təklif edir.

Bundan əlavə, Kobuletidən 15 dəqiqəlik məsafədə Luna park yerləşir. Hər yaşa uyğun attraksionların yerləşdiyi məkanda qiymətlər 2 laridən başlayır. əgər, boulinq oynamaq istəsəniz, yarım saat üçün 50 lari ödəməli olacaqsınız.

Musavat.com