Deyirəm, bu ölkədə hər şeyi lağ-lağaya qoymaq, ələ salmaq adət halını alıb da. Ağzını açıb söz deməyə, status yazmağa peşmansan. Bir də gördün, töküldülər üstünə “ə, sən nə danışırsan?”, “gijdəmə” və s. kimi sözlərlə hücuma keçdilər.

Ümumiyyətlə, burada ən yaxşı işinə belə mız qoyan tapılacaq. Elə şey olar? Birdən nə vaxtsa adən-ənənəni pozan olsa, bilin ki, nə isə düz getmir, ya da dünyanın axırı yaxınlaşıb. İndi elə söhbət edəcəm ki, məni də lağ-lağaya qoymasalar yaxşıdır…

O günləri rəhmətlik Anar Nağılbazın videosu çıxdı. Hamı özünü öldürdü ki, videonu tapıb baxsın. O gün deyəndə müsəlmanın “o günü”nü nəzərdə tuturam ey. Hə, ələk-vələk edib, tapıb baxdılar. Bəəə, ondan sonra Anarın qara günləri başladı. Kişi el içinə çıxa bilmədi, yarasaya çevirdilər. Ancaq gecələri çölə-bacaya çıxardı. Bunun video söhbəti də o qədər uzandı ki, rəhmətlik spirtli içkinin düşkünü oldu. Verilişə də sərxoş vəziyyətdə çıxırdı. Nəysə, deyilənə görə, o qədər içdi ki, axırı son mənzilə köçdü.

Aha, bütün günü onu lağ-lağaya qoyanlar yasa büründü. Başladılar ki, bəs, “Anarı biz öldürdük!”. A-dan Z-yə əksəriyyət deyirdi ki, “bunu biz etdik”, “günah bizdədir”. Düzdür, deyilənlərlə razılaşmayanlar da vardı. Amma nəticə etibarilə rəhmətliyi sən demə, biz öldürdük. Allah rəhmət eləsin, sözüm ondadır ki, adamı el-aləmdə biabır etdilər, hər yerdə “tema” oldu, öləndən sonra ələ salanlar peşmançılıq hissinə qapıldı. Bu, nə düşüncədir? Anlamadım, getdi.

İndi gələk şou-biznesimizin Manaf Ağayevinə. Keçiblər onu lağ-lağaya salmağa. Gecə-gündüz “tema” olub Manaf Ağayev. “Manıs” deyirsiniz, anladıq, amma “Qaçqınkom”un binasından özünü atmaq istəyənə kömək etdi. Bilirəm ki, bununla da məzələndilər. Həmkarı Mətanətin videosunu yayanı tapdı, söhbəti bağladı, onda da fürsət tapıb düşdülər Manafın üstünə. “Şahmatist” Şəhriyar Məmmədyarova pul yardımı edəcəyini dedi, yenə camaatın dilində “tema” oldu. Bir Manaf Ağayev var, sağdan da döşəyirlər, soldan da. Neyləsin? Əlbəttə, digərləri kimi başını salsın aşağı işi ilə məşğul olsun. “Ə, nə vejimə?” prinsipini rəhbər tutaraq dinməz-söyləməz toylarda mahnısını oxusun. Onsuz da göz önündə olana “bəd nəzər” dəyir… Başqa bəd-nəzəri deyirəm ha…

Hə, bu gün görürəm ki, Manafdan açıqlama almaq istəyiblər, telefona oğlu cavab verib. Atasının istirahət etdiyini, jurnalistlərə cavab verməyəcəyini söyləyib. Məncə, tam doğru qərar verib. Nəyinə lazımdır ki? Adam nə söz deyir, “tema” olur. Elə başı dinc həyatını yaşasa məsləhətdi.

İşim-gücüm qurtarmayıb e, oturub şou-biznesdən yazıram. Bizim ölkənin insanlarından danışmaq istədim. Təkcə Manaf Ağayevə münasibət belə deyil ki… Hər mövzuda yanaşmamız oxşardır. Başınızı ağrıtdımsa, üzrlü sayın.  “Uşaqlığın son gecəsində”ki kimi söhbət sosiskadan yox, vnimatelni (diqqətli) olmaqdan gedir. (Buraya “diqqətli ol, hörmətli ol” da yazmaq olardı.)

Bir də baxın ha, Allah eləməmiş sabah Manaf müəllim ölsə, “onu biz öldürdük!” deyib başımızı ağrıtmayın. Yadıma Əfruzə müəllimənin “hücum eliyəssən mənnən” qışqırması düşdü, bilmirəm niyə…?!

P.S: Məqalədə “bahalı” cümlələr də yer ala bilərdi. Amma onsuz da lağ-lağaya qoyan tapılacaq. Üstəlik, başa düşməyən də olacaq. Ona görə belə yazılmağı məsləhətdir.

Samir Mirzə